44 günlük Vətən müharibəsinin başa çatması ilə öz “silah-sursatını” yığıb ermənipərəst Osmanqızının Azərbaycana qarşı olan qüvvələrin pulları ilə açdığı internet televiziyasına köçmüş Əli Kərimli yenidən “tozanaqlamağa” niyyətlənib. “Sehrli xalat” filminin xanı demişkən, “gopçular müsabiqəsinin lideri” statusunu əlində möhkəm saxlamaq üçün gözünü yumub, ağlına və ya ağzına gələn yalanları püskürməklə məşğul olan AXCP sədri başını torpağa soxmuş dəvəquşu misalı gizləndiyini, daha doğrusu qarşısındakıları aldatdığını sanır. Amma anlamır ki, danışdıqca batır, yalanlarının içində əriyir, yox olur.
Əli Kərimli 1990-cı illərin AXC-sini “göylərə qaldırmaq” xatirinə hər şeyi gözə alıb. Məsələn, yalançısı özü olsun, deyir ki, 90-cı illərin əvvəlində, hətta Ayaz Mütəllibov hakimiyyəti dövründə bütün özünümüdafiə batalyonları “cəbhəçi”lərdən təşkil edilmişdi və bu batalyonlara da məhz “cəbhəçi”lər rəhbərlik edirdi. Utanmadan iddia edir ki, 1989-cü ildə Laçını müdafiə etmək üçün guya oraya ilk könüllüləri aparıb.
Adamın yalan danışdığı bariz şəkildə ortadadır. Birinci Qarabağ müharibəsində, daha doğrusu 1990-1993-cü ilin birinci yarısında nizami ordusu olmayan Azərbaycanda erməni ilə sinə-sinəyə dayanan, canı bahasına kəndini, qəsəbəsini qoruyan oğulların ruhundan belə utanmır.
Əli Kərimli xatırlayırsa, həmin vaxt “cəbhəçi liderlər” adlandırdıqları siyasətbazların hərəsinin bir quldur dəstəsi var idi. Bu dəstələr özünə “bəh-bəhli” adlar qoyaraq torpağı qoruyanlara maneə olmaqları bir tərəfə, döyüşün qızğın vaxtında ölkəni talamaqla da məşğul idilər ki, bu da yaddaşlardan silinməyib.
Əli Kərimli onu da iddia edir ki, guya Şuşanın və Laçının işğal olunmasında onların günahı yoxdur. Əgər yaddaş pozğunluğu yaşamırsa, qırışmış yaddaşını qurdalamalı və ya sosial şəbəkələrdə olan videofraqmentlərə nəzər salmalı olacaq. Bakı küçələrini poliqona, döyüş meydanına çevirən, Qarabağda erməniyə tuşlanmalı olan silahları, texnikaları, tankları paytaxt küçələrinə daşıyan, hakimiyyət savaşı üçün cəbhədə əli silah tutanların əksəriyyətini ya aldadaraq, ya da elə silah gücünə Bakıya gətirən kimlər idi? Və ya parlament kürsüsündə “inqilab müjdəsi” verən, hakimiyyətin açıq şəkildə qəsb edildiyini və xalq cəbhəsinin əlinə keçdiyini elan edən cəbhəçilərin başqa bir dəstəbaşısı demirdimi ki, AXC-nin müdafiə etmədiyi şəxs rəhbər ola bilməz? Bu xalqın iradəsini heçə saymaq və qəsbkarlıq deyildimi? Ən əsası isə, silahları, texnikaları Bakıya gətirib mülki geyimli insanlara paylayan, binaların girişlərinə əli silahlı şəxslər qoyaraq xalqa qarşı təhdid, cəbhədə isə ermənilərin ən strateji regionlarımızı bir nəfəsə ələ keçirməsinə şərait yaradan (Əli Kərimli sosial şəbəkələrə baxıb videolardakı bu məqamları görə bilər) AXC başbilənləri deyildimi? Hakimiyyəti qəsb edən kimi AXC-nin öndə gedənləri özünü “Bağdadın kor xəlifəsi” sanaraq ölkəni talan etmədimi? Ləl-cəvahirat adı altında yaradılan Fondun vəsaitləri birdən-birə yoxa çıxmadımı? Nəhayət, hakimiyyət bahasına bu xalqın ürəyinə 27 ilə sağalmayan bir yara vurmadılarmı? İndi hansı üzlə AXC hakimiyyətini və ya AXC-nin hakimiyyətə gəlişini təftiş edib tərifləməyə qalxır?
Və cəmisi bir ildən sonra... Hərə şələ-şüləsini, daha doğrusu vəzifəsini soyuducu buzluğunda dondurmağa başlamadımı? Xalqı və dövləti düşmənlə üz-üzə qoyaraq fərarilik edib qaçmadınızmı? Əli Kərimli 1993-cü ilin iyununda parlamentdəki çığır-bağırı unudubmu? Elə “cəbhəçi” deputatların, siyasətçilərin AXC-”Müsavat” hakimiyyətinin ünvanına dedikləri hər kəsin yaddaşındadır. Bunu yalana sarımaq üçün Osmanqızının erməni televiziyasına çıxmağına belə dəyməzdi...
Bir məqama da toxunmaq yerinə düşər. Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Vətən oğulları hər birimizin fəxri, qürurudur. Qazilərimizin, şəhidlərimizin kölgəsinə sığınaraq xalqa, dövlətə şər-böhtan ata biləcəyini düşünən Əli Kərimli görəsən özü-özünə sual verirmi ki, Vətən üçün hər bir azərbaycanlının müsəlləh əsgərə çevrildiyi, oğullarımızın toplanış məntəqələrində alqışlarla cəbhəyə yola salındığı dövrdə onun vaxtilə Bako Saakyanın oğlu ilə diz-dizə oturmuş balası haralarda idi? Bəyəm onun oğlunun bu Vətən qarşısında hər hansı bir borcu yoxdurmu? 2016-cı il aprel döyüşlərində belə gözə dəyməyən bala Kərimli 2020-ci ilin payızında niyə və harada gizlənmişdi? Əli Kərimli arada özünə belə sullar versə, yaxşı olardı...
P.S. Əli Kərimliyə bir xatırlatma da edək. Deyir ki, biz müharibə dövründə dinib-danışmadıq və bununla da mesaj verdik ki, hakimiyyətin, ordunun gözü arxada qalmasın. Bəli, sizin hər zaman kürəkdən xəncər sapladığınızı yaxşı etiraf edirsən. Amma o çətin günlərdə arxada gizlənib satqınlıq üçün fürsət axtarmaq lazım deyildi, Azərbaycan xalqının, Azərbaycan Ordusunun yanında yer almaq lazım idi. Vətən müharibəsində bu xalqın yanında ola bilmədinsə, heç olmasa, indi erməniyə qoşulub önümüzdə dayanma...
- Oxunub: 2640 |
- Tarix: 20-01-2021 |
-
Çap et |