Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Xocalı soyqırımı - ermənilərin beynəlxalq cinayətlərinin tərkib hissəsi kimi” mövzusunda elmi videokonfrans keçirilib. Tədbir Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunub.
DİA-dan AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəsbkar ermənilərin Azərbaycan xalqına qarşı qanlı təcavüzə əl ataraq misli görünməmiş soyqırımı törətdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, bu faciə təkcə xocalılara qarşı deyil, türk dünyasına, insanlığa, bəşəriyyətə qarşı dəhşətli cinayətdir. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Vurğulanıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında dövlət strukturları ilə yanaşı, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır.
Rektor Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun rolundan bəhs edib. Bildirilib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.
DİA-nın Politologiya və Siyasi İdarəetmə kafedrasının baş müəllimi Zaur Məmmədovun moderatorluğu ilə davam edən konfransda akademiyanın Siyasi İdarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədovun “XX əsrin sonunda Xocalı soyqırımına aparan yolun tarixi-siyasi aspektləri”, Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədovanın “Xocalı soyqırımı erməni ictimai əxlaqının siması kimi”, kafedranın professoru Havva Məmmədovanın “Xocalı soyqırımında yaşananların tarixi xronikası” mövzusunda məruzələri dinlənilib.
DİA-nın birinci prorektoru (tədris işləri üzrə) professor Əlikram Abdullayev, Hüquq kafedrasının müdiri İsaxan Vəliyev, İnzibati idarəetmə fakültəsinin dekanı Elnur Əliyev və digər çıxış edənlər vurğulayıblar ki, Xocalı soyqırımının ildönümü ilk dəfə olaraq fərqli şəkildə anılır. Çünki işğal olunmuş torpaqlarımız 30 ildən sonra azad edilib. Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin qanı yerdə qalmayıb. Ötən il sentyabrın 27-dən başlanan Vətən müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun parlaq Qələbəsi ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri işğaldan azad edilib, qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən Azərbaycana qaytarılıb. İndi artıq Qarabağda bərpa və quruculuq dövrü başlayıb.
Çıxış edənlər bu dəhşətli faciə barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatların verilməsinin vacibliyini vurğulayıblar.
- Oxunub: 2760 |
- Tarix: 25-02-2021 |
-
Çap et |