ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, qurumun üç daimi komitəsinin fevralın 25-də keçirilən birgə iclasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev XX əsrin ən dəhşətli və qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib.
Azay Quliyev bildirib ki, sabah Azərbaycan xalqı dərin hüzn və kədərlə bu faciəli hadisənin 29-cu ildönümünü anacaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas şəhərlərindən biri olan Xocalıda qanlı qırğın törədib. Bu dəhşətli soyqırımı aktı nəticəsində sırf etnik mənşəyinə görə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla ümumilikdə 613 azərbaycanlı mülki şəxs vəhşicəsinə qətlə yetirilib. Bu günə qədər 16 dövlət və ABŞ-ın 22 ştatı Ermənistanın törətdiyi bu vəhşiliyi soyqırımı aktı kimi tanıyır və bu rəqəm ilbəil artmaqdadır.
ATƏT PA-nın vitse-prezidenti toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın Baş Prokurorluğu bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün bütün lazımi sübut və dəlilləri toplayıb. Təəssüf ki, beynəlxalq dəstəyin olmaması səbəbindən həmin şəxslər cəzasız qalmaqla yanaşı, həm də yaxın keçmişə kimi Ermənistanda yüksək dövlət vəzifələrini tutublar.
Azay Quliyev ayrı-ayrı ölkələri, ATƏT-i və digər müvafiq beynəlxalq qurumları bu soyqırımı aktını pisləməyə və onu törədən cinayətkarların layiqincə cəzalandırılmasını dəstəkləyərək insanlıq və ortaq dəyərlərimiz naminə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırıb.
ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri senator Bencamin Kardinin ATƏT-in Minsk qrupunun gələcək işinin mümkün istıqamətlərinə dair sualına cavab olaraq Azay Quliyev bildirib ki, həmsədrlərin fəaliyyəti 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan sülh, sabitlik və əməkdaşlıq vizyonunun həyata keçirilməsinə yönəldilməlidir. Həmsədrlər beynəlxalq ictimaiyyətin münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə yardım və dəstəyini səfərbər etməlidirlər.
Azay Quliyevin bəyanatını https://www.youtube.com/watch?v=aSFK-Z8tty0 keçidi vasitəsilə izləmək mümkündür.
- Oxunub: 2550 |
- Tarix: 25-02-2021 |
-
Çap et |