Məlumat və Resurs Mərkəzi fəaliyyətə başladı

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Bu qurum təhsilə aid informasiya resurslarının toplanacağı məkan olacaq
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dovlət Proqramı” çərçivəsində yaradılan Məlumat və Resurs Mərkəzinin açılışı olub. Dünən gerçəkləşdirilən açılış mərasimində təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Prezident Administrasiyasından, Nazirlər Kabinetindən, həmçinin Nərimanov rayon İcra Hakimiyyətindən rəsmi şəxslər iştirak edib.
Məlumat üçün qeyd edək ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Məlumat və Resurs Mərkəzi (DATA Mərkəzi) ölkəmizdə təhsil sektorunun informasiyalaşdırılmasında mühüm yer tutacaq. Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan Məlumat və Resurs Mərkəzinin funksionallığı olduqca genişdir və ən müasir texnoloji standartlara cavab verir. Nazir Əli Abbasov bu texnologiyanın üstünlüklərini qeyd edərək, Mərkəzin Qafqazda ilk olacağını vurğulayıb. Azərbaycan təhsil şəbəkəsində internetə “giriş və çıxış nöqtəsi” olmaqla yanaşı, Mərkəz, həmçinin təhsilə aid informasiya resurslarının toplanacağı məkan olacaq. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulub, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılıb.
Onun yaradılmasında “ULTRA” şirkəti və AZEDUNET təşkilatı iştirak edib. Təşkilatların hər birinin öz öhdəliyi olub. Intel, HP, Microsoft, Cisco şirkətlərinin Azərbaycanda rəsmi partnyoru olan “ULTRA” şirkəti DATA Mərkəzin avadanlıqlarını yerləşdirib. Mərkəzdə Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik sistemləri quraşdırılıb ki, bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaq. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, cinayət xarakterli hər hansı müdaxilə istisna olmaqla internetə birbaşa nəzarət olmayacaq.
AZEDUNET təşkilatı isə Məlumat və Resurs Mərkəzində Şəbəkə İdarəetmə Mərkəzi və Kompüter Şəbəkələrinin Təhlükəsizlik Mərkəzinin (CERT/CSIRT) yaradıcısıdır. Şəbəkə İdarəetmə Mərkəzi Azərbaycan Təhsil Şəbəkəsinin idarəolunmasını təmin edir. CERT-in əsas vəzifəsi həm Azərbaycan təhsil şəbəkəsinə istiqamətlənən, həm də şəbəkədən çıxan məlumatların təhlükəsizliyini təmin etməkdir. AZEDUNET təşkilatı tərəfindən vahid Call-mərkəzi də yaradılmaqdadır. “Qaynar xətt” vasitəsilə təhsilin informasiyalaşdırılmasına dair bütün suallar üzrə məlumatlandırma və yaranmış problemlərin operativ həlli üçün imkan yaranacaq.
Quraşdırılmış avadanlıq Mərkəzə bir çox funksiyaları yerinə yetirməyə imkan verir. Məsələn, xüsusi mərkəzləşdirilən antivirus proqram təminatı məktəblərdəki kompüterləri avtomatik qoruyacaq. Məktəblərdəki bütün kompüterlər birbaşa mərkəzdən idarə olunacaq. Mütəxəssislərin fikrincə, bu, texniki xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Mərkəzdə quraşdırılmış texnologiya video-konfranslar keçirməyə imkan verəcək. Bu texnologiya Mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərdə mühazirə və ya açıq dərslər keçirməyə imkan yaradacaq. Bu sistemin sınağını keçirən təhsil naziri Misir Mərdanov bir neçə məktəblə canlı bağlantı qurub.
Mərkəzin serverində Azərbaycan məktəblərinin elektron xəritəsi də yerləşdirilib. İnternet vasitəsilə ictimaiyyət üçün açıq olan bu resursdan məktəblər haqqında bütün zəruri məlumatlar əldə etmək mümkündür. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, hələlik, şəbəkəyə Bakı və Sumqayıt şəhərlərinin 200 orta məktəbi daxil edilib. Gələcəkdə buradan nəinki ümumtəhsil məktəbləri, hətta ali məktəblər barədə də məlumatlar əldə etmək mümkün olacaq.
Mərasimin iştirakçıları təlim mərkəzində də olub. M.Mərdanov deyib ki, artıq 20 mindən artıq müəllim bu təlim kurslarından keçib. Ölkədə 70 mindən artıq müəllim var və onlar təlimçilərin köməyi ilə kompüter biliklərinə yiyələnəcəklər.
Bir il əvvəl əsası qoyulan Mərkəzə 25 milyon manat xərclənib.
RUHİYYƏ


  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009