Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AMEA-nın Gənclər liseyi və universiteti yaradılacaq

AMEA-nın Gənclər liseyi və universiteti yaradılacaq

19.07.2013 [09:58]

Akif Əlizadə: “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunan əhəmiyyətli çağırışlar alimlərimiz qarşısında konkret vəzifələr qoyur
İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində (RH) AMEA prezidenti, akademik Akif Əlizadə mətbuat konfransı keçirib.
Tədbiri giriş sözü ilə açan AMEA rəhbəri son 3 ayda akademiyada aparılan struktur dəyişikliyi, informasiyalaşdırma, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər, maddi-texniki bazanın gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, elmi nəşrlərin və veb resursların təkmilləşdirilməsi və digər məsələlər haqqında geniş məlumat verib. Dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan bəhs edən akademik ölkə rəhbərinin AMEA-da aparılan islahatlarla bağlı fikrini nəzərə çatdırıb: “Cari ilin may ayında Şamaxı Astrofizika Rəsədxanasında aparılan əsaslı təmir işlərinin başa çatmasından sonrakı vəziyyətlə tanış olarkən dövlət başçısı qeyd etdi ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Hazırda Azərbaycanın elm siyasəti məhz bu istiqamət üzərində qurulur. Azərbaycan elminin beynəlxalq elmə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi ilə işlər görülür”.
AMEA-nın prezidenti elmin inkişafına dair dövlət başçısı tərəfindən təsdiq olunan Fərman və Sərəncamlar və onların icra vəziyyəti barədə də söhbət açıb: “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunan əhəmiyyətli çağırışlar alimlərimiz qarşısında konkret vəzifələr qoyur. Gələcəklə bağlı qəbul olunan bütün dövlət proqramlarında ölkəmizin strateji inkişaf xəttinin həyata keçirilməsində elmin əhəmiyyətli rolu öz əksini tapmaqdadır”.
“Müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesi uğurla həyata keçirilir. Hazırda akademiya əməkdaşlarının 30 faizini gənclər təşkil edir”, - deyən AMEA prezidenti gənc alim və tədqiqatçılara göstərilən xüsusi diqqət və qayğıdan, onların sosial təminatının gücləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrdən, Azərbaycanın ev sahibliyi etdiyi gənclərlə bağlı beynəlxalq tədbirlərdən danışıb. Həmçinin, bildirib ki, gənc alimlərin ipoteka kreditləri vasitəsilə mənzillə təminatı gündəmdədir. Akif Əlizadə deyib ki, bununla bağlı proqramlar hazırlanmaqdadır.
Akademiyanın prezidenti bildirib ki, elmlə təhsilin inteqrasiyası istiqamətində də mühüm addımlar atılır: “Elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, müvafiq sahələrdə tətbiqinin təmin olunması, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. Ali təhsil müəssisələrinin AMEA institutlarının nəzdində baza kafedralarının və AMEA-da magistratura təhsil pilləsinin yaradılması da nəzərdə tutulub”.
AMEA prezidenti mətbuat konfransında deyib ki, akademiya bu gün Sovet idarəçilik ənənəsindən uzaqlaşmağa çalışır: “Təəssüflər olsun ki, sovetlər dövründə elmi təhsildən ayırdılar, ancaq həyat göstərdi ki, elm təhsilsiz inkişaf edə bilməz. AMEA-da gələcəkdə lisey yaradılmalıdır. Gələcəkdə AMEA-nın İstedadlı Gənclər Liseyi, daha sonra AMEA Universiteti yaradılmalıdır. Biz bütün bunları həyata keçirməyi nəzərdə tutmuşuq”.
Akademiyada edilən yeniliklər və nəzərdə tutulan planlar haqqında da məlumat verən Akif Əlizadə qeyd edib ki, AMEA-da ilk dəfə olaraq hüquq şöbəsi də yaradılıb. Onun sözlərinə görə, indiyə qədər bir çox məsələlərdə görülən işlərin hüquqi aspektləri tam müəyyənləşməyib. O əlavə edib ki, informasiya kommunikasiya sahəsində AMEA-da ciddi narahatlıqlar mövcud olub: “Hətta bəzi institutların veb-saytları olmayıb. Hazırda biz bu istiqamətdə mühüm işlər görürük və veb-saytları yüksək səviyyədə yaratmağa çalışırıq. Bu gün informasiya olmadan nəinki elm və təhsil, heç bir sahə inkişaf edə bilməz. Bu gün internet vasitəsi ilə hər bir məsələ həll olunur, hətta həkim diaqnoz da qoyur. AMEA-nın institutlarında bu sahədə çatışmazlıqlar vardı. AMEA İnformasiya Texnologiyaları İnstitutunda yüksək informasiya kommunikasiya texnologiyaları mövcuddur. İnformasiya Texnologiyaları İnstitutunun təcrübəsindən istifadə edərək AMEA-da İKT tətbiqini yüksək səviyyəyə qaldırmaq niyyətindəyik”.
AMEA prezidenti “Elektron hökumət” layihəsinə elmi dəstəyin AMEA tərəfindən verilməsinin zəruriliyini də qeyd edib. A.Əlizadənin sözlərinə görə, hazırda AMEA 17 dövlət proqramında iştirak edir. Bu proqramlar sosial-iqtisadi, mədəni sferaları əhatə edir.
Daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran Akif Əlizadə deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutu və müasir Xəzər Mərkəzi yaradılacaq: “Prezident İlham Əliyev bununla bağlı Sərəncam verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA hazırda bu Mərkəzin yaradılması ilə məşğuldur”.
Doktoranturaya qəbulla bağlı sualı cavablandıran AMEA prezidenti bildirib ki, ötən il doktoranturaya qəbul planı dolmayıb. O qeyd edib ki, bu il keçiriləcək qəbul da ənənəvi şəkildə həyata keçiriləcək.
Akif Əlizadə elmin istehsalatda tətbiqi ilə bağlı da danışıb: “Bizneslə elmin əlaqəsi innovativ olmalıdır. Bunu əlaqələndirə bilsək, uğur əldə edəcəyik. Artıq bununla bağlı - elmin istehsalatda tətbiqinə dair addımlar atırıq. İstəyirik ki, elmimiz biznesə - istehsalata tətbiq edilsin. Bu, həm AMEA-ya gəlir gətirəcək, həm də elmin inkişafına təkan verəcək”.
Daha sonra bazar iqtisadiyyatı şəraitində innovativ fəaliyyəti gücləndirmək məqsədilə AMEA-nın korporativ üslubunun tətbiqinin əhəmiyyətini özündə əks etdirən sərgi nümayiş etdirilib. Sərgidə AMEA-nın korporativ loqosu, təltif və mükafatları, qovluq və zərflər, blanklar, vəsiqə və vizit kartları, korporativ təbriknamələr və təqvimlər, suvenir və aksessuarlar, hədiyyələr və digər nümunələr təqdim olunub.
SEVİNC

Paylaş:
Baxılıb: 1983 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31