
Dünən Azad Respublikaçılar Partiyasının qərargahında “Ordu və mətbuat: hərbi vətənpərvərliyin təbliğində KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə mətbuatda gedən bir sıra yazıların ordu quruculuğuna təsirindən danışılıb.
Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədr müavini Şəfayət Əliyev Silahlı Qüvvələr sistemində təsadüfi və epizodik sayıla biləcək hadisələrin, xüsusilə də, bəzi KİV-də “dedovşina”lıq kimi təqdim edilən, o cümlədən, internetdə yayımlanan görüntülərin ürək açan bir hal olmadığını deyib. Lakin o, bu hadisələri adi bir xuliqanlıq hadisəsi, qanun pozuntusu kimi dəyərləndirib. “Bu görüntülərin yayılması ölkədə keçirilən prezident seçkiləri kampaniyası ilə təxminən üst-üstə düşdüyündən, bəzi “hərbi ekspertlər” bu məqamdan “bəhrələnmək” sevdasına düşüblər. Dünən “qarayaxma”, bu gün “dedovşina”, sabah isə müxtəlif böhtan dolu iddialar belə “ekspertlər”in timsalında zaman-zaman görünür. Ordunu siyasi şoulara cəlb etməklə müəyyən divident qazanmaq xülyası bu qüvvələri heç bir zaman tərk etməyib. Artıq formalaşan, xalqımızın və dövlətimizin güvənc yerinə çevrilən Silahlı Qüvvələrimiz belə təxribatçı mövqelərdən çox-çox uzaqdır və onun ali məqsədi xalqa, dövlətə sədaqətlə xidmət etməkdir. Orduda baş verən adi bir xuliqanlıq hadisəsinə və ya törədilən cinayət işinə isə şəxsi istəklərə görə deyil, hüquqi qanunvericiliyə və hərbi nizamnaməyə görə yanaşılmalıdır”.
Tədbirdə çıxış edən millət vəkili Fazil Qəzənfəroğlu ordu ilə bağlı yazılarda KİV-i bir qədər məsuliyyətli olmağa çağırıb. O bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. “Hesab edirəm ki, bəzi xırda nüansları əldə bayraq edərək ümumi ordu quruculuğu işinə kölgə salmaq lazım deyil”.
Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev mütəmadi olaraq gənclər arasında sorğu keçirdiklərini vurğulayıb. “Sorğuya cavablarında gənclər Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmət keçməyi özlərinə şərəf bildiklərini söyləyiblər”.
M.Əliyevin sözlərinə görə, orta məktəblərdə hərbi fənnlərin sayının artırılması, istismardan çıxmış silahların məktəblərə verilməsi kimi təkliflərlə çıxış ediblər. Bundan başqa o, şəhərin mərkəzində vətənpərvərliklə bağlı reklam plakatlarının, roliklərinin yerləşdirilməsinin tərəfdarı olduqlarını deyib. Mətbuatda “dedovşina” faktı fonunda ordu ilə bağlı yazılan neqativ fikirlərə iradlarını bildirən M.Əliyev həmin şəxslərin cəzalandırılmasının tərəfdarı olduğunu söyləyib.
Əsgər Ailəsi Komitəsinin sədri Roza Əliqızı “dedovşina” ilə bağı çəkilmiş kadrları seçki ərəfəsi təşkil edilmiş bir kompromat kimi dəyərləndirib. “Bu bəzi maraqlı şəxslər tərəfindən ordu barədə mənfi rəy formalaşdırmaq, valideynləri qorxutmaq üçün hesablanmış bir vasitədir”.
Tədbir təşkilatçıları qeyd ediblər ki, ordu və onun rəhbərliyinə qarşı hər vəchlə əsassız və heç bir məntiqə söykənməyən “qarayaxma” təbliğatı aparan bəzi qüvvələrin bü cür mövqeyi başadüşülən deyil: “Qəbul edilən odur ki, ordu öz Ali Baş Komandanının və xalqımız ətrafında sıx birləşərək daha da möhkəmlənir, günü-gündən inkişaf edir”.
NARDAR
- Oxunub: 22320 |
- Tarix: 04-11-2008 |
-
Çap et |