
Mayın 21-də Naxçıvan Dövlət Universiteti Xəstəxanasının yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Tədbirdə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Saleh Məhərrəmov çıxış edərək deyib ki, son illər universitet şəhərciyində ən müasir texnoloji avadanlıqlarla təmin olunmuş yeni tədris korpusları, elektron kitabxana, idman kompleksi istifadəyə verilib, yeni ixtisaslar açılıb. Həyata keçirilən tədbirlər ali təhsil ocağında təhsilin səviyyəsini yüksəldib. Xəstəxana və Baytarlıq ixtisası üçün müasir binaların istifadəyə verilməsi də göstərilən qayğının davamıdır. Saleh Məhərrəmov yaradılan müasir tədris şəraitinə görə universitetin kollektivi adından minnətdarlıq edib, tədrisin səviyyəsini daha da yüksəldəcəklərini bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müəllim və tələbələri Tibb fakültəsinin yeni xəstəxana binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: “Ölkəmizdə gənclərin təhsil alması üçün lazım olan bütün şərait yaradılır. Naxçıvan Dövlət Universitetində də müasir tədris şəraiti yaradılmış, lazımi avadanlıqlarla təchiz olunmuş tədris korpusları tikilib istifadəyə verilmişdir. Həmçinin universitetlərarası təcrübə mübadiləsi də həyata keçirilir, burada təhsil alan gənclərin qabaqcıl təcrübəyə yiyələnmələri təmin edilir. Bütün bunlar ölkəmizin gələcəyi üçündür.
Hər bir həkim insan sağlamlığının qorunmasına cavabdehdir. Buna görə də tələbələrin bu peşəni yaxşı mənimsəməsi üçün lazımi tədbirlər görülür. Bu gün istifadəyə verilən xəstəxana binası da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq tibbi kadrlara olan tələbatı ödəmək üçün 1999-cu ildə Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi yaradıldı. O dövrdə bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən dövr ərzində inkişaf edərək bu gün 4 kafedrada 5 ixtisas üzrə həkim hazırlığını həyata keçirir. Bu günədək fakültənin nəzdində 1 ixtisas üzrə xəstəxana fəaliyyət göstərirdisə, bu gün 5 ixtisası əhatə edən xəstəxana şəraiti yaradılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün xəstəxanalarda tələbələrin təcrübə keçməsi üçün lazımi şərait yaradılıb, auditoriyalar qurulubdur. Bütün bunlar bilikli və təcrübəli gənclərin yetişdirilməsində əhəmiyyətli rol oynayacaqdır”.
Ali Məclisin Sədri deyib: “Bu gün muxtar respublikada həkim hazırlığı işi pilləli təhsil sistemi üzrə həyata keçirilir. Kiçik tibb işçilərinin hazırlanması üçün Naxçıvan Tibb Kolleci fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetində isə həm bakalavr, həm də rezidentura təhsili üzrə həkimlərin hazırlanması həyata keçirilir. Xəstəxana binasında yaradılan şərait gənclərin ilkin tibbi vərdişlərə yiyələnməsinə xidmət edəcəkdir. Bu sahədə təhsil alanların tam ixtisaslaşması üçün isə muxtar respublikanın xəstəxanalarında yaradılan imkanlardan səmərəli istifadə edilməlidir.
Bu gün bu sahədə yaradılan şərait ölkəmizin gələcəyi və muxtar respublika əhalisinin sağlamlığının qorunması üçündür. Əgər hər hansı bir ölkənin insanları sağlamdırsa, onun iqtisadiyyatı da davamlı inkişaf edəcək, ailələri də sağlam təməllər üzərində qurulacaqdır. Buna görə də ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bu isə insan amilinə göstərilən qayğı deməkdir. Buna görə də bu sahədə kadr hazırlığına xüsusi diqqət ayrılmalıdır ki, yaxşı həkim peşəsinə yiyələnən gənclər yetişsin, insanlara nümunəvi tibbi xidmət göstərilsin”.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib və yaradılan şəraitlə tanış olub.
Dünən, həmçinin, Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisasının yeni binasının da açılışı olub.
Açılış tədbirində universitetin tələbəsi Nazəni Rüstəmli çıxış edərək deyib ki, böyük inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti bu gün Avropa standartlarına uyğun, dünya miqyasında tanınan müasir təhsil ocağına çevrilib. Yeni xəstəxana və baytarlıq təbabəti ixtisası binalarının istifadəyə verilməsi bu sahələr üzrə təhsil alan tələbələrin yüksək elmi biliklərə və zəngin təcrübəyə yiyələnməsinə şərait yaradacaq, gələcəyin mütəxəssisi kimi formalaşmasında əhəmiyyətli rol oynayacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını Baytarlıq təbabəti ixtisası üçün yeni tədris binasının istifadəyə verilməsi münasibətilə təbrik edib.
Ali Məclisin Sədri qeyd edib ki, bu sahəyə göstərilən diqqət nəticəsində Baytarlıq təbabəti ixtisasının tədrisi lazımi avadanlıqlarla təchiz olunmuş binada həyata keçiriləcəkdir. Eyni zamanda, Naxçıvan Texniki Kollecində də Baytarlıq ixtisası üzrə kadr hazırlığı yerinə yetirilir.
Ali Məclisin Sədri dövlətimizin bu sahəyə verdiyi önəmin nəticəsi olaraq yaradılan şəraitdən düzgün istifadə olunacağına və bu sahədə yaxşı mütəxəssislər hazırlanacağına əminliyini bildirib, kollektivi bir daha təbrik edib, gələcək tədrisdə və fəaliyyətlərində uğurlar arzulayıb.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib və binada yaradılan şəraitlə maraqlanıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Saleh Məhərrəmov göstərilən etimadı doğruldacaqlarına, tədrisi günün tələbləri səviyyəsində təşkil edəcəklərinə söz verib.
Binanın həyətində abadlaşdırma tədbirləri görülüb, ətrafda gülzarlıqlar salınıb.
Həmin gün Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetində daşdan düzəldilmiş heykəllərə baxıb.
- Oxunub: 9750 |
- Tarix: 22-05-2015 |
-
Çap et |