Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirilib

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirilib

22.08.2017 [10:00]

Konfransda qeyd olunub ki, “Şəmkir Aqroparkı” ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistik mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracını və xaricdə yerləşən əsas istehlakçılara çatdırılmasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək
Avqustun 21-də bir gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin təqdimatına və Mərkəzlə tanışlığa həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransda müvafiq dövlət qurumlarının, ali təhsil və elmi tədqiqat müəssisələrinin təmsilçiləri, ətraf rayonları təmsil edən fermerlər, aqrar sahədə ixtisaslaşmış aparıcı yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirdə kənd təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasəti, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, ixracın düzgün formalaşdırılması və Azərbaycan kəndlilərinin istehsal etdiyi məhsulların ölkə hüdudlarından kənara çıxarılması, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı mallarının istehsalına dövlət dəstəyi məsələləri haqda çıxışlar dinlənilib.
Bildirilib ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik islahatlar sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub. Belə ki, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerlərə dövlət tərəfindən dəstək verilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” aqrar sektorda istehsalın artırılması, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdığı problemlərin həllinə nail olunması, bu sahənin ixrac imkanlarının gücləndirilməsi üçün dövlət tərəfindən ciddi dəstək verilməsini nəzərdə tutur. Bu dəstəyin mühüm formalarından biri də respublikamızın ayrı-ayrı bölgələrində aqroparkların yaradılması prosesinin sürətləndirilməsidir.
Konfransda “Şəmkir Aqroparkı” ilə bağlı təqdimat olub. Xüsusi olaraq vurğulanıb ki, ölkəmizdə aqroparkların və onların tərkibinə daxil olan müxtəlif mərkəzlərin tikintisi və məhsul bazalarının yaradılması istiqamətində daha bir addım kimi Prezident İlham Əliyevin xeyir-duası və iştirakı ilə 2014-cü ildə Şəmkir rayonunda “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin təməli qoyulub. Aqroparka 8604 hektar, o cümlədən Könüllü kənd ərazisində 604 hektar, “Ceyrançöl” massivində isə 8000 hektar müvafiq torpaq sahəsi ayrılıb. İri taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8000 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilməsi təmin edilib.
Ərazidə lazımi infrastrukturun yaradılması üçün Prezident İlham Əliyevin 13 yanvar 2017-ci il tarixli və Nazirlər Kabinetinin 10 oktyabr 2016-cı il tarixli sərəncamlarına əsasən, dövlət büdcəsindən 3.200.000 manat vəsait ayrılıb. Aqropark üçün 10 ədəd müasir “New Holland” markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlıqları lizinq yolu ilə alınıb, ümumi tutumu 15.000.000 m3 olan 3 ədəd sututar inşa edilib, sahəsi 2.016 m2 olan anbar hazırlanıb. Ərazidə 16.000 kVa gücündə elektrik yarımstansiyası və 6 ədəd transformator quraşdırılaraq ümumilikdə 35 km elektrik xətti çəkilib. 2 ədəd üzən panton üzərində 3 ədəd yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən alınmış 14 ədəd müxtəlif radiuslu müasir pivot suvarma aqreqatları və avadanlıqları quraşdırılıb. O da bildirilib ki, “Ceyrançöl”də 35 nəfər daimi, 200 nəfər mövsümi işlə təmin olunub.
Sonra konfrans iştirakçıları təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində yaradılmış şərait və fəaliyyət istiqamətləri ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Şəmkir rayonunda yaradılan aqroparkda respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, hotel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika - məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.
Mütəxəssislərin yekdil qənaətinə görə, regionlarda belə aqroparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, proqressiv metodların geniş tətbiqində, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparkların yaradılması və inkişafı fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, onların toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmalarına, kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçidin, xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq. “Şəmkir Aqroparkı” bu baxımdan Azərbaycanın qərb regionunun ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistik mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracını və xaricdə yerləşən əsas istehlakçılara çatdırılmasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək.
Beynəlxalq konfrans tədbirdə iştirak edən yerli və xarici şirkətlərin məhsullarının sərgi-nümayişi ilə davam edib. “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin ərazisində təşkil olunmuş kənd təsərrüfatı sərgisində beynəlxalq standartlara cavab verən istixana avadanlıqları, gübrə (torpaq və suda həll olunan) və dərmanlar, pestisidlər, şitil, ting və toxumlar, suvarma sistemləri, kənd təsərrüfatı sahəsində istifadə olunan traktor, maşın, mexanizm və bu kimi digər texnika nümayiş etdirilib. Sərgiyə Azərbaycan, Türkiyə, İtaliya, Hollandiya, Çin və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribüterləri qatılıblar. Sonra Rusiya Federasiyasının “Evroxim” şirkəti tərəfindən Gəncə-Qazax iqtisadi zonasına həsr olunmuş “Məhsul gübrənin törəməsidir” adlı beynəlxalq seminar keçirilib. Qeyd edək ki, konfrans “AzAqroMarket” MMC-nin texniki dəstəyi ilə keçirilib.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 315 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31