Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

02.05.2018 [09:19]

Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.
Heydər Əliyev

Qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi, bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.
Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşülür? Milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. Bir sözlə, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz milli-mənəvi dəyərlər sisteminə aiddir.
Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu öndər Heydər Əliyevi görürük. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli liderimiz Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan Ulu öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Xalqımız 70 il Sovet rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan öz dini-mənəvi dəyərlərini unutmamış, onları gizli də olsa, yaşatmışdır. Lakin bununla belə, o dövrdə dini dəyərlərin sərbəst şəkildə yaşadılması və inkişafı mümkün deyildi. Həmin dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdi. Dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası da Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz bu dövrdə yüzlərcə ibadətgah inşa və ya bərpa edilmiş, dini dəyərlərimiz yenidən canlanmışdır. Xalqımızın əsrlərcə ziyarət yeri olan, lakin Sovet rejimi tərəfindən dağıdılan Bibiheybət məscidi və ziyarətgahının Heydər Əliyevin göstərişi ilə dövlət hesabına yenidən inşa edilməsi Onun bu sahədəki xidmətlərinin bir göstəricisidir. Belə misalların sayı olduqca çoxdur. Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz tərkib hissəsi kimi qəbul edirdi. “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, İslam dininə itaət edən insanlara özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır” sözləri Onun dinə baxışını çox aydın şəkildə xülasə edir. Ulu öndər dinimizin əxlaqi dəyərlər sistemi kimi mənimsənilməsinin gənclərin formalaşmasında müsbət bir funksiya icra edəcəyini düşünürdü.
Ulu öndər Heydər Əliyev, eyni zamanda, Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur. Heydər Əliyev Öz çıxışlarının birində deyirdi: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur”.
Məhz bu fikirlər dahi şəxsiyyətin uzaqgörən siyasətini ifadə etməyə kifayət edir. Ulu öndər Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürünə çevrildi.
Təbii ki, Ulu öndərin milli-mənəvi sahədə həyata keçirdiyi mütərəqqi islahatlar bununla məhdudlaşmır. Milli-mənəvi, xüsusilə dini dəyərlər sisteminin sağlam müstəvidə inkişaf etdirilməsi və qorunması üçün güclü siyasi iradə, habelə dövlətçilik təcrübəsi tələb olunurdu. Heydər Əliyev bu xüsusiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyət kimi bu işin öhdəsindən də məharətlə gəldi. Dini təhlükəsizliyin təmin edilməsi üçün hüquqi-inzibati sferada lazımi addımlar atılmaqla yanaşı, məzhəbçilik, dini nifrət və ayrı-seçkiliyin ölkəmizə ayaq açmasının da qarşısı qətiyyətlə alındı. O dövrdə Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxmasını istəməyən daxili və xarici qüvvələr Heydər Əliyevə hər vəchlə mane olmağa çalışsalar da, xalqın Ulu öndərə verdiyi böyük dəstək nəticəsində bu çirkin təxribatların sonu uğursuzluqla bitdi. Azərbaycanın ən böyük ziyalısı Ulu öndər Heydər Əliyev çox çətin bir vaxtda məsuliyyəti Öz üzərinə götürüb xalqımızın dəyərlər sistemini məhv olma təhlükəsindən xilas etdi.
Ulu öndərin bilavasitə rəhbərliyi ilə həmin dövrdə ictimai və milli təhlükəsizliyə yönəlmiş son dərəcə təhlükəli təhdidlərdən biri kimi dini ekstremizm və radikalizmə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. “Totalitar rejimlərin və ideologiyaların süquta uğradığı indiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir. Pozitiv proseslərlə yanaşı, bəzi qüvvələrin dinlərdən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək halları da artır. Bax belə halların baş verməsinin qarşısının qətiyyətlə alınması üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir” deyən Ümummilli lider bu səfərbərliyi uğurla həyata keçirərək dini təhlükəsizliyi təmin etməyi bacardı.
Azərbaycan günümüzdə müasir, dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesi bizim ölkədən də yan keçməyib. Buna baxmayaraq, biz qloballaşma adı altında öz milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalı, gənc nəsli vətənpərvərlik ruhunda yetişdirməliyik. Hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir. Qloballaşma heç də digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrinin, milli mentalitetimizə xas olmayan dəyərlərinin ölkəmizə idxalı deyildir. Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı və səmimi dostluğu nəzərdə tutmaqla yanaşı, milli dövlətçiliyimizə, mənəvi dəyərlərimizə, Ulu öndərin bizə əmanət etdiyi Azərbaycançılıq məfkurəsinə sahib çıxmağı, milli mənliyimizi qorumağı nəzərdə tuturuq. Bu gün Heydər Əliyevin yaratdığı müasir Azərbaycan Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün regional layihələrin təşəbbüskarı və ya iştirakçısı olan Azərbaycan hər bir vətəndaşımızın gerçək mənada fəxrinə çevrilibdir. Bu uğurlu siyasət mənəvi sahəni də əhatə edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Qafqazın ən möhtəşəm məscidi olan Heydər məscidi dindarların istifadəsinə verilmişdir. Bununla yanaşı, Təzə Pir məscidi, Hacı Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi dövlət hesabına təmir-bərpa edilmişdir. Milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə ictimaiyyətimizin rəğbətini qazanan Heydər Əliyev Fondu da böyük uğurlara imza atmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Onu da qeyd edək ki, mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun məxsusi xidmətləri vardır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, həmçinin Azərbaycandan kənarda olan digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır ki, bu da xalqımızın tolerantlığının və sülhpərvərliyinin əyani sübutudur.
Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bu günədək qoruyub saxlaya bilmişdir. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük hissəsi bu günədək qorunub saxlanılmışdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Ulu öndər Heydər Əliyev məktəbinin gənc nəslə aşılanması ən vacib məsələlərdən biridir.
Səyavuş Heydərov,
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədr müavini

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30