
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən 2018-ci ildə dövlət və özəl toxumçuluq təsərrüfatlarında istehsal olunmuş və kondisiyaya çatdırılmış payızlıq dənli-taxıl (buğda və arpa) toxumlarının sertifikatlaşdırılması üçün toxumçuluq təsərrüfatlarında monitorinqlər həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub kondisiyaya çatdırılmış, dənli-taxıl (buğda, arpa) bitkilərinin toxumlarının dağlıq və dağətəyi, o cümlədən aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi ilə sertifikatlaşmaya hazır toxumlara baxış keçirilməsinə başlanılıb.
Bu məqsədlə avqustun 17-dən başlayaraq Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və yerli qurumların mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət 9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin (RTSM) xidmət göstərdiyi 44 rayonun toxumçuluq təsərrüfatlarında monitorinq həyata keçirib.
Dövlət Xidmətinin mütəxəssisləri Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin əhatə etdiyi rayonlarda toxumçu fermerlərin iştirakı ilə (Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran) 38 toxumçuluq təsərrüfatında toxumun anbarda saxlanılmasına, qablaşdırımasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış keçirib. Kondisiyalı toxumlara baxış zamanı Quba RTSM üzrə 5509 ton (38 təsərrüfatda) təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından müvafiq RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Hazırda toxumların keyfiyyət analizləri davam edir. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar, həmin Regional Toxum Sertifikatlaşdırma mərkəzləri tərəfindən sertifikatlaşdırılacaq.
Digər bölgələrdə monitorinqlər davam etdirilir.
- Oxunub: 3450 |
- Tarix: 07-09-2018 |
-
Çap et |