Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesi yüksək şəffaflıq şəraitində həyata keçirilir

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesi yüksək şəffaflıq şəraitində həyata keçirilir

20.11.2018 [09:15]

Birdəfəlik ödəmə alan vərəsələr bildirirlər ki, müvafiq Fərman Prezident İlham Əliyevin humanist siyasətinin daha bir ifadəsidir
Müharibə şəraitində yaşayan respublikamızın dövlət büdcəsində orduya, hərbi sahəyə ayrılan vəsait getdikcə artırılır. Son illərdə Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması isə ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb. Bütövlükdə Azərbaycanda vətən torpaqlarının müdafiəsində iştirak edən hərbi qulluqçulara, həmçinin şəhid ailələrinə cəmiyyətdə böyük hörmət bəslənilir. Eyni zamanda, dövlətin müvafiq kateqoriyadan olan insanlara və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır.
Ölkədə hərbi qulluqçuların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir
Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Ölkəmizdə 2007-ci ilin əvvəlindən şəhid ailələrinin Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Ötən müddətdə şəhid ailələrinə ödənilən təqaüdün məbləği bir neçə dəfə artırılıb.
Respublikamızda müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinə yönələn tədbirlər barədə söhbət açarkən müvafiq kateqoriyadan olan insanların və ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanılmasını xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Qeyd edək ki, son iyirmi il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib. 2018-ci il avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində müvafiq kateqoriyadan olan insanlara və ailələrə 35 mənzil və 136 minik avtomobili təqdim edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu istiqamətdə işlərin davamı kimi cari ilin sonuna qədər müvafiq kateqoriyadan olan insanlara və ailələrə daha 550-dək mənzilin təqdim olunması, ümumilikdə 2018-ci ildə 600-ə yaxın mənzilin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulub.
Müvafiq kateqoriyadan olan hərbi qulluqçuların vərəsələri onlara on bir min manat məbləğində birdəfəlik ödəmə verilməsindən razılıqlarını bildirirlər
Məlumdur ki “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalıb. Buna görə də Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı məhz bu kateqoriyaya aid hərbi qulluqçuların vərəsələrinə aiddir. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. S.Babayevin bildirdiyinə görə, şəhid hərbi qulluqçuların 99 faizinin vərəsəsi birdəfəlik ödəmə almaq hüququna malik olduğunu artıq öyrənib. Vərəsələrin sənədlərinə baxılaraq onlardan 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə həmin ödəmənin verilməsi barədə qərar qəbul olunub və onlara müvafiq vəsaitlərin ödənişi prosesi davam edir. S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, hərbi qulluqçuların vərəsələri onlara dövlət başçısının müvafiq Fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsindən razılıqlarını bildirirlər. “Mən Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılan və 1992-ci ilin aprelində Gədəbəyin Şınıx bölgəsində gedən döyüşlərdə həlak olan Dəmirov Səyyar Bayram oğlunun vərəsəsi qismində birdəfəlik ödəmə almaq hüququ qazanmışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına sorğu göndərərək birdəfəlik ödəmə almaq hüququmu öyrəndikdən sonra müvafiq sənədləri notariat kontoruna təqdim etdim və vərəsəlik şəhadətnaməsi aldım. Müvafiq sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olundu. Ötən həftə isə Prezident İlham Əliyevin Fərmanı əsasında 11 min manat məbləğində birdəfəlik ödəmə aldım. Hesab edirəm ki, bu, respublikamızda şəhid ailələrinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür”. Bu sözləri “Yeni Azərbaycan”a danışan Şəmkir rayonundakı Könüllü kəndinin sakini Natiq Dəmirov ifadə edib. Vətən torpağı uğrunda gedən döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksələn qardaşı ilə fəxr etdiyini deyən Natiq Dəmirov ölkəmizdə şəhidlərin xatirəsinin minnətdarlıq hissi ilə anıldığını və dövlətin şəhid ailələrinə böyük qayğı göstərdiyini vurğulayıb: “Vətən torpağı müqəddəsdir, onu göz bəbəyi kimi qorumaq bizim hər birimizin borcudur. Fəxr edirəm ki, ailəmizin üzvü məhz doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əbədiyyətə qovuşub. İndi Könüllü kəndindəki tam orta məktəb qardaşım, şəhid Səyyar Dəmirovun adını daşıyır. Kəndimizin gəncləri şəhid Səyyar Dəmirovun həyat yolunu özləri üçün nümunə hesab edirlər. Onlar bildirirlər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə hər zaman Vətənin müdafiəsində iştirak etməyə hazırdırlar”.
Hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesində qanunvericiliyin tələblərinə yüksək səviyyədə əməl olunur
Bu günlərdə müvafiq kateqoriyadan olan hərbi qulluqçuların birdəfəlik ödəmə alan vərəsələri qəzetimizə verdikləri açıqlamalarda bəhs olunan Fərmanı Prezident İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsi kimi səciyyələndiriblər. Bu barədə Quba rayonundan olan şəhid Qaraxanov Mübariz Zöhrab oğlunun vərəsəsi qismində birdəfəlik ödəmə alan Zöhrab Qaraxanov deyib: “Müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsi üzun müddət idi ki, ciddi müzakirələrə səbəb olurdu. Azərbaycanın dövlət başçısı İlham Əliyev prezident seçkiləri ərəfəsində məsələnin həll olunacağını vəd etmiş və müvafiq Fərman imzalanmışdır. Bu, Azərbaycan Prezidentinin Öz vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir”.
Oğlu Mübariz Qaraxanovun 1992-ci ildə Xocavənd rayonunun Əmralılar kəndi uğrunda gedən döyüşlərdə həlak olduğunu bildirən Zöhrab Qaraxanov fikirlərinə davam edərək deyib: “İnsan üçün əsas olan amil ona verilən ömür payını ləyaqətlə yaşamaqdan ibarətdir. Mən oğlum Mübarizin 30 yaşında şəhidlik zirvəsinə ucalmasından qürur duyuram. Ölkəmizdə şəhidlərin xatirəsi uca tutulur, onların ailələrinə dövlət tərəfindən daim yüksək qayğı göstərilir. Mən Prezidentin Fərmanı əsasında hərbi qulluqçuların vərəsələri üçün nəzərdə tutulan birdəfəlik ödəməni noyabrın 19-da aldım. Belə yüksək qayğıya görə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümü bildirmək istəyirəm”.
Quba rayonundan olan Mədət Əliyev də bu günlərdə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə birdəfəlik ödəmə alıb. O, prosesin tam şəffaf və qanunauyğun şəkildə həyata keçirildiyini vurğulayaraq deyib: “Mən oğlum Abuzər Əliyevin vərəsəsi qismində tanınaraq birdəfəlik ödəmə almışam. Sənədləşmə prosesi tam şəffaf keçdi. Oğlum Abuzər Əliyev Ağdamın Seyidli, Mərizli, Novruzlu kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib və 1994-cü il fevralın 11-də şəhidlik zirvəsinə yüksəlib”.
Qəzetimizə açıqlamasında Mədət Əliyev həmçinin bəzilərinin şəhid ailələrinə birdəfəlik ödəmələr verilməsi kimi humanist bir addıma kölgə salmaq cəhdlərinə də münasibət bildirib: “Təəssüflə deyim ki, bəzi şəxslərin dövlətin humanist siyasətindən haqsız şəkildə bəhrələnmək cəhdləri də mövcuddur. Adətən, müvafiq ödəmələri almış, yaxud da bu ödəmələri almaq üçün qanuna uyğun əsasları olmayan şəxslər belə cəhdlərdə bulunurlar. Azərbaycan Prezidentinin humanist siyasətini gözdən salmaq, bu nəcib addıma ləkə yaxmaq istəyən bəzi siyasi qruplar, ayrı-ayrı fərdlər isə həmin şəxslərin iddialarından sui-istifadə etməyə çalışır, əsassız ittihamlar irəli sürür, özlərini “haqqın müdafiəçisi” kimi cəmiyyətə sırımağa çalışırlar. Mən belə cəhdləri qətiyyətlə pisləyirəm. Bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin Fərmanı əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi prosesi qanunvericiliyin tələblərinə tam riayət olunmaqla və şəffaflıq yüksək səviyyədə təmin edilməklə həyata keçirilir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30