Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah

Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah

19.12.2018 [09:49]

Azərbaycan xalqı böyük dövlətçilik tarixinə malikdir. Bu baxımdan, 100 il bundan əvvəl - 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti də milli dövlətçilik tariximizin şanlı səhifələrindən biridir. 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı. Şübhəsiz ki, bu gün hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Məhz Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi də Cümhuriyyətin dövlətçilik tariximizdə yerinə və roluna verilən böyük önəmin ifadəsidir.
Onu da qeyd edək ki, Cümhuriyyət hökumətinin fəaliyyəti dövründə sosial məsələlər də diqqət mərkəzində olub. Məsələn, ilk hökumət kabinetində Əkinçilik və Əmək Nazirliyi də yaradılıb və nazir vəzifəsi “Hümmət” Partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olunub. AXC-nin fəaliyyət göstərdiyi və beş hökumətin formalaşdırıldığı 23 ay ərzində əmək və əhalinin sosial müdafiəsi məsələləri istiqamətində bir sıra addımlar atılıb. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sosial siyasətinin əsas istiqaməti ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumi daxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatın səviyyəsinin yüksəldilməsinə yönəlmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunmuşdu ki, onlardan 10-u sosial sahəyə aid idi.
Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə də sosial sahə ilə məşğul olan dövlət qurumları fəaliyyət göstərib və sosial müdafiə sistemində sosializm prinsiplərinə üstünlük verilib.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə isə dərin sosial-iqtisadi böhran məngənəsində idi. Yalnız Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu böhranın aradan qaldırılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Məlumdur ki, XX əsrin sonlarında Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilib möhkəmləndirilməsi, demokratik inkişaf yolu ilə irəliləyən respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və səmərəli fəaliyyəti nəticəsində mümkün olub. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” deyən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş sosial siyasətdə əhalinin bütün təbəqələrinin ehtiyac və tələbatı nəzərə alındı və aztəminatlı ailələrin, uşaqların, qocaların sosial müdafiəsi məsələlərinə ümdə əhəmiyyət verildi.
Bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır
Əhalinin layiqli sosial müdafiəsini və yaşayış tərzini təmin etmək məqsədi ilə ölkədə genişmiqyaslı pensiya islahatları həyata keçirildi. Əhalinin aztəminatlı hissəsinin digər kateqoriyalarını təşkil edən əlillərin, şəhid ailələrinin, müharibə veteranlarının, pensiyaçıların və s. sosial rifah halının yaxşılaşdırılması da Ulu öndərimizin xüsusi önəm verdiyi sosial məsələlərdən olub.
Bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Onu da qeyd edək ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin əsas sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Görülən işlər nəticəsində hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir.
Əhalinin məşğulluğunun təmin olunması istiqamətində mühüm addımlar atılır
Ümumiyyətlə, əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ildə 2 milyona yaxın iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir.
Son dövrlər əhalinin məşğulluğunun təmin olunması yönündə işlər daha da dinamik xarakter alıb. Belə ki, bu il oktabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq olunması haqqında Sərəncamın imzalanması bu baxımdan mühüm addımdır. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və digər aidiyyəti qurumlar bu Sərəncamdan irəli gələrək 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsini hazırlayır. Tədbirlər Planı layihəsində Strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun tədbirlər əksini tapacaq.
Bu məqamda vurğulamaq yerinə düşər ki, İşsizlikdən Sığorta Fondunun 2019-cu il üçün nəzərdə tutulan 83 milyon 450 min manat məbləğindəki büdcəsinin 42 milyon manatı məhz özünüməşğulluq tədbirlərinə həsr olunub. Cari ildə hədəf olaraq 7 minədək Azərbaycan ailəsində kiçik müəssisələrin, kiçik ailə təsərrüfatlarının yaradılması qarşıya məqsəd qoyulub. Növbəti ildə bu həcm daha da artırılacaq. Bu fakt isə özlüyündə özünüməşğulluq tədbirləri vətəndaşlarımızın passiv sosial dəstək mexanizmindən aktiv sosial dəstək mexanizminə keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Hər kəsin dostu olan DOST mərkəzləri...
Sosial sahədə reallaşdırılan islahatlardan danışarkən avqustun 9-da Prezident İlham Əliyevin imzaladığı “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı xüsusilə qeyd etmək lazımdır. Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılması qərara alınıb. Bu Fərman əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətdə mühüm innovativ yeniliyə yol açır. Fərman DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması vasitəsilə dövlət xidmətlərinin geniş bir spektrinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir. ƏƏSMN-in bu haqda yaydığı məlumatda qeyd olunur ki, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial sahə ilə bağlı həyata keçirdiyi mühüm fəaliyyətin növbəti uğurlu davamıdır. Oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu haqda bildirib: “Sosial sahədə biz “ASAN xidmət”in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik”.
Onu da qeyd edək edək ki, dekabrın 10-da dövlət başçısı “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi, strukturu, “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı, xidmət göstərilməsi qaydası təsdiq edilib. Beləliklə də, sözügedən qurumun qısa müddətə fəaliyyətə başlaması istiqamətində əməli addımlar atılır.
Bütün bunlarla yanaşı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yeni strukturunun formalaşdırılması da bu sahədə aparılan islahatların vacib tərkib hissəsidir. Aparılan struktur islahatları tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində idaretmənin optimallaşdırılmasına və işin səmərəliliyinin, bu sahələrdə vətəndaşlara xidmətlərin DOST mərkəzləri müstəvisində tam şəffaf və vətəndaş məmnunluğuna nail olunması prinsipi əsasında keyfiyyətinin artırılmasına xidmət edir.
Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən sosial siyasət, sosial müdafiə sisteminin gücləndirilməsindən söhbət açarkən, bu sahədə dövlət siyasətini icra edən müvafiq qurumların fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Bu baxımdan, bu il yaradılmasının 100 illiyini qeyd etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önəmli rolunu vurğulamaq yerinə düşər. Bu gün nazir Sahil Babayevin rəhbərliyi ilə bu dövlət qurumu əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi, bütövlükdə sosial sahədə həyata keçirilən islahatların uğurla yekunlaşdırılması istiqamətində səylə çalışır. Xüsusilə cari il ərzində nazirliyin fəaliyyətində şəffaflığa, innovasiyalara üstünlük verilməsi cəmiyyətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə rəğbəti artırır.
Yekun olaraq qeyd edə bilərik ki, atılan bütün addımlar Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir. Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən mühüm islahatlar sosial müdafiə sisteminin daha da gücləndirilməsini və insanların rifah halının daha da yüksəlməsini təmin edəcək.
Nardar BAYRAMLI
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31