Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əməkdar mühəndis, dövlət xadimi Rafiq Xələfovun 80 illiyi ilə bağlı anım mərasimi keçirilib

Əməkdar mühəndis, dövlət xadimi Rafiq Xələfovun 80 illiyi ilə bağlı anım mərasimi keçirilib

06.07.2019 [10:18]

Əməkdar mühəndis, dövlət xadimi Rafiq Xələfovun 80 illiyi ilə bağlı iyulun 5-də Fəxri xiyabanda mərhumun məzarı önündə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində mərhumun ailə üzvləri, doğmaları və yaxınları iştirak edib, Rafiq Xələfovla bağlı xatirələrini bölüşüblər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov Əməkdar mühəndis Rafiq Xələfovun Azərbaycan avtomobil yollarının tikintisi sahəsində gördüyü işlərdən danışıb.
Cavid Qurbanov qeyd edib ki, Rafiq Xələfov 1979-cu ildə Azərbaycan avtomobil yollarının tikintisi və istismarı naziri təyin edildikdən sonra ölkənin avtomobil yollarının inşasında və bərpasında böyük işlər görülüb. Belə ki, ölkədə şose yollarının ümumi uzunluğu 23.800 kilometrdən 24.900 kilometrə çatdırıldı. Bərk örtüklü yollar 18.300 kilometrdən 23.800 kilometrədək uzadıldı. Bakı-Sumqayıt-H.Z.Tağıyev-Giləzi, Lökbatan-Qaradağ-Ələt-Astara keçid yolu, İsmayıllıdan, Sabirabaddan, Füzulidən, Tovuzdan qonşu bölgələrə uzanan, bir sözlə, ölkənin bütün yaşayış məntəqələrini biri-birinə calayan yollar salındı. Bunların hamısı magistral, birinci dərəcəli yollardır və Rafiq Xələfovun rəhbərliyi ilə inşa edilib. Cavid Qurbanov vurğulayıb ki, həmin illərdə birinci dərəcəli yolların 5, ikinci dərəcəli yolların 3,2, üçüncü dərəcəli yolların 2,3 dəfə artırılması məhz Rafiq Xələfovun və onun başçılıq etdiyi kollektivin zəhmətinin bəhrəsidir.
“Bakı Tikiş Evi” ASC-nin direktoru Fədail Rəhimov istedadlı təşkilatçı Rafiq Xələfovun Azərbaycan sənayesinin inkişafı üçün gördüyü işlərdən danışıb. O qeyd edib ki, Rafiq Xələfov 1993-cü ildən başlayaraq “Xalq üçün mallar” Dövlət Konserninin idarə heyətinin sədri vəzifəsində çalışıb. “Xalq üçün mallar” Dövlət Konserni də mürəkkəb quruluşa malik bir sahə idi. Konsern ölkə sənayesinin doqquz müxtəlif sahəsinə rəhbərliyi həyata keçirirdi.
O dövrdə iqtisadiyyat tənəzzülə uğramış, keçmiş əlaqələr qırılmış, bazar itirilmişdi. Belə çətin bir vaxtda Rafiq Xələfov istehsalatın bazar iqtisadiyyatı istiqamətində qurulması üçün bütün qüvvələri səfərbər etdi. Nəticədə “Xalq üçün mallar” Dövlət Konserni qısa müddətdə öz məhsullarını xaricə göndərməyə nail oldu. Mütəxəssislər Almaniyaya, Türkiyəyə, Çinə ezamiyyətə yollandılar, müasir texnika, xammal və materialların alınması üçün müqavilələr bağladılar. Əmək ahəngini bərpa edən müəssisələrdə minlərlə insan, o cümlədən qadınlar və qızlar işlə təmin olundular.
Digər çıxış edənlər də Rafiq Xələfov barədə xatirələrini bölüşüb, onun gördüyü işlərin əhəmiyyətini vurğulayıblar.
Sonra Rafiq Xələfovun qızları Sevinc və Fəxriyyə Xələfovalar atalarının anım mərasimində iştirak edən hər kəsə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, Rafiq Xələfov dövlət xadimi kimi Azərbaycan Respublikasında böyük xidmətlər göstərib. Sevinc Xələfova bildirib ki, atası cəmi 59 il yaşamasına baxmayaraq mühüm işlərə imza atıb. Harada çalışmasından asılı olmayaraq özünəməxsus təşəbbüskarlıq və təşkilatçılıq, əməksevərlik və bacarıqlı rəhbər xüsusiyyətlərini nümayiş etdirib.
Rafiq Xələfov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaatçı-mühəndis ixtisasını bitirib. Ali təhsilini bitirəndən sonra müxtəlif sahələrdə çalışıb və elə ilk dövrlərdən özünü səmərələşdirici təkliflərlə çıxış edən, istehsalata yenilik gətirən istedadlı mühəndis kimi göstərib. 1962-1965-ci illərdə “Azərtəsərrüfat” Dövlət Layihə İnstitutunda iqtisadçı, iş icraçısı, baş mühəndis vəzifələrində çalışıb. Sonra “Azərdəniznefttikinti” trestinin baş mühəndisi vəzifəsinə irəli çəkilib. 1969-cu ildə Suriya Ərəb Respublikasında yeni kəşf edilmiş neft yataqlarında tikinti işlərinə rəhbərlik edib.
Fəxriyyə Xələfova qeyd edib ki, atası müstəqilliyini bərpa etmiş Azərbaycanın inkişafı üçün Ümummilli Lider Heydər Əliyevin tapşırıqlarına əsasən çox iş görüb. Bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Rafiq Xələfovu çağırıb onun qarşısında mühüm vəzifə qoydu. O, “Xalq üçün mallar” Dövlət Konserninin idarə heyətinin sədri kimi Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını ödəməli idi. Acınacaqlı vəziyyətdə olan, ayaqyalın-başıaçıq ordunu geyindirmək üçün bütün daxili resursları səfərbər etmək lazım idi. “Atam bu işin öhdəsindən gəldi. İş ondadır ki, bu, real işləyən və büdcəyə sanballı gəlir gətirən azsaylı konsernlərdən biri idi. Fabriklər işləməyə başladı, özü də demək olar ki, hamısı hərbi ehtiyaclar üçün işləyirdi. O vaxtın ordusunu təsəvvürünüzə gətirin. Atam isə heç iki il keçməmiş ordunu NATO forması ilə təchiz etdi”, - deyə F.Xələfova vurğulayıb. Təsadüfi deyil ki, 1997-ci ildə “Xalq üçün mallar” Konserni fəaliyyətini bitirdikdən sonra ümummilli lider Heydər Əliyev Rafiq Xələfovu ən geniş səlahiyyətlərlə Baş nazirin müavini təyin etdi. Təəssüf ki, 1998-ci ilin oktyabrında qəfil ölüm Rafiq Xələfovun uğurlu karyerasına son qoydu. O vaxt Rafiq Xələfovun cəmi 59 yaşı vardı və bu ölüm gənc müstəqil dövlətimiz üçün həqiqətən ağır itki idi.
Əməkdar mühəndis, görkəmli dövlət xadimi Rafiq Xələfovla bağlı ailə üzvləri, doğmaları və yaxınlarının xatirələri dinlənildikdən sonra mərhumun ruhuna dualar oxunub.
Qeyd edək ki, əməyi orden və medallarla qiymətləndirilən Rafiq Xələfov iki çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib.
Qurub-yaratmaq, tikmək, yol çəkmək, körpü salmaq Rafiq Xələfovun təkcə sənəti və vəzifəsi deyil, həm də amalı, alın yazısı, ömrünün mənası, həyatını həsr etdiyi iş idi. Bütün bunlar onun şərəfli ömür yolunun bütün mərhələlərində özünü göstərib.

Paylaş:
Baxılıb: 367 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31