Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanın DOST layihəsi əhalinin məşğulluğu, sosial müdafiəsi və digər təminat sahələrini əhatə edir

Azərbaycanın DOST layihəsi əhalinin məşğulluğu, sosial müdafiəsi və digər təminat sahələrini əhatə edir

10.01.2020 [09:24]

Kamran Abdullayev: Artıq DOST Agentliyinin mərkəzlərində övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı müraciətlərin qeydə alınması da aparılır
Məlum olduğu kimi, ölkəmizdə bütün sahələrdə, o cümlədən sosial sahədə islahatlar həyata keçirilir. Qeyd edək ki, Azərbaycanda həyata keçirilən sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Ötən qısa müddət ərzində görülən işlər, DOST Agentliyi və mərkəzlərinin fəaliyyətinin əhali arasında böyük məmnunluqla qarşılanması onu deməyə əsas verir ki, qurum üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Elə ötən ilin sonunda 2 saylı DOST Mərkəzinin fəaliyyətə başlaması və bu layihənin bütün ölkə ərazisində tətbiqi planları da ölkə vətəndaşları tərəfindən təqdir edilir.
Sumqayıt şəhərində, Abşeron, Bərdə, Şəki, Quba və Sabirabad rayonlarında DOST mərkəzləri açılacaq
Ümumiyyətlə, DOST Agentliyinin mərkəzlərinin yaradılmasında məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət istiqaməti üzrə göstərilən xidmətlərin hamısının bir mərkəzdən daha rahat və sürətli şəkildə aparmaq olub. Təsadüfi deyil ki, DOST Agentliyinin əsas hədəfləri kimi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Agentlikdən əldə etdiyimiz məlumatlara görə, artıq 8 aydır fəaliyyət göstərən 1 saylı DOST Mərkəzinə gün ərzində Bakının Yasamal və Səbail rayonlarının təxminən 350-400 nəfər sakini müraciət edir. Bu müddət ərzində həmin mərkəzə müraciət edən 60 mindən çox vətəndaşın əksəriyyəti göstərilən xidmətdən razılığını ifadə edib.
Məlum olduğu kimi, ötən ilin sonunda Bakının Xəzər rayonu ərazisində daha bir mərkəz istifadəyə verilib. Şüvəlan qəsəbəsində yerləşən 2 saylı Bakı DOST Mərkəzi Xəzər və Pirallahı rayon sakinlərinə xidmət edir. Müasir üslubda qurulan mərkəz il ərzində 70 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə xidmət göstərəcək. 2 saylı DOST Mərkəzinin 2 mərtəbəli binası müasir üslubda layihələndirilib və mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir. 2 saylı DOST Mərkəzi gün ərzində 250-300 vətəndaşı qəbul edə biləcək.
Yeri gəlmişkən, qeyd edək ki, 2020-ci ildə ölkəmizdə daha 8 DOST mərkəzinin açılması planlaşdırılır. Bu mərkəzlər Bakının Nizami və Binəqədi rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Bərdə, Şəki, Quba və Sabirabad rayonlarında açılacaq.
Azərbaycanın DOST layihəsi innovativ yenilikləri özündə əhatə edən unikal layihədir
Agentliyin apardığı daimi monitorinq, təhlillər nəticəsində məlum olub ki, DOST xidmətlərindən yararlanan insanların böyük əksəriyyəti burada göstərilən xidmətlərin səviyyəsindən razı qalıb, hətta vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 95 faizdən çoxdur. Belə ki, könüllülərin iştirakı ilə aparılan rəy sorğusu nəticəsində onların əksəriyyətinin xidmətdən razı qaldığı məlum olub. Bundan başqa, bilavasitə elektron sistem və könüllülər vasitəsilə aparılan sorğuya əlavə olaraq, 142 Çağrı Mərkəzinin xidmətlərindən razılıq səviyyəsi və kargüzarlığa göndərilən işlərin nəticəsindən vətəndaşın razılıq səviyyəsi daim təhlil edilir. Əsas məqsəd isə odur ki, indi fəaliyyət göstərən 1 və 2 saylı Bakı DOST mərkəzlərinə gələn heç bir vətəndaş buradan narazı getməsin.
Qeyd edək ki, hazırda dünyada “bir pəncərə” prinsipi üzrə bir sıra sosial xidmət təcrübələri olsa da, Azərbaycanın DOST layihəsi əhalinin məşğulluğu, sosial müdafiəsi və digər təminat sahələrində, həmçinin övladlığagötürmə ilə bağlı 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən kifayət qədər geniş xidmətlər arealını, innovativ yenilikləri özündə əhatə edən unikal bir layihə kimi diqqəti cəlb edir.
Onu da bildirmək yerinə düşər ki, digər şöbələrlə yanaşı, Agentliyin tərkibində övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamenti də fəaliyyət göstərir. Bu departament övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, bu sahədə nəzarətin həyata keçirilməsi, övladlığagötürmənin ləğvinin tələb edilməsi, Azərbaycan vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsinin icrasını təmin edir.
Əlilliyi olan vətəndaşlar müalicə-sağlamlıq mərkəzlərinə göndərişləri də DOST mərkəzlərindən ala bilirlər
DOST Agentliyinin DOST Xidmətləri departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri Kamran Abdullayevin sözlərinə görə, artıq ötən ilin noyabr ayından övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı DOST Agentliyinin mərkəzlərində vətəndaşların müraciətlərinin qeydə alınmasına başlanıb: “Məlum olduğu kimi, bu müraciətlər əsasən elektron qaydada həyata keçirilir. Bununla yanaşı, vətəndaşlarımız övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı müraciətləri DOST Agentliyinin mərkəzlərində quraşdırılmış özünəxidmət köşklərindən istifadə etməklə də həyata keçirə bilərlər”.
Kamran Abdullayevin dediyinə görə, DOST Agentliyinin mərkəzlərinə mürcaiət edən vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hansısa bir xidmətdən yararlanmaq istəyirsə, həmin elektron köşklərə yaxınlaşaraq oradan öz müraciətini göndərə bilər: “Təbii ki, bu müraciəti göndərərkən DOST Agentliyinin mərkəzlərinin əməkdaşları tərəfindən onlara yaxından köməklik göstəriləcək”.
Sanatoriya, kurort və digər müalicə-sağlamlıq mərkəzlərinə göndərişlərin verilməsi xidmətləri də DOST Agentliyinin mərkəzlərində göstərilir. Sanatoriya-kurort göndərişləri ilə bağlı müraciətlər üzrə xidmətlərin göstərilməsi məsələsinə toxunan Kamran Abdullayev bildirib ki, bu xidmətdən əhalinin əlilliyi və sağlamlıq imkanları məhdud olanlar kateqoriyasından vətəndaşlarımız istifadə edir: “Onu da qeyd edim ki, bu göndərişlər əlilliyi olan şəxslərə tam ödənişsiz olaraq təqdim edilir. Artıq ötən həftə biz 15 nəfərin sanatoriya-kurort göndərişləri ilə təmin edilməsini həyata keçirmişik. Onlar Naftalan və Lənkəran şəhərində yerləşən sağlamlıq mərkəzlərinə göndərişlərlə təmin olunub”.
DOST layihəsinin xidmətlərindən istifadə edən vətəndaşlar razılıq edirlər
Yeri gəlmişkən, Kamran Abdullayevin yuxarıda toxunduğu xidmətlərdən istifadə edən vətəndaşların da münasibətini öyrəndik. Onların əksəriyyəti göstərilən xidmətdən razılıqlarını ifadə etdilər.
Məsələn, Sanatoriya-kurort məsələsi ilə bağlı müraciət etdiyini söyləyən Sahibə Əsgərova xidmətdən razılığını dilə gətirdi. Onun sözlərinə görə, müalicə-sağlamlıq mərkəzinə göndərişin vaxtını dəyişdirmək barədə müraciəti tam müsbət şəkildə həll olunub.
67 yaşlı Rəhman Şahbazov da DOST Agentliyinin mərkəzlərində göstərilən xidmətdən razılığını ifadə etdi. R.Şahbazovun sözlərinə görə, mərkəzin əməkdaşları onu çox mehriban qarşılayıblar, müvafiq sosial agentə yönəldiblər: “DOST Agentliyinin mərkəzlərinin əməkdaşları isə bütün sənədlərimi şəffaf və ədalətli şəkildə araşdırıb, müvafiq qaydada müraciətimi müsbət yöndə həll etdilər. Belə bir xidmət təşkil etdiyinə dövlətimizin başçısına və müvafiq qurumların rəhbərlərinə təşəkkür edirəm”.
Sonda onu qeyd edək ki, DOST layihəsinin gələcək planları arasında ən vacibləri göstərilən xidmətlərin elektronlaşdırılmasıdır ki, bu proses sürətlə davam edir. Gələcəkdə xidmətlərin böyük əksəriyyətinin elektronlaşdırılması öz növbəsində vətəndaşa daha səmərəli və operativ xidmət göstərməyi təmin edəcək. Yaxın 2 ildə isə DOST mərkəzlərində göstərilən bütün xidmətlərin elektronlaşdırılması planlaşdırılır.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 388 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30