Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ARDNŞ-in "Yay təcrübəsi proqramı" Qaz Emalı Zavodunda da təşkil olunub

ARDNŞ-in "Yay təcrübəsi proqramı" Qaz Emalı Zavodunda da təşkil olunub

18.08.2011 [09:26]

Şirkətin məlum proqramı çərçivəsində təcrübə keçən seçilmiş tələbələr dövlətin onlara olan qayğısını yüksək qiymətləndirirlər
Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) son illər ciddi islahatlar aparılıb və həmin vacib iş bu gün də davam etdirilməkdədir. Bu işlər sırasında əlbəttə ki, gənc kadrların hazırlanması, onların işlə təminatı məsələləri də var. Dövlət Neft Şirkətinin istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə həyata keçirdiyi ardıcıl işlər hər kəsə bəllidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ali təhsil ocaqlarında təhsil alan istedadlı tələbələrə böyük diqqət ayırır, onların peşəkar kadr kimi ölkənin neft-qaz sənayesinə töhfələr verməsi üçün geniş imkanlar yaradır. Şirkət istedadlı tələbələrə təqaüdlər verir, eyni zamanda, onların təhsil prosesində əldə etdikləri nəzəri bilikləri təcrübi iş prosesinə çevirməsi üçün “Yay təcrübəsi proqramı”nı reallaşdırır...
Bu il də ARDNŞ Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, kompyüter, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, iqtisadiyyat, proqramçı və insan resurslarının idarə edilməsi ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı”na başlayıb. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin, işin keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir.
Qaz Emalı Zavodunun bölmələrində də “Yay təcrübəsi proqramı” icra olunmaqdadır. 2010-cu ildən etibarən reallaşdırılan “Yay təcrübəsi proqramı”nı isə ən uğurlu layihələrdən biri hesab etmək olar. Keçən il əldə edilmiş müsbət nəticə layihənin 2011-ci ildə də davam etdirilməsinə səbəb olub.
Dünən ARDNŞ-in İnsan Resursları Departamentinin əməkdaşlarının və mətbuat nümayəndələrinin iştirakı ilə Qaz Emalı Zavodunda təcrübə keçən tələbələrlə keçirilən görüş, layihənin çox uğurlu olması barədə fikri bir daha təsdiq etdi.
Direktiv avadanlıqların təchizatı, təmiri və quraşdırılması sahəsinin rəisi Murtuz İsgəndərovla söhbət zamanı məlum oldu ki, təcrübəçilər zavoda gələn gündən işlə təmin ediliblər. Göndərilmiş tələbələr elə ilk gündən özlərini istedadlı, verilən tapşırıqları vaxtında yerinə yetirən peşəkar işçi kimi nümayiş etdiriblər: “Hal-hazırda zavodun 1 saylı yarımstansiyası təmir olunur. Təmirlə əlaqədar olaraq, yenilənmə işləri aparılır. Lazım olan avadanlıqlar burada hazırlanaraq yarımstansiyaya aparılır və quraşdırılır, qurğu rəisinin və elektriklərin iştirakı ilə yoxlanıldıqdan sonra qanunamüvafiq şəkildə təhvil verilir. Gördüyünüz kimi, təcrübəçilər 1 saylı yarımstansiyada birinci qurğuda yerləşən nasosxanadakı mühərriklər üçün lazımi hissələrin birləşdirilməsini həyata keçirirlər”.
Təcrübəçilərə iş prosesi zamanı əyani olaraq, bütün detallar haqqında ətraflı məlumatın verildiyini vurğulayan sahə rəisi onların işlərini yüksək qiymətləndirib.
Sonra təcrübəçi gənclərlə söhbətləşdik.
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Energetika fakültəsinin III kurs tələbəsi İsmayıl Hüseynov ARDNŞ-in təşkil etdiyi “Yay təcrübəsi proqramı”na qatılmış istedadlı təcrübəçilərdəndir. Onun sözlərinə görə, bu proqramda yalnız təhsil prosesində yüksək nəticələr göstərmiş, intellektual baxımdan xeyli fərqlənən gənclər iştirak edə bilər: “Bu proqramda iştirakım müsabiqə yolu ilə baş tutub. Sonra bizi bu zavoda təcrübə keçməyə göndərdilər. Mən bir daha təcrübə keçdiyim müddətdə anladım ki, praktik fəaliyyət zamanı daha çox bilik əldə etmək olur. Akademiyada təhsil prosesi zamanı əldə etdiyim nəzəri məlumatlar da mənim köməyimə çatdı. Burada yaradılmış iş şəraiti isə yüksək səviyyədədir. Bu amil özü də təcrübəmizin daha səmərəli keçməsini şərtləndirir”.
ARDNŞ-in təqaüdçüsü, ADNA-nın Energetika fakültəsinin IV kurs tələbəsi Pərviz Quliyev də yaradılmış şəraitdən razılığını ifadə edərək, bildirdi ki, iki mərhələdə imtahan verdikdən sonra Qaz Emalı Zavoduna təcrübə keçməyə göndərilib: “Zavodun işçiləri, bizim səmərəli təcrübə prosesi keçməyimizə çox köməklik edirlər. Burada fəaliyyət göstərdiyimiz müddətdə yarımstansiyanın nasosxanasının elementlərinin dəyişdirilməsi, təmiri və quraşdırılması kimi iş təcrübələrinə yiyələndik”.
Şirkət tərəfindən yaradılmış şəraitə görə minnətdarlığını ifadə edən Pərviz Quliyev bütövlükdə bunu Azərbaycan gəncliyinə olan diqqət və qayğı kimi dəyərləndirdi: “ümumiyyətlə, Prezident İlham Əliyevin gənclərlə görüşlər keçirməsi, bizim yüksək səviyyəli təhsil almağımız, işlə təmin olunmağımız, sosial problemlərimizin həll edilməsi istiqamətində tədbirləri nəzərdə tutan irimiqyaslı proqramlar qəbul etməsi çox sevindirici haldır. Artıq mənim kimi digər gənclər də dövlətin diqqətini görür. ARDNŞ-in tələbə gənclərin təcrübə keçməsi üçün bu cür şərait yaratması, bizlərə təqaüd verməsi söylənilən fikri bir daha sübut edir”.
ADNA-nın Energetika fakültəsinin III kurs tələbəsi Nicat Mirzəyev də onların təcrübə keçmələri üçün yaradılmış şəraitdən razılığını ifadə edib: “Təcrübə keçməyimiz üçün yaradılmış şəraitdən, mühəndislərdən məmnunuq”.
Dövlətimizin gənclərə böyük diqqət ayırmasının təqdirəlayiq hal olduğunu söyləyən ADNA-nın Energetika fakültəsinin IV kurs tələbəsi Könül Quliyeva isə bildirdi ki, son illər ərzində gənclərin işlə təminatı sahəsində baş vermiş dəyişikliklər hər kəsdə qürur hissi doğurur: “Əlbəttə ki, gənclərin digər problemlərinin həlli məsələsi də diqqət mərkəzindədir. ARDNŞ-in belə bir proqram həyata keçirməsi gənc tələbələrin işlə təminatı baxımından problemlərinin olmadığını göstərir”.
Gənc təcrübəçilər bir daha vurğuladılar ki, burada əldə etdikləri təcrübi biliklər gələcək fəaliyyətlərində xüsusi rol oynayacaq. Verilən tapşırıqların öhdəsindən asanlıqla gəldiklərini söyləyən gənclər proqramın iştirakçıları olan tələbələrə yaradılan şəraitdən razılıq ifadə etdilər. “ARDNŞ-in tələbə-gənclərlə bağlı həyata keçirdiyi silsilə proqram və layihələr dövlətimizin gənc nəsillə bağlı yürütdüyü siyasətin tərkib hissəsidir” deyən gənclər özlərinin və tələbə dostlarının adından onların qarşısında belə gözəl inkişaf perspektivləri açdıqları üçün Prezident İlham Əliyevə, eyni zamanda, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə dərin minnətdarlıq bildirdilər.
Qeyd edək ki, yay təcrübəsi tələbənin istəyindən asılı olaraq 1 və ya 2 ay müddətində davam edəcək. Proqramın şərtlərinə görə tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanır və o, ən aşağı dərəcəli mütəxəssis vəzifəsində işə qəbul olunur. Təcrübəçi işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq, əməkhaqqı alır. Eyni zamanda, ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavriatın 2, 3, 4-cü kursları və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr iştirak edirlər. 23 may 2011-ci il tarixində ARDNŞ-in saytında elan olunmuş müsabiqəyə iki həftə ərzində ölkə daxilində və xaricdə 31 ali məktəbdə təhsil alan 590 tələbə müraciət edib. 18 ali məktəb üzrə 226 tələbə yay təcrübəsinə qəbul edilib. Seçim zamanı ARDNŞ-nin təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin, müsabiqələrdə yaxşı nəticələr göstərən tələbələrə üstünlük verilib.
İyul ayının əvvələrində tələbə təcrübəçilərlə müvafiq əmək müqavilələri bağlanıb. Tələbələrin yay təçrübəsi ARDNŞ-in “Azneft” İB, “Azərikimya” İB, Kompleks Qazma İşləri Tresti, “Neftqaztikinti” tresti, Xəzər Dəniz Neft Donanması, Geofizika və Geologiya İdarəsi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “Azərneftyağ” Neft Emalı Zavodu, Qaz Emalı Zavodu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Neft Kəmərləri İdarəsi, “Azəriqaz” İB  və Ekologiya İdarəsində təşkil edilib.
Xatırladaq ki, keçən il yay təcrübəsi proqramına ölkə daxilindən və xaricdən 20 ali təhsil müəssisələrindən 306 nəfər tələbə müraciət edib, bunlardan 126 nəfəri seçilib.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30