Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Kaliforniya KİV-i yerli ştat assambleyasının Dağlıq Qarabağla bağlı qətnaməsini etirazla qarşılayır

Kaliforniya KİV-i yerli ştat assambleyasının Dağlıq Qarabağla bağlı qətnaməsini etirazla qarşılayır

24.05.2014 [11:17]

Bu “sənəd” həm beynəlxalq hüquq normalarına, həm də ABŞ-ın rəsmi mövqeyinə ziddir
Azərbaycan dövləti işğal edilmiş torpaqlarının azad olunması istiqamətində prinsipial və qətiyyətli mövqe nümayiş etdirir. İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişə hələ də həll olunmasa da, beynəlxalq müstəvidə ölkəmizi dəstəkləyənlərin sayı artmaqdadır. Son vaxtlar nüfuzlu beynəlxalq qurumların ortaya qoyduğu mövqe bu faktı təsdiqləyir. Belə ki, Azərbaycanın tutduğu prinsipial mövqenin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu bəyan edirlər. Məhz bunun nəticəsidir ki, bir sıra nüfuzlu beynəlxalq qurumlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında sənədlər qəbul edib. Həmin sənədlərdə vurğulanır ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Bütün bunlar onu göstərir ki, beynəlxalq müstəvidə Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir.
Amma işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ problemi hələ də öz həllini tapa bilmr. Ermənistan və erməni lobbisi xaricdə də təxribatçı fəaliyyətlə məşğuldur. Çox təəssüf ki, ermənilərin bu tip təxribatçı addımları bəzi hallarda müəyyən siyasi qruplar tərəfindən dəstəklənir. Buna sübut kimi ABŞ-ın Kaliforniya Ştat Assambleyasının 8 may tarixində qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qəbul etdiyi qətnaməni göstərmək olar.
ABŞ ictimaiyyəti nümayəndələrinin etirazları ilə qarşılaşan bu “sənəd”, ilk növbədə, ABŞ-ın mövqeyinə və maraqlarına ziddir. Məhz bu səbəbdəndir ki, Kaliforniyada yerli KİV-lərin əksəriyyəti ABŞ hökuməti və bütün dünya birliyi tərəfindən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığını bildirərək, bu qətnaməni ABŞ-ın xarici siyasətinə Kaliforniya Assambleyasının ziyanlı müdaxiləsi kimi qiymətləndiriblər. Belə ki, Kaliforniya siyasi dairələrinin ən çox oxunan “Sacramento Bee” qəzetinin tanınmış müxbiri Dan Uolters qətnamə ilə bağlı videobloq vasitəsilə çıxış edərək bunları bildirib: “Kaliforniya qanunvericilik orqanı bizim ödədiyimiz vergilərdən istifadə edərək, lazımsız işlərlə məşğul olur və mürəkkəb xarici siyasi məsələlərə burnunu soxur. Məsələn, götürək Dağlıq Qarabağ ilə bağlı qətnaməni. ABŞ bu bölgəni Azərbaycan ərazisi kimi tanıyır. Ancaq Qatto qətnaməsi isə bunun əksini söyləyir. Bu, Kaliforniyanın nəyinə lazımdır? Onsuz da bu qətnamənin münaqişə üçün heç bir önəmi yoxdur. Səbəb aydındır. Çünki Kaliforniyadakı böyük erməni lobbisi Ştat Assambleyasına bu qətnaməni qəbul etmək üçün böyük təzyiqlər göstərir. Assambleyanın isə onlara “yox” deməyə gücü çatmır. Ancaq Assambleya erməni lobbisinə etiraz edərək Kaliforniya əhalisini maraqlandıran işlərlə məşğul olmalıdır”.
Qətnamənin müəllifi, ermənipərəst Assambleya üzvü Mayk Qattonun seçki dairəsində də “sənəd” narazılıqla qarşılanıb. Sözügedən dairədə dərc olunan “Crescenta Valley Weekly” qəzetinin müxbiri Ted Ayala öz məqaləsində Ermənistanın təcavüzkarlığı nəticəsində yüz minlərlə azərbaycanlının Ermənistandan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salındığını, ABŞ hökumətinin, həmçinin, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirir. Müəllif Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirdiyi cinayətlərdən danışaraq, xüsusilə onların Kəlbəcər rayonunda törətdiyi hərbi cinayətləri qeyd edir. T.Ayala Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən aldığı müsahibəyə istinad edərək, bu qətnamənin Kaliforniyanın azərbaycanlı və erməni icmalarını qarşı-qarşıya qoyduğunu, sülh danışıqlarına mənfi təsir göstərə biləcəyini, həm ABŞ xarici siyasətinə, həm də beynəlxalq birliyin iradəsinə qarşı olduğunu bildirir. Sonda müəllif bir sıra başqa ABŞ ştatlarının Kaliforniyadan fərqli mövqe tutaraq, ABŞ federal hökumətinin xarici siyasətini dəstəkləyən qətnamələr qəbul etdiyini qeyd edir və bu səpkidə Arizona qanunvericilik orqanının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 30.01.2014-cü il tarixli qətnamələrini diqqətə çatdırır.
Kaliforniya siyasi dairələrində geniş şəkildə oxunan analitik bloq - “California Political News & Views” saytında dərc olunmuş “Sakramento demokratları iş yerləri yaratmaq əvəzinə xarici siyasətlə məşğuldurlar” başlıqlı məqalədə isə qeyd olunur ki, “Kaliforniya depressiya içindədir, işsizlik 15 faizdir, vergilər yüksəkdir, iş yerləri bağlanmaqdadır, pensiya sistemi tənəzzül etməkdədir, 16,7 milyard dollarlıq büdcə kəsiri var, ancaq bütün bunları həll etmək əvəzinə Ştat Assambleyasının üzvü Mike Qatto Ermənistan ilə Azərbaycan arasında olan məsələyə dair qətnamə hazırlamağa vaxt tapır”. Eyni elektron nəşrdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu N.Ağayevin “Kaliforniya qanunvericilik orqanı özünün erməni lobbisi tərəfindən manipulyasiyasına imkan verməməlidir” başlıqlı məqaləsi də dərc edilib.
“Los Angeles Times” qəzetinin dərc etdiyi iki məqalədə isə müəllif Melani Meyson ABŞ hökumətinin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını, buna görə də, bu qətnamənin ABŞ-ın xarici siyasətinə zidd olduğunu və xüsusilə şərqi Ukraynada hazırda baş verən hadisələr fonunda belə bir ziddiyyətin yersizliyini qeyd edir.
Qeyd edək ki, kaliforniyalı oxucular bu məqalələrə şərhlər yazaraq, qətnaməyə etirazlarını bildirib, Kaliforniya qanunvericilərinin xarici siyasətlə məşğul olmaqdansa, ştatın təxirəsalınmaz problemlərinin həllinə diqqət yetirməli olduqlarını söyləyiblər. Separatçılıq və etnik münaqişələr üzrə ixtisaslaşan “Springtime of Nations” siyasi bloqunda dərc olunmuş “Kaliforniya Assambleyası etnik təmizləməyə haqq qazandıran qətnamə qəbul etdi” başlıqlı məqalədə də sözügedən qətnamə kəskin tənqid olunur. Müəllif Ermənistan tərəfindən həyata keçirilmiş işğal, etnik təmizləmə və Xocalı soyqırımı barədə oxucuları geniş məlumatlandıraraq, Kaliforniya qanunvericilərinin bu qətnamə ilə bütün bu cinayətlərə haqq qazandırmış olduqlarını vurğulayır.
Beləliklə, KİV-lərin bu mövqeyi də Kaliforniya Ştat Assambleyasının qərarının ABŞ cəmiyyətində etirazla qarşılandığını təsdiqləyir. Ümumi ictimai rəy isə ondan ibarətdir ki, işğalçı Ermənistan və onun himayədarları bu cür təxribatlarla regiondakı vəziyyətin gərginləşməsinə rəvac verirlər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31