Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Ermənistanda Rusiya bayrağı ayaqlar altına atıldı

Ermənistanda Rusiya bayrağı ayaqlar altına atıldı

15.01.2015 [10:02]

İşğalçı ölkədə rusiyalı hərbçinin erməni ailəsinin 6 üzvünü qətlə yetirməsi ilə başlayan etiraz dalğası genişlənir
Yanvarın 12-də Ermənistanın Gümrü rayonunda dislokasiya olunan 102-ci Rusiya hərbi bazasında həqiqi hərbi xidmət keçən Valeriy Permyakovun Avetisyanovlar ailəsinin 6 üzvünü qətlə yetirməsi işğalçı ölkənin siyasi gündəmini dəyişməkdədir. Artıq bir neçə gündür ki, bu mövzu Ermənistan mətbuatının əsas xəbər başlıqlarında yer alır. Rusiya tərəfinin hadisəni öz nəzarətinə götürməsi, cinayət işini araşdırmaq istəyən yerli hüquq-mühafizə orqanları əməkdaşlarını yaxına belə buraxmaması Ermənistanın nə qədər “müstəqil” bir dövlət olduğunu aydın büruzə verir. Bu isə nəinki rəsmi orqanların, hüquq-müdafiə təşkilatlarının, eləcə də, adi vətəndaşların qəzəbinə səbəb olub. Odur ki, sabah, yanvarın 16-da Gümrü şəhərində baş tutacaq dəfn mərasiminin izdihamla müşayiət olunacağı gözlənilir. Vəziyyətdən çıxış yolu axtaran Serj Sarkisyan rejimi isə Avetisyanovlar ailəsinin dəfn mərasimini ciddi nəzarət altında və sakit şəraitdə keçirməyə, eləcə də, müxalifətin yaranmış şəraitdən istifadəsini əngəlləməyə çalışır.
Bununla belə, vida mərasiminin, eləcə də, sabah keçiriləcək dəfn mərasiminin insidentsiz ötüşməyəcəyini indidən söyləmək çətindir. Belə ki, artıq Ermənistandan olan vəkillər Rusiyanın Permyakovun işini öz nəzarətinə götürməsinə etiraz etməyə başlayıblar. Tanınmış erməni vəkil Norayır Norikyan KİV-ə müsahibəsində Ermənistan qanunvericiliyində bir ailənin üzvlərinə qarşı törədilmiş cinayət əməlinə görə ömürlük həbs cəzası, yaxud ən azından 15 il həbs müddəti nəzərdə tutulduğunu bildirib. O, cinayət işinin Rusiya Federasiyası Konstitusiyasının 61-ci maddəsinə uyğunlaşdırılmasına kəskin etiraz edib. Həmin maddəyə görə, RF-in vətəndaşı mühakimə olunmaq üçün digər bir ölkəyə verilə bilməz.
“Qanunvericiliyə görə, ölkə ərazisində baş verən bütün cinayət əməlləri Ermənistanın Cinayət Məcəlləsinin maddələrinə uyğun şəkildə mühakimə olunmalıdır. Başa düşə bilmirəm ki, nə üçün hakimiyyət bu cinayət hadisəsinin Rusiya Federasiyasının yuridiksiyasına keçməsinə razı olub? Hər bir ölkənin qanunlarına hörmətlə yanaşılmalıdır. Ola bilsin ki, istintaq nəticəsində elə faktlar aşkarlanar ki, bu, bizim üçün şok bir xəbər olar. Amma indiki şəraitdə erməni hüquq-mühafizə orqanları əməkdaşları əlləri-qolları bağlı oturub qarşı tərəfdən cavab gözləyəcəklər. Bu, qanunsuzluqdur. Əgər Permyakov ölkə ərazisində hansısa hərbi cinayət törətsəydi, bunu yenə də başa düşmək olardı. Axı o mülki ailəyə daxil olub, onları gülləbaran edib və gedib. Bu, yolverilməzdir”, - deyən vəkil Rusiya tərəfinin Permyakovla bağlı atdığı addımın gələcəkdə həmin hərbi bazada baş verə biləcək insidentlər üçün pis president ola biləcəyini vurğulayıb. “Hər hansı bir vətəndaş, əgər dövlət sərhədini keçirsə, o, mütləq həmin ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir. Bayandur kəndi yaxınlığında, Ermənistan-Türkiyə sərhədində yaxalanan bu hərbçinin nədən 102-ci hərbi bazaya aparıldığını hələ də başa düşə bilmirəm. Bu suala mütləq Ermənistan hakimiyyəti cavab verməlidir”, - deyə Norayır Norikyan vurğulayıb. O, həmçinin, ölkə ictimaiyyətini də məsələyə biganə qalmamağa çağırıb.
Xatırladaq ki, Avetisyanovlar ailəsinin nəşi Surb Nşan kilsəsinə gətiriləndən sonra dünən Gümrü şəhərinin mərkəzində avtomobillərin yürüşü olub. Etiraz yürüşündə iştirak edənlər ailənin 7 üzvündən 6-nı amansızlıqla qətlə yetirən rus hərbçisi Valeriy Permyakovun Ermənistan tərəfinə təhvil verilməsini tələb ediblər. Yürüş iştirakçısı Qayana Avetisyan yerli KİV-ə müsahibəsində aksiyanı keçirməkdə məqsədlərinin Ermənistanın müvafiq orqanlarını onların tələblərini dinləməyə məcbur etmək olduğunu bildirib. Hərbi şəhərcikdən start götürən avtomobil karvanı əvvəlcə Rusiya Federasiyasının Gümrü şəhərindəki konsulluğu qarşısına gəlib. Burada etirazçılar Rusiyanın dövlət bayrağını konsulluğun qarşısında yerə atıblar. Daha sonra onlar Şirak vilayət administrasiyasının qarşısından keçərək, Surb Nşan kilsəsinə yollanıblar. Etirazçılar burada da Valeriy Permyakovun Ermənistana təhvil verilməsini tələb ediblər.
Yerli KİV-lərdə yer alan məlumatlardan belə aydın olur ki, bu, Ermənistanda dislokasiya olunan rus hərbçilərinin iştirakı ilə baş verən ilk cinayət əməli deyil. Sadəcə, nisbətən kiçik miqyasda baş verən analoji olaylar KİV-dən gizli saxlanılıb. Sonuncu hadisə isə ermənilərin (yoxsa, rusların?-S.L.) səbr kasasını daşırıb. Məsələ burasındadır ki, Rusiyanın Əsgər Anaları Komitəsinin icraçı katibi, Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Valentina Melnikovanın sözlərinə görə, 2013-cü ildən başlayaraq Ermənistanda hərbi xidmətdə olan rus əsgərlərinin qanunazidd əməlləri barədə yerli sakinlərdən onlara çoxlu müraciətlər daxil olub. “Bu müraciətlər həm əsgərlər, həm də zabitlərlə bağlı olub. Biz öz növbəmizdə həmin müraciətləri baxılması üçün hərbi prokurorluğa göndərmişik. Amma görünür lazımi ölçü götürülməyib”, - deyə V.Melnikova vurğulayıb. Elə görünən də odur ki, hakimiyyəti qəsb etmiş Serj Sarkisyan rejimi Ermənistanı müstəqil ölkədən Rusiyanın hansısa bir əyaləti səviyyəsinədək endirməyi bacarıb. Məhz bu səbəbdən də sabah Gümrü şəhər qəbiristanlığında baş tutacaq Avetisyanovların dəfn mərasiminin Serj Sarkisyan rejiminə qarşı xalq kütlələrinin ciddi etirazı ilə müşayiət olunacağı istisna edilmir.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 1108 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30