
Yaxud “xaos ittifaqı” anti-Azərbaycan dairələri ilə eyni cəbhədə...
Müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallıqlarından birini sarsılmaz əsaslara malik olan Azərbaycan-Türkiyə münasibətləri təşkil edir. Tərəflər arasındakı qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır.
Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı unikal bir nümunədir
Bunlarla yanaşı, Azərbaycanla Türkiyənin qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor beynəlxalq münasibətlər sistemində ölkələrimizin qarşılıqlı-faydalı əməkdaşlığını, münasibətlərini şərtləndirməkdədir. Dolayısıyla, bu iki qardaş dövlətin siyasi rəhbərliyinin ölkələrarası dostluq və qardaşlığa sadiqliyinin, ortaq milli maraqlara xidmət edən ardıcıl siyasi xəttinin nəticəsi olaraq hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib.
Sarsılmaz əsaslara malik olan Türkiyə-Azərbaycan birliyi bəzi dairələri ciddi narahat edir
Bütün bunlara rəğmən, Türkiyə-Azərbaycan birliyi xaricdəki anti-Türkiyə və anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Qeyri-müəyyən geosiyasi maraqlara və korporativ mənafelərə malik olan həmin dairələr Türkiyə və Azərbaycan prezidentlərinin möhkəm dostluq əlaqələrindən, hər iki ölkə başçısının bir-birinə hərtərəfli, qarşılıqlı dəstəyindən narahat olurlar. Məhz buna görə də provokasiya xarakterli addımlar atılır, müxtəlif səviyyəli manipulyasiyalar edilir. Həmin qüvvələrin bütün səyləri dövlət rəhbərləri arasında etimadsızlıq mühiti yaratmağa, iki qardaş ölkənin münasibətlərinə xələl gətirməyə yönəlib. Bu məqsədlə Qərbdəki dairələr tərəfindən idarə olunan “beşinci kolon”un imkanlarından geniş istifadə olunur...
Əlbəttə, bu, təsadüfi deyil, çünki qeyd etdiyimiz kimi, sarsılmaz təməllərə söykənən Azərbaycan-Türkiyə münasibətlərini simvolizə edən mühüm nüanslardan biri də hər iki ölkənin beynəlxalq miqyasda vahid cəbhədə - ümumi məqsədə xidmət edən sinxron fəaliyyətidir. Daha dəqiq desək, Azərbaycan-Türkiyə həmrəyliyi sayəsində bəzi dairələrin təxribatlarına qarşı birgə uğurlu mübarizə aparılmaqdadır. Gündən-günə möhkəmlənən Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri həm imperialist dairələrə, həm də antitürk düşüncəli dairələrə mühüm mesajdır...
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır
Bu kontekstdə türkiyəli iş adamı Aydın Doğanın və ABŞ xüsusi xidmət orqanları tərəfindən idarə olunan gülənçilərin birgə - koordinasiya olunmuş fəaliyyəti xüsusi yer tutur. Bu qüvvələrin Azərbaycana qarşı kampaniyasının əsas səbəblərindən biri məhz Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəyidir. Məlum olduğu kimi, Azərbaycan bütün məsələlərdə qardaş Türkiyəni dəstəkləyir, öz prinsipial mövqeyini aydın və konkret şəkildə ifadə edir. Bu isə həmin dairələrdə ciddi narahatlıq yaratmaqla yanaşı, Azərbaycanın hədəf seçilməsini şərtləndirir...
Aydın Doğan kimdir və nə üçün anti-Azərbaycan cəbhəsində yer alıb?
Aydın Doğanın Azərbaycana qarşı bu kampaniyada yer alması isə konkret motivlərlə əlaqədardır, heç də təsadüfi xarakter daşımır. Qeyd etmək lazımdır ki, Azərbaycan öz müstəqilliyinə yeni qovuşanda ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən də, neft sektorunda mövqe əldə etmək istəyən çoxsaylı işbazlardan biri də A.Doğan olub. Lakin həmin dövrdə onun niyyətlərinin reallaşmasına imkan verilməməsi Doğanın Azərbaycana qarşı davamlı şəkildə radikal kampaniya təşkil etməsinin səbəblərindən biridir. Hazırda isə neft yataqlarının istismarı, neft emalı və satışı ilə məşğul olan Aydın Doğan SOCAR-ın Türkiyədə və regionda aktiv fəaliyyətini həzm edə bilmir.
Ümumiyyətlə, müşahidələr belə deməyə əsas verir ki, hal-hazırda Türkiyədə Azərbaycanın əleyhinə təbliğat aparan və bu istiqamətdə fəaliyyətləri uzlaşan iki media quruluşu var. Bunlardan biri Türkiyədəki erməni mətbuatı, digəri isə Doğana məxsus KİV-lərdir.
Onu da vurğulayaq ki, A.Doğan həm də “Kanal D”, “CNN Türk”, “Hürriyyət”, “Radikal” kimi çoxsaylı media qurumlarının təmsil olunduğu “media patronu” kimi tanınır. Onun öz biznes dairəsini genişləndirmək, siyasi proseslərdə iştirak etmək niyyətlərini reallaşdırmaqda bir vasitə kimi sahibi olduğu media qurumlarının imkanlarından geniş istifadə etdiyi bəllidir.
O da qeyd edilməlidir ki, bu media qurumlarından həm də A.Doğanın çirkin əməllərini ifşa edən hakimiyyət orqanlarına qarşı çirkin kampaniya təşkil edilməsində fəal istifadə olunur. “Doğan Media Qrupu” erməni maraqlarından çıxış edir.
“Doğan Media Qrupu”nda erməni mənşəli Türkiyə vətəndaşlarının və eyni zamanda, gizli ermənilərin olması, həmçinin, Aydın Doğanın mübahisəli etnik kimliyi, erməni mənşəli olması barədə yayılmış məlumatlar da onun anti-Türkiyə və anti-Azərbaycan fəaliyyətini səciyyələndirən amillər sırasında göstərilir. Bu kontekstdə bir çox nümunələri diqqətə çatdırmaq məqsədəmüvafiqdir.
İlk növbədə, qeyd edək ki, 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin müzakirəyə çıxarıldığı zaman da Doğan mediası Azərbaycanın kölgəsini qılınclamaqla məşğul olub. Digər tərəfdən, ötən ilin sonlarında Azərbaycan ordusu tərəfindən Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin məhv edilməsi “CNN Türk” efirindən “Azərbaycan Dağlıq Qarabağa aid savaş helikopterini düşürdü” başlığı ilə verilib, bununla da qondarma “Dağlıq Qarabağ rejimi” münaqişədə tərəf kimi təqdim olunub.
Bunlarla yanaşı, Aydın Doğana məxsus olan “Radikal” qəzeti Türkiyə ermənilərinin ən çox əməkdaşlıq etdiyi qəzetlərdən biridir. “Radikal” qəzetinin erməni əsilli əməkdaşı Arıs Nalçı 2014-cü il 25 oktyabr tarixli “Kobaniyi Qarabağdan anlamaq” başlıqlı köşə yazısında Qarabağın işğal edilməsinə haqq qazandırılır, erməni işğalı “milli-azadlıq mübarizəsi” kimi təqdim edilir. Doğana məxsus “Hürriyyət” qəzeti isə Azərbaycana qarşı davamlı şəkildə “qara piar” kampaniyası həyata keçirən media orqanıdır. Təsadüfi deyil ki, bu qəzetin əməkdaşı, A.Doğana yaxınlığı ilə tanınan jurnalist Tolqa Tanış Qərbin xüsusi xidmət orqanları tərəfindən idarə olunan OCCRP adlı jurnalist qurumunun üzvlərindən biridir. O, bu qurumun Azərbaycana qarşı həyata keçirdiyi “qara piar” kampaniyasında fəal iştirakı ilə seçilir.
“Xaos ittifaqı”nın ermənipərəst siması...
Qeyd etdiyimiz kimi, “Doğan Media Qrupu”, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini təhrif edərək ictimai rəyi Ermənistanın lehinə yönəltməyə çalışır. Görünür, bu münasibətin arxasında onun hamıya yaxşı tanış olan Fətullah Gülənin başçılıq etdiyi, həmçinin, Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx bağlı olan nurçular qrupu ilə son zamanlar yaranan müttəfiqliyi də dayanır. Təsadüfi deyil ki, bu müttəfiqlik “xaos ittifaqı” kimi səciyyələndirilir. Azərbaycanda Türkiyə hakimiyyətinə dəstək məqsədilə gülənçi şəbəkənin ifşa olunması, türk liseylərinin qapadılması hazırda F.Gülən tərəfdarları ilə A.Doğanın birgə şəkildə Azərbaycana qarşı kampaniya həyata keçirməsini şərtləndirir. Əslində isə, gülənçi-doğançı şəbəkə Azərbaycan-Türkiyə birliyini hədəfə götürməklə öz antimilli, ermənipərəst simasını açıq-aydın göstərir.
Nurlan QƏLƏNDƏRLİ
- Oxunub: 17010 |
- Tarix: 04-06-2015 |
-
Çap et |