Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Bakı - mədəniyyətlərarası dialoq paytaxtı

Bakı - mədəniyyətlərarası dialoq paytaxtı

05.06.2015 [10:19]

Bu günlərdə Rusiyada nəşr olunan populyar “Naşa qazeta”da Nadejda Sikorskayanın “Bakı - mədəniyyətlərarası dialoq paytaxtı” başlıqlı məqalə dərc olunub. Yazının aktuallığını nəzərə alaraq onu oxucularımıza təqdim edirik.
18-19 may tarixlərində Azərbaycan paytaxtında Üçüncü mədəniyyətlərarası dialoq üzrə dünya Forumu keçirildi. Tədbir BMT tərəfindən hər il 21 may tarixində qeyd olunan Ümumdünya Mədəniyyət müxtəlifliyi gününə həsr edilib. Forum Azərbaycan tərəfi ilə UNESCO, İSESCO, Ümumdünya Turizm Təşkilatı və Avropa Şurası tərəfindən birgə təşkil olunub.
Tanımadığın və ilk dəfə gəldiyin şəhərdə ilk ağla gələn bilirsinizmi nədir? - Sözsüz ki, bu, internetin işləməsidir! Heydər Əliyev adına Bakı Hava Limanına enəndən sonra dünya informasiya şəbəkəsinə dərhal qoşulmağım bu şəhər haqda məndə yaranan ilk xoş təəssürat oldu. İkinci xoş təəssürat isə səhərin sübh çağında hava limanında forum iştirakçılarının yüksək qonaqpərvərliklə qarşılanması zamanı yarandı. Üçüncüsü - müasir Bakıya xüsusi yaraşıq verən göydələn - “Alov qüllələri”nin birindəki super müasir mehmanxana nömrəsi idi. Demək olar ki, istirahətimiz üçün 1 saat vaxt var idi. Saat 8-00-da üzərində forumun simvolları olan komfort avtobuslar bizi mehmanxanadan alıb Heydər Əliyev Mərkəzinə apardılar. Bu, çox qeyri-adi və möhtəşəm bir binadır, tez əlimə telefonu alıb onun şəklini çəkmək istəyirəm. Məlum olur ki, tikilinin müəllifi İraqəsilli, britaniyalı memar Zaha Hadiddir. Bu həmin Z.Hadiddir ki, 2004-cü ildə qadın memarlar arasında tarixdə ilk dəfə olaraq Pritçker mükafatına sahib olub, 2012-ci ildə isə Britaniya imperiyasının Komandor ordeninə layiq görülüb. Tikintisinə 5 il sərf olunan mərkəz 2012-ci ildə, mayın 10-da istifadəyə verilib. 2014-cü ildə isə bu möhtəşəm tikili nüfuzlu - Design of the Year - mükafatına layiq görülüb. Mərkəzin girişində füsunkar Ceyran sərgisi fəaliyyət göstərir, hansı ki, ilk Avropa Oyunlarının simvollarından biridir.
Heç bir şaquli sütunu olmayan bu möhtəşəm tikilidə daha bir sürprizlə qarşılaşdım - bu Mstislav Rostropoviçin qızı Olqa idi. O, həmin ərəfədə Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan və atasının adını daşıyan 8-ci Beynəlxalq musiqi festivalında iştirak etmək üçün burada imiş. Sən demə, bəxtimdə bir gün sonra möhtəşəm Bakı Filarmoniyasında keçiriləcək gənc musiqiçilərin - tələbələrin konsertində iştirak etmək də var imiş.
Xatırladım ki, Mədəniyyətlərarası dialoq üzrə Ümumdünya forumu 2008-ci ildə yaradılıb və “Bakı prosesi” kimi daha çox tanınır. Ötən dövr ərzində forum dünya ictimaiyyətini narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir məkana çevrilib. Məhz bu səbəbdən builki forumun da leytmotivi “Ümumi təhlükəsizlik üçün ümumi mədəniyyət” idi.
Forumu Azərbaycan Prezidenti İlham Əliyev açdı. Heç bir kağız və ya qeydə baxmadan, səlis ingilis dilindəki nitqi hamını valeh edirdi. Prezident bildirdi ki, builki forumda dünyanın təqribən 100 ölkəsindən 500-dən artıq nümayəndə iştirak edir. Dövlət başçısı qeyd etdi ki, hazırda Azərbaycanda yaşayan bütün dinlərin və etnik qrupların nümayəndələri ölkənin inkişafına öz töhfələrini verməkdədirlər: “Hesab edirəm ki, bu, bizim ən böyük sərvətimizdən biridir. Lakin, bu gün dünyanın müxtəlif yerlərində etnik, dinlərarası zəmində baş verən hadisələr bizdə də böyük narahatlıq yaradır. Biz neqativ tendensiyanın şahidiyik. Gərginliyin və düşmənçiliyin artması - bu gün beynəlxalq gündəlikdə duran əsas vəzifələrdən biridir”.
Prezident İlham Əliyev qeyd etdi ki, mədəni müxtəlifliyə alternativ görmür və bu konsepsiyanın irəliləməsi üçün forum iştirakçılarını bütün səyləri birləşdirməyə çağırdı.
Təəssüf ki, Prezidenti tribunada bir-birinin ardınca əvəz edən natiqlər əvvəlcədən hazırladıqları və digər tədbirlərdə dəfələrlə oxuduqları çıxışlarla Onun kimi qətiyyətli olmadılar. Hətta forumda çıxış edənlərin bəziləri özlərinin ənənəvi siyasi və ideoloji opponentlərinə qarşı fikirlər də səsləndirdilər.
Oxucuların nəzərinə çatdırım ki, belə mötəbər tədbirlərdə heç də hər şey tədbirin keçirildiyi zalda baş vermir, əksinə onun kuluarlarında daha maraqlı hadisələrə rast gəlirsən. Eləcə də, forumun keçirildiyi şəhəri gəzərkən çox maraqlı hadisələrlə rastlaşırsan.
Bakıda olarkən diqqətimi çəkən məqamlardan biri də rus dilinə olan bağlılıq idi. Bu dildə danışan insanlara hər yerdə - küçədə, mağazada, avtobusda rast gəlmək mümkündür. Gənclər arasında bu dilə maraq daha böyükdür. Yəqin ki, 250 rusdilli məktəbin olması ilə əlaqədardır. Bundan əlavə, paytaxtda Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, MDU-nun filialı da var imiş.
Bakıda qarşılaşdığım sürprizlər bununla bitmirdi. Milli Məclisin sədri Oqtay Əsədovla görüşümüz çox maraqlı idi. Onunla qeyri-rəsmi görüşümüz təqribən 1 saat davam etdi. Və biz bu müddətdə, demək olar ki, hər şeyi “müzakirə” etdik - dünyada baş verən proseslər, Dağlıq Qarabağ məsələsi, Ukraynadakı hadisələr, jurnalistika, mədəniyyət, hətta Azərbaycan ilə Rusiya arasında yüksələn xətlə inkişaf edən əməkdaşlığı belə.
Ümumiyyətlə, Bakıda olduğum qısa müddətdə bizə göstərilən diqqət və qayğıdan çox məmnun qaldıq. Halbuki, Azərbaycan bu günlər çox mühüm tədbirlərə ev sahibliyi edəcəkdi və rəsmilərin işləri, demək olar ki, başlarından aşırdı. Məsələn, bizim forumdan az sonra - iyunun 2-də Bakıda Beynəlxalq Neft və qaz sərgi və konfransı keçiriləcəkdi, iyunun 12-də isə Azərbaycan paytaxtı ilk Avropa Oyunlarını qəbul edəcəkdi. Bir sözlə, bu günlər Azərbaycan paytaxtı tarixinin mühüm səhifələrini yazmaqdadır.
S.Loğmanoğlu

Paylaş:
Baxılıb: 1241 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30