Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Qafqaz Müsəlmanları İdarəsinin sədri Nyu-Yorkda “Vicdana çağırış” Fondunun yubiley tədbirində iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Nyu-Yorkda “Vicdana çağırış” Fondunun yubiley tədbirində iştirak edib

29.09.2015 [10:14]

Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə “Vicdana çağırış” Beynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunan mərasimdə iştirak etmək üçün bu təşkilatın təsisçisi və prezidenti Ravvin Artur Şnayerin dəvəti ilə ABŞ-ın Nyu-York şəhərində səfərdə olub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yubiley mərasimindən əvvəl Allahşükür Paşazadə Artur Şnayer ilə görüşüb. Görüşdə müxtəlif mövzulara, xüsusilə dinlərarası dialoqa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri mərasimə dəvət olunan bir sıra tanınmış dövlət və din xadimləri, o cümlədən BMT baş katibinin müavini Yan Eliasson, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, ABŞ-ın yunan-pravoslav kilsəsinin rəhbəri, arxiyepiskop Demetrios, Finlandiya, İsveç və digər ölkələrin rəsmiləri ilə görüşlər keçirib.
Vatikanın Vaşinqtondakı nümayəndəsi kardinal Mak Karrik ilə görüş zamanı şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tac ilə ölkəmiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. QMİ sədri dinlərarası dialoq sahəsində əlaqələri genişləndirmək məqsədilə Vatikan kardinalı Mak Karriki Azərbaycana səfərə dəvət edib. Azərbaycandakı nümunəvi multikulturalizm və tolerantlıq mühiti haqqında çox eşitdiyini bildirən kardinal Mak Karrik dəvəti məmnuniyyətlə qəbul etdiyini və tezliklə Bakıya səfər etmək niyyətində olduğunu deyib.
İkitərəfli görüşlər çərçivəsində A.Paşazadə, həmçinin Amerika erməni kilsəsinin başçısı arxiyepiskop X.Barsamyan ilə görüşüb. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinin tapılması istiqamətində dini liderlərin səylərinin əhəmiyyəti və görüşlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Fondun yubiley mərasiminin Nyu-Yorkda BMT Baş Məslisinin açılışı ərəfəsində keçirilməsi tədbirin önəmini xüsusilə artırırdı. Şeyxülislam A.Paşazadə BMT Baş Məclisinin bir çox nümayəndələrinin də qatıldığı tədbirdə çıxış edib. Əvvəlcə “Vicdana çağırış” Fondunun yarım əsrlik yubileyi münasibətilə təbriklərini səsləndirən QMİ sədri bu nüfuzlu təşkilatın başçısı Ravvin Artur Şnayeri uzun illərdən bəri dünyada sülh uğrunda, millətlər və dinlər arasında tolerantlığın, bəşəriyyətin ümumi rifahı naminə ardıcıl fəaliyyət göstərən şəxsiyyət kimi səciyyələndirib. O, A.Şnayerin Azərbaycana olan dost münasibətindən, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquqa əsaslanan ədalətli həlli istiqamətində qüvvə və səylərini səfərbər etməsindən, eləcə də şəxsən ünsiyyət imkanına malik olduğu Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə bəslədiyi dərin ehtiram hissindən söhbət açıb.
Şeyxülislam A.Paşazadə Azərbaycan reallıqlarını mötəbər auditoriyaya çatdıraraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını, söz və etiqad azadlığının, tolerantlıq, multikulturalizm mühitinin hökm sürməsini, burada ksenofobiya, antisemitizm təzahürlərinin olmadığını qeyd edib. O bildirib ki, Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar tikilir, təmir edilir, ənənəvi dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Şeyxülislamın belə nümunəvi mühitin qorunub saxlanılması və dəstəklənməsinin ölkə rəhbərliyinin apardığı siyasətin ayrılmaz tərkib hissəsi, eyni zamanda, xalqın həyat tərzi olduğu barədə fikirləri mərasim iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Çıxışın sonunda A.Paşazadə dünyadakı münaqişə və terror qurbanlarının, o cümlədən Qarabağ müharibəsi şəhidlərinin, habelə 11 sentyabr faciəsi qurbanlarının ruhuna dua edib.
“Vicdana çağırış” Fondunun fəaliyyətinin Azərbaycan dövləti tərəfindən rəğbətlə qarşılandığını qeyd edən A.Paşazadə bütün mərasim iştirakçılarına Azərbaycan xalqının və dövlətimizin başçısının salamlarını çatdırıb.
Nyu-Yorkda keçirilən görüşlərdə şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov müşayiət edib.
Qeyd edək ki, yarım əsrlik müddət ərzində müxtəlif din ardıcılları arasında sözdə və əməldə tolerantlıq, məhəbbət, qarşılıqlı ehtiram ideallarını uğurla təbliğ və təşviq edən, dünyanın tanınmış dünyəvi liderləri və din xadimlərinin, nüfuzlu siyasətçilərin, dövlət adamlarının bir araya gəldiyi Fondda yeganə müsəlman din xadimi Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadədir. A.Paşazadə Fondun xətti ilə hər il dünya miqyasında böyük xidmətlərə malik nüfuzlu şəxsiyyətlərə “İlin adamı” mükafatının təqdim olunması münasibətilə təşkil edilən təntənəli mərasimə dəvət alır.

Paylaş:
Baxılıb: 1400 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30