Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İranda məmləkəti-rey satılır

İranda məmləkəti-rey satılır

05.05.2023 [11:20]

İranın xoş olmayan niyyətləri bumeranq effekti verərərək özünə qayıdır. Son vaxtlarda bu ölkədən bir-birinin ardınca bəd xəbərlər gəlməkdədir. Ölkə artıq səkkiz aydan çoxdur ki, milyonlarla insanın qatıldığı etiraz aksiyaları ilə çalxalanır. Bu etirazlar mollakratiyanın bütün dayaqlarını, hətta indiyədək tabu kimi qorunan ideoloji əsaslarını belə sarsıdıb. Cəmiyyətdə hakimiyyətə inam sıfır nöqtəsindən də aşağı həddə enib. Hazırda İranın çoxsaylı problemlərinə yenisi də əlavə olunub - pensiya böhranı. Nəhəng enerji resurslarına malik ölkə bundan əvvəl əmək bazarında ciddi ixtisarlara əl atdı, iş yerləri kütləvi şəkildə bağlandı, maaşlar azaldıldı və yaxud aylarla ödənilmədi. İndi vəziyyət o dərəcədə kritik hala gəlib ki, ölkə həssas təbəqənin ehtiyacını qarşılamaq imkanından da məhrum qalıb - təqaüdçülərin pensiyalarının ödənilməsində çətinliklər yaranıb.

Mübariz FEYİZLİ

İqtisadi böhranı şərtləndirən amillər

İranda böhran vəziyyətinin yaranmasını şərtləndirən bəzi məqamları sadalaya bilərik.

-İlk növbədə rejimin mahiyyətinə nəzər salaq. Son etirazlar fonunda aydın şəkildə görünür ki, mollakratiyanın 44 illik hakimiyyəti heç bir fundamental əsaslara söykənməyib. Yəni dövlət siyasətində ölkənin reallıqları, cəmiyyətin sosial sifarişləri, dəyişən qlobal çağırışlar əsla nəzərə alınmayıb. Ölkənin bütün potensialı rejimin əslində insan haqları, müasir dünya nizamı, yeni qlobal transformasiyalarla bir araya sığmayan ideoloji əsaslarının qorunmasına səfərbər edilib. Bəşəriyyət yeni sənaye inqilabına doğru irəlilədiyi halda, İranda yeni dəyərlərin yaradılması qayğısına qalınmayıb. Bütün bunlar da İranın qlobal inkişafdan, transformasiyalardan kənarda qalması, eləcə də hakimiyyətlə cəmiyyət arasında uçurum yaranması ilə nəticələnib. Bu gün İranın mənzərəsi, burada cərəyan edən hadisələr elə təəssürat yaradır ki, sanki dövlətin cəmiyyətə, cəmiyyətin də dövlətə hər hansı bir bağlılığı yoxdur. Hakimiyyətin çıxış yolu tapa bilməməsi öz arxasınca digər problemlərə də yol açır.

-İranın hazırda problemlər bataqlığına düşməsinin digər ən mühüm səbəblərindən biri ABŞ başda olmaqla kollektiv Qərbdən gələn sanksiyalarla bağlıdır. Burada da nəzərlər rejimin səhv siyasətinə yönəlir. İrana qarşı sanksiyaların geniş siyahısı bu ölkənin nüvə fəaliyyətinin məhdudlaşdırılması məqsədilə tətbiq olunur. İran regionda hakim, diqtə edən gücə çevrilmək iddiaları sərgiləyir və məqsədinə çatmaq üçün genişmiqyaslı silahlanmaya, o cümlədən də nüvə texnologiyalı silahlara sahiblənməyə çalışır. Buna yol vermək olmaz. Mollakratiya kimi mühafizəkar rejimlərin nüvə silahına sahiblənməsi bütün region dövlətləri üçün ciddi təhdiddir. Rejimin uranı müasir imkanlar səviyyəsində zənginləşdirmək səyləri beynəlxalq birliyi buna qarşı hərəkətə keçməyə məcbur etdi. Müxtəlif səviyyələrdə aparılan müzakirələrdə İranın siyasi rəhbərliyi israrlı yanaşma ortaya qoyur və heç bir vəchlə nüvə proqramından geri çəkilməyəcəyini bildirirdi.  Çağırışlar nəticə vermədikdə kollektiv Qərb İrana qarşı sanksiyalar təşəbbüsünü irəli sürdü. ABŞ-dan və Avropa İttifaqından gələn bu sanksiyalar əsas etibarı ilə qonşu dövlətlərin neft ixracının məhdudlaşdırılmasını əhatə edir. Böyük həcmlərdə gəlirlərdən məhrum qalan və iqtisadi problemlər məngənəsində boğulan mollakratiya geri çəkilmək məcburiyyətində qaldı və yaxud belə bir görüntü yaratdı. 2015-ci ilin iyul ayında İranla 5+1 formatında (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) ortaq geniş çalışma planı üzrə müqavilə imzalandı. Lakin İran bu müqavilənin də şərtlərinə əməl etmədi. Alınan son kəşfiyyat məlumatlarına görə İran gizli şəkildə uranın 84 faizədək dərin zənginləşdirilməsinə nail olub. Belə olan halda İrana qarşı sanksiyalar yenidən gündəmə gəldi. Hazırda bu ölkə məhz sanksiyalar səbəbindən neft-qaz ixracını məhdud həcmdə həyata keçirir və böyük gəlirlərdən məhrum qalır. Bir tərəfdən silahlanmaya, terrorizmin dəstəklənməsinə böyük xərclər çəkilməsi, digər tərəfdən isə sanksiyalara görə gəlirlərdən məhrum qalması İranı indi çıxılmaz duruma salıb. Bunun nəticəsidir ki, ölkədə sosial məqsədlərə, maaşların və pensiyaların ödənilməsinə belə vəsait tapılmır.

Ərazilər satışa çıxarılır?

Son günlərdə İranın pensiyaların ödənilməsi üçün Fars körfəzindəki bir neçə strateji əhəmiyyətli adanı satacağı ilə bağlı müzakirələr açılıb. Belə ki, bu ölkənin Əmək Nazirliyinin rəsmi nümayəndəsinin Tehranın pensiya pullarının ödənilməsi üçün İranın Fars Körfəzindəki bir neçə strateji adalarını sata biləcəyinə dair bəyanatı ölkə ictimaiyyətində narazılıq və şübhə dalğası yaradıb. Nazirliyin sosial təminat departamentinin baş direktoru Səccad Padam mayın 1-də “90Eghtesadi” saytına müsahibəsində deyib ki, İran dərin iqtisadi böhran şəraitində yaranmış maliyyə çətinlikləri ilə bağlı pensiya pullarının ödənilməsi üçün Kiş və Qəşm adaları da daxil, Fars körfəzindəki bir neçə adalarını satmağa məcbur ola bilər. Padam qeyd edib ki, büdcə çətinlikləri hökuməti bir sıra infrastruktur layihələri üçün nəzərdə tutulmuş vəsaitləri artıq pensiya ödənişlərinə yönəltməyə məcbur edib. Onun sözlərinə görə bu səbəbdən tikinti işləri üçün nəzərdə tutulmuş 850 trilyon rialın (1.6 milyard dollar) yalnız 20 faizi bu məqsədə xərclənib. Padam qeyd edib ki, İran hətta sanksiyasız şəraitdə günə 3 milyon

barrel neft satsa da, pensiya fondu ilə bağlı problem həllini tapmayacaq.

Qeyd edək ki, sanksiyalardan əvvəl İran günə 2.5 milyon barrel neft satırdısa, hazırda bu rəqəm 1 milyon bareldir. İxracda azalma nəticəsində İran büdcəsi ildə təxminən 45 milyard dollardan məhrum qalır.

İranın Əmək Nazirliyinin rəsmisinin açıqlaması sosial media şəbəkələrində geniş müzakirələrə səbəb olub. Ölkədə yaxşı tanınan siyasi şərhçi  Əhməd Zeydabadi “Telegram” kanalında yazıb ki, Padamın faktiki olaraq pensiya fondunun müflisliyinə dair verdiyi bəyanat ölkədəki iqtisadi vəziyyətin son dərəcə kövrək olduğunu göstərir.

Kiş və Qəşm adalarının cəlbediciliyi

İran rəsmisinin məlum bəyanatı fonunda sual yaranır: Niyə məhz Kiş və Qəşm adaları? Analitiklərin qənaətinə görə, hər iki ada Fars körfəsində strateji yerləşməsi ilə yanaşı, investisiya cəlbediciliyi nöqteyi-nəzərindən də diqqət çəkir. Kiş adasının ümumi sahəsi 91,5 kvadratkilometrdir. Adada ən hündür təpə dəniz səviyyəsindən 35 metr yüksəklikdə yerləşir. Burada davamlı axan çay yoxdur, lakin çox sayda yeraltı şirin su bulaqları var. Kiş adası hava nəqliyyatı ilə paytaxt Tehrandan 1052 kilometr məsafədə yerləşir. Dəniz yolu ilə isə Buşəhrə 675, Bəndər Abbas limanına 250 kilometrdir. İranın bu adaya ən yaxın limanı Çarkdır ki, bu liman da adanın 18 kilometrliyində yerləşir.

Kiş adası 2010-cu ildə “New York Times” qəzeti tərəfindən dünyanın 10 ən gözəl adası sırasında yer tutub. 1970-ci ildə amerikalı və iranlı mütəxəssislər Kiş adasına baxış keçirib və adanın özünəməxsus təbii gözəlliyi, mərcan sahili və sahil boyu şəffaf suları olduğu üçün buranı beynəlxalq turizm mərkəzi kimi seçiblər. Həmin dövrdə dövlət adada infrastrukturun salınması, hotel, beynəlxalq sərgi mərkəzləri və hava limanının tikintisinə başlayıb. 1981-ci ildə isə Kiş adası İranın ilk Azad İqtisadi Zonası kimi fəaliyyətə başlayıb.

Kiş adasının iqtisadiyyatı bu gün turizm və ticarətə əsaslanır. Ada İranın elektrik xəttinə birləşmədiyi üçün öz enerjisini burada olan yeganə qaz elektrik stansiyasından təmin edir. İran hökuməti adanın cənub-qərbində ikinci qaz elektrik stansiyasını tikməyi planlaşdırsa da, indiyədək bunu reallaşdırmaq mümkün olmayıb.

Satışa çıxardılacağı ehtimal olunan Qəşm adasının sahəsi 1295 km-ə bərabərdir. Adada 119.035 nəfər əhali yaşayır. Kiş kimi, Qəşm də turistlərin arzuladığı məkandır. Burada da azad iqtisadi zona fəaliyyət göstərir. Keçmiş siyasi məhbus Həngamə Şahidi Twitter-də Kiş və Qəşm adalarının potensialı barədə yazıb. Şahidi qeyd edir ki, bu adalardakı azad iqtisadi zonaların düzgün idarə olunması və onlara daha çox sərbəstlik verilməsi ölkəyə böyük turizm gəlirləri gətirə bilərdi: “Bu gəlir iranlıların istirahət və əyləncə üçün Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və Malayziya kimi ölkələrdə xərclədikləri pulları əvəz edər və nəticədə İran iqtisadiyyatını mənfəətləndirə bilərdi”.

Burada böyük Azərbaycan şairi M.Ə.Sabirin aşağıdakı misraları yada düşür: Çox ucuz qiymətə hər şey satıram, Ay alan! Məmləkəti-Rey satıram!

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31