Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Müharibədə günahkar kimdir?

Müharibədə günahkar kimdir?

12.05.2023 [11:10]

Oğlu Ukraynada vuruşan, özü isə Rusiyaya bəraət  qazandıran ABŞ prezidentliyinə namizəd Robert Kennedi

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkisində iştirak edəcəyini açıqlayıb. Koronavirus pandemiyası dövründə hökumətin karantin, peyvəndləmə, məcburi maska kimi tədbirlərinə qarşı sərt çıxışları ilə yadda qalan 69 yaşlı Kennedi tanınmış siyasətçi, hüquqşünas və ekoloqdur. Siyasətlə aktiv məşğul olan Robert Kennedi növbəti prezident seçkisinə qatılmaq niyyətindədir. ABŞ-da onun hazırkı dövlət başçısı Co Baydenlə rəqabət apara biləcəyinə inananların sayı getdikcə artır.

Robert Fiscerald Kennedi ABŞ-da və dünyada təkcə anti-Covid çıxışları, hökumətin ekoloji və sosial siyasəti əleyhinə tənqidləri ilə tanınmır, məşhur nəslin nümayəndəsi, eyni zamanda, ABŞ-ın Rusiya ilə bağlı siyasətinin də ən sərt tənqidçilərindəndir. Robert Kennedi son dövrlər mediada daha çox görünməyə, ABŞ cəmiyyətində daha çox populyarlıq qazanmağa yönəlik çıxışlar etməyə başlayıb. Qalmaqallı siyasətçinin Böyük Britaniyanın “UnHerd” saytına  verdiyi müsahibəsində bir sıra sensasiyalı açıqlamalar yer alıb.

Müsahibəsində Rusiya-Ukrayna müharibəsinə toxunan Kennedi Ukrayna hökumətinin Rusiya ilə danışıqlara başlamasının vacibliyini, münaqişənin yeganə həll yolunun barışıq olduğunu bildirib: “Bu münaqişə sülh yolu ilə həll edilməlidir. Ruslar dəfələrlə bu təklifi irəli sürüblər. Əgər rusların münaqişənin həlli yolunu təklif etdikləri Minsk razılaşmalarına baxsanız, həmin variant bu gün çox yaxşı anlaşma kimi görünür”. O, ölkəsinin bu müharibə ilə bağlı yürütdüyü siyasəti də tənqid edib.

“Biz Ukraynanı qurban verdik”

“Düzünü desək, bu, ABŞ-ın Rusiyaya qarşı müharibəsidir.  Mahiyyətcə bu savaş ukraynalı gəncləri ölümün, dağıntıların qəssabxanasında qurban verməkdir. Onlar Putin rejiminin sona çatacağını bəyan edən neokonservatorların geosiyasi ambisiyalarına qurban gedirlər. Prezident Bayden də demişdi ki, onun əsas  niyyəti Putindən yaxa qurtarmaqdır. Bizim müdafiə naziri Lloyd Austin 2022-ci ilin aprelində bəyan etdi ki, ABŞ-ın məqsədi Rusiya ordusunu yıxmaqdır. Bu nə deməkdir? Bu, ukraynalıları rusların pəncəsinə atmaq deməkdir”.

Robert Kennedi onu da əlavə edib ki, hazırda Ukrayna heç də Qərbin təsvir və təsəvvür etdiyi kimi “parlaq qələbəyə” doğru getməkdə deyil. O, ölkənin xarabalığa çevrildiyini, ordunun məruz qaldığı itkilərin medianın xəbər verdiyindən qat-qat çox olduğunu da vurğulayıb: “Oğlum orada ukraynalılarla çiyin-çiyinə döyüşüb. Ukrayna döyüşlərdə 300 min insan itirib. Oradakı xüsusi təyinatlı bölmənin komandiri (Avropada təlim keçmiş elit dəstədən söhbət gedir - M.K) döyüşçülərinin 80%-nin ölü və ya yaralı olduğunu, diviziyanı bir daha bərpa edə bilməyəcəklərini söyləyib. Fakt budur: ruslar ukraynalıları daha böyük miqyasda öldürür...”

Con Kennedi ilə Xruşşovun məxfi anlaşması

Robert Kennedinin fikrincə, Rusiyanın təcavüzkar fəaliyyətinin qarşısını almaq üçün ABŞ Rusiya sərhədindən 120 kilometr aralıdakı “Tomahavk”  raketlərinin (nüvə raketləri) yerləşdiyi “Aeigis” sistemlərini ərazidən çıxarmalıdır. O, fikrini əsaslandırmaq üçün tarixdən misal  gətirib: “Vaxtilə ruslar Vaşinqtondan 2000 kilometr aralıdakı Kubaya nüvə raketləri yerləşdirəndə biz adaya hücum etməyə hazırlaşdıq. Hücuma və işğala başlamaq üçün əlimizdə əsas var idi. Amma əmim, ABŞ-ın o vaxtkı prezidenti Con Kennedi danışıqlar yolunu seçdi. Nəhayət, onları (sovet ordusunu - M.K.) bu şəkildə uzaqlaşdırdılar: əmim, atam və səfir Brennan yaxın münasibətdə olduqları SSRİ rəhbəri Xruşovla sövdələşməyə getdilər. Razılaşma belə idi: SSRİ Kubadan çıxır, biz də SSRİ ilə sərhəddə yerləşən Türkiyədən “Yupiter” raketlərimizi çıxarırıq. Belə də oldu”.

Maraqlıdır ki, sui-qəsdlə öldürülmüş əmisi Con Kennedinin siyasətini örnək götürən və özünü onun davamçısı adlandıran Robert ölkəsində “rusiyayönümlü” imicini qazanmaqdan çəkinmir. O, hətta daha irəli gedərək, Ukrayna müharibəsi ilə bağlı Rusiyanın aqressiv hərəkətlərini başa düşməyi, “özünü qarşı tərəfin yerinə qoymağı” təklif edir: “Rusiya son yüz ildə iki dəfə hücuma məruz qalıb. Ona görə də rusların bizim nüvə qurğularının özlərinə həmsərhəd ölkələrdə yerləşməsini istəmədiklərini başa düşmək lazımdır”.

“Ukraynanı NATO-ya üzv etmək olmaz” 

“Biz Moskvanın təkid etdiyi kimi, Ukraynanı NATO-dan kənarda saxlamağa razılaşmalıyıq”, - deyə prezidentliyə gələcək namizəd vurğulayıb. Robert Kennedi, eyni zamanda, Bayden administrasiyasını müharibə vəziyyəti yaratmaqda da ittiham edib: “Düşünürəm ki, mənim kimisi bu münaqişəni həll edə bilər. Lakin neokonservatorların və ya prezident Baydenin ətrafındakıların bu münaqişəni həll edəcəyinə inanmıram. Çünki problemi onlar özləri yaradıblar. Bunu heç vaxt etiraf etməyəcəklər. Yeri gəlmişkən, mən Vladimir Putinin Ukraynadakı qeyri-qanuni, hüquqa zidd əməliyyatlarını da qəbul eləmirəm. Amma əmim həmişə deyirdi ki, əgər həqiqətən sülhə nail olmaq istəyirsənsə, özünü qarşıdakı “oğlanın” yerinə qoymalısan”.

Con Kennedinin Kuba böhranını necə həll etdiyi barədə danışan Robert Kennedi əmisinin SSRİ ilə anlaşmaya getməsinin böyük təzyiqlər hesabına başa gəldiyini söyləyib: “Əmim qərargah rəislərinin, kəşfiyyat aparatının və xarici siyasət rəhbərlərinin əhatəsində idi. Onların hamısı əmimi ruslarla müharibəyə məcbur etməyə çalışırdılar. Hətta Kubaya yük daşıyan Rusiya gəmisinin ABŞ gəmilərinin embarqo divarına dəyməmiş dayanması belə böhranın sonu demək deyildi. Bu, süjetin ortası idi və oradan hər şey istənilən istiqamətə gedə bilərdi.

Böhran ona görə sona çatdı ki, əmim birbaşa Xruşovun yanına getdi və ona “gəl bunu öz aramızda həll edək” təklifini verdi. Deməliyəm ki, onların arasında əldə olunan razılaşma məxfi idi, uzun illər məxfi olaraq da qaldı. Əmim həqiqətən bu böhrana son vermək istəyirdi. O, özünü Xruşovun yerinə qoymağı bacardı. Beləliklə,  Xruşşovun da eynən onun kimi müharibə istəmədiyini anladı və çıxış yolunu tapdı. Lakin yenə deyirəm, hər iki lider müharibə istəyən insanların əhatəsində idi”.

“Biz yalan danışdıq, öhdəliyi pozduq...”

Jurnalistin “Rusiya tankları Ukrayna sərhədi boyunca üç istiqamətdən Kiyevə doğru irəliləyəndə ABŞ prezidenti hansı müdrik və adekvat addım atmalı idi?” sualına Kennedi belə cavab verib: “Biz Putini dinləməliydik. Tarixi yada salın: SSRİ dağılanda biz Rusiya qarşısında öhdəlik götürdük ki, NATO-nu Şərqə doğru bir qarış da genişləndirməyəcəyik. Lakin sonra buna əməl etmədik, yəni, yalan danışdıq. Biz 13 NATO ölkəsinin ərazisinə daxil olaraq oradakı raket sistemlərini nüvə başlıqları ilə təchiz etdik. Biz Ukrayna və bir sıra NATO üzvü olmayan ölkələrlə birgə hərbi təlimlər keçirmişik. İndi fikir verin, NATO-nun Rusiyaya qarşı getməkdən başqa hansı məqsədi var? Əgər siz Rusiya ilə düşmənçilik edəcəksinizsə, təbii ki, rusların da cavabı düşməncəsinə olacaq. ABŞ faktiki olaraq 2014-cü ildə Ukraynanın demokratik yolla seçilmiş hökumətinə qarşı dövlət çevrilişini dəstəklədi. Əlimizdə Ukraynanın yeni hökumətini şəxsən seçən Ağ Evin neokonlarından biri Viktoriya Nulandla telefon danışıqlarının stenoqramı var.

Bu halda özünüzü Rusiyanın yerinə qoysanız, belə deməyə məcbur olacaqsınız: “Ən böyük rəqibimiz olan ABŞ bizimlə yenə də düşmən kimi rəftar edir. İndi isə qonşu ölkəni nəzarətə götürüb. Bizə düşmən münasibət bəsləyir, sonra isə Ukraynada rus əhalisinə ziyan vuran qanunlar qəbul etməyə başlayırlar”. Belə olan təqdirdə Rusiya mexaniki olaraq aqressiv davrandı və müharibəyə başladı.

Baxın, məsələn, Meksikada mühacir amerikalıları öldürsəydilər, biz bir neçə saniyə ərzində Meksika ərazisini işğal edərdik. Ona görə deyirəm ki, özümüzü həmişə rəqiblərimizin yerinə qoymalıyıq. Bütün bunlarla yanaşı: mən demirəm ki, Putin qəddar deyil. O, qəddardır. Amma bu müharibə onun maraqlarına qəti uyğun gəlmir. O, bizə dəfələrlə qırmızı xətti keçməmək barədə xəbərdarlıq edib. Biz isə buna məhəl qoymadıq”.

Görünür, Robert Kennedi seçkidən öncə həm populist, həm də realist görünən bu çıxışları ilə gündəmdə qalmaq və özünü Ağ Evin damarlarına yeni qan vurmaq istəyən sülhsevər lider obrazında təqdim etmək niyyətindədir. ABŞ-da keçirilən bəzi rəy sorğularına görə, məşhur nəslin nümayəndəsi, alim və siyasətçi Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydenin əsas rəqiblərindən biri ola blər.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31