
Bu, bir həqiqətdir ki, istənilən ölkənin ayaqda qalması, xarici təhdid və təhlükələrdən müdafiə olunması, ərazi bütövlüyünü qoruması üçün onun güclü ordusu olmalıdır. Necə ki, bu gün Azərbaycan Ordusunun timsalında bunu aydın şəkildə görə bilirik. Ancaq etiraf etmək lazımdır ki, günümüzdə bu sahədə əldə etdiyimiz uğurlara heç də asanlıqla nail olmamışıq.
1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk demokratik respublika kimi yaranan Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran mühüm vəzifələrdən biri də ölkədə hərbi sahənin inkişaf etdirilməsi idi. Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Həmin il, oktyabr ayının 23-də isə respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Qısa müddətdə Azərbaycanda milli iradəyə söykənən ordu formalaşdırıldı.
Təəssüflər olsun ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti XI qırmızı ordunun işğalçı hücumu nəticəsində süquta uğradıqdan sonra onun malik olduğu bütün resurslar kimi hərbi sənayesi, ordusu da məhv edildi, dağıdıldı. Beləliklə, keçmiş SSRİ dövründə azərbaycanlılar hərbi xidmətdə yalnız tikinti işlərinə cəlb edilir, onların hərb sənətinin sirlərinə yiyələnməsinə qarşı ciddi sədd çəkilirdi. Bu proses ötən əsrin 70-ci illərinə qədər davam etdi. Yalnız Ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra respublikamızda hər bir sahədə olduğu kimi, hərbi sahədə də ciddi dəyişikliklər və müsbət mənada irəliləyişlər baş verdi.
Ulu öndərin təşəbbüsü ilə 20 iyul 1971-ci ildə “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK bürosu qərar qəbul etdi. 1971-ci ilin noyabr ayında Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin təntənəli açılış mərasimi keçirildi.
Azərbaycanın Silahlı Qüvvələrinin müasir tələblərə uyğun şəkildə formalaşması prosesində növbəti mərhələ müstəqillik illərindən sonra başladı. Daha doğrusu, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də ciddi və nəticəyə hesablanmış addımlar atılmağa başlanıldı. Müstəqilliyin ilk illərində ordu sıralarında mövcud olan nizamsızlıq, qeyri-qanuni silahlı birləşmələrdən formalaşmış ordudakı peşəkarlıq səviyyəsinin aşağı olması Qarabağ cəbhəsində itkilərimizin sayını artırırdı. Yaranmış vəziyyəti düzgün təhlil edən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, müstəqil Azərbaycan Respublikasının nizami ordusunun yaradılması prosesinə başlanıldı. Məhz bu istiqamətdə atılan addımlar Qarabağ cəbhəsində də bir neçə uğurlu hərbi əməliyyat həyata keçirməyimizə imkan yaratdı.
Bu gün 100 yaşında olan Azərbaycan Silahlı Qüvvələri, həm də 26 iyun tarixinin bayram günü kimi qeyd edilməsinin 20-ci ildönümü sevincini yaşayır. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasına, potensialına, malik olduğu imkanlara nəzər yetirdikdə çəkinmədən qeyd edə bilərik ki, hazırda Azərbaycan Ordusu təkcə yerləşdiyimiz coğrafiyada, Cənubi Qafqazda deyil, eyni zamanda dünyada ən güclü ordulardan biridir. Son illər ərzində Azərbaycan Ordusunun Qarabağ cəbhəsində həyata keçirdiyi bir neçə uğurlu əməliyyat bunu təsdiqləyir. 2016-cı ilin dörd günlük Aprel müharibəsi və uzun illər ərzində erməni işğalı altında olan Lələtəpənin azad edilməsi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə olan qayıdış, eyni zamanda bu günlərdə Naxçıvan Muxtar Respublikasında Günnüt kəndi də daxil olmaqla 11 min hektar ərazinin düşmən nəzarətindən azad edilməsi məhz Azərbaycan Ordusunun malik olduğu gücün, potensialın göstəricisidir. Eyni zamanda bu Azərbaycan Ordusuna, Silahlı Qüvvələrə Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının tərənnümüdür. Bu gün Silahlı Qüvvələrimizdə olan ruh yüksəkliyi, zəngin maddi-texniki baza və potensial onu deməyə əsas verir ki, ordumuz qarşısına qoyduğu bütün məqsədlərə nail olmağa qadirdir. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir: “Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan Ordusu nəinki bölgədə, həm də hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miqyasında güclü ordular sırasındadır”.
Aygün Osmanova
Yeni Azərbaycan Partiyasının üzvü
- Oxunub: 9600 |
- Tarix: 28-06-2018 |
-
Çap et |