Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP İcra Katibliyində Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib

YAP İcra Katibliyində Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib

20.09.2019 [09:02]

Pərviz Şahbazov: Son 25 ildə ölkəmizdə 740 milyon ton neft hasil edilib, neft sənayesinə 101 milyard dollar investisiya qoyulub
Sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib. Mətbuat konfransının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər Günü ərəfəsinə təsadüf etdiyini deyən P.Şahbazov bu münasibətlə təbriklərini çatdırıb, Azərbaycan neftçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib: “25 il əvvəl “Əsrin müqaviləsi”nin imzalanması çox əlamətdar hadisə idi. Bu müqavilə mürəkkəb bir dövrdə imzalandı. Çünki həmin illərdə siyasi gərginlik, iqtisadi tənəzzül var idi. Belə bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması yalnız və yalnız Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti və dünyadakı nüfuzu nəticəsində baş verdi”.
“Əsrin müqaviləsi” bu günə qədər ölkəmizə 143 milyard dollardan çox gəlir gətirib
P.Şahbazov qeyd edib ki, “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Onun sözlərinə görə, bu layihə vasitəsilə Azərbaycan beynəlxalq neft sənayesində öz imzasını atdı və dünya neft bazarında öz yerini tutdu. “Əsrin müqaviləsi” Azərbaycanın sosial-iqtisadi inkişafının əsasını təşkil etməklə yanaşı, beynəlxalq müstəvidə də mövqelərini möhkəmləndirdi. Eyni zamanda, “Əsrin müqaviləsi”nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rolu olub. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası Azərbaycanı daha da gücləndirir”, - deyən nazir əlavə edib ki, bu layihə bu günə qədər ölkəmizə 143 milyard dollardan çox gəlir qazandırıb. “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinə 36 milyard dollar sərmayə qoyulub. Bu müqavilənin uzadılması nəticəsində daha 40 milyard dollar sərmayə yatırılacaq.
Nazirin sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” istismara veriləndən indiyə kimi 492 milyon ton neft və 161 milyard kubmetr qaz hasil edilib. Cari ilin 8 ayı da nəzərə alınmaqla, son 25 ildə orta hesabla ölkəmizdə 740 milyon ton neft hasil edilib, neft sənayesinə 101 milyard dollar investisiya qoyulub. Bu ilin 8 ayında isə ölkəmizdə 25,1 milyon ton neft hasil edilib, onun da 20,2 milyon tonu ixrac edilib. Orta gündəlik neft hasilatı 769 min barrel təşkil edib. Bununla da ölkəmiz müvafiq dövr üzrə “OPEC plus” əməkdaşlığı çərçivəsində götürdüyü öhdəliyi tam yerinə yetirib.
Qeyd edilib ki, Azərbaycanın qaz ölkəsi kimi inkişafı da enerji siyasətimizin prioritet istiqamətlərindəndir. Qaz sahəsinin son onilliklərdə aşağı karbonlu enerji növü olan təbii qazın ön plana çıxması mənbə və marşrutların diversifikasiyası və enerji təhlükəsizliyi kimi məsələlərin də əhəmiyyətini artırıb. Bu baxımdan, Azərbaycanın mövqeyini gücləndirən “Cənub Qaz Dəhlizi” qaz ölkəsi kimi inkişafa da imkanlar yaradır. Bu layihənin seqmentləri üzrə ümumi inkişaf göstəriciləri “Şahdəniz Mərhələ 2”də 93%, TANAP-da 99,9%, TAP-da isə 90%-ə yaxındır. İndiyə kimi TANAP-la Türkiyəyə 2,5 milyard kubmetrdən çox qaz nəql olunub.
2021-ci ildə “Şahdəniz” yatağında qaz hasilatı 23 milyard kubmetri ötəcək
Nazirin sözlərinə görə, “Cənub Qaz Dəhlizi” ilə bağlı görülmüş işlər artıq öz nəticələrini verir. Belə ki, cari ilin 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% çox, yəni 23,1 milyard kubmetr qaz hasil olunub. Xaricə qaz satışı 7,2 milyard kub metr təşkil edib. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3% çoxdur. Proqnozlara gəlincə, 2018-ci ilə nisbətən bu il ölkədə qaz hasilatında 19%, yəni 5,8 milyard kubmetr, qazın ixracında isə 25% artım gözlənilir. Gələn il qaz hasilatının 40,2 milyard kubmetrə, 2021-ci ildə isə 45 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. P.Şahbazov deyib ki, Azərbaycanın qaz ixracatçısına və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsində “Şahdəniz” qaz yatağı müstəsna rol oynayır: “İstismara veriləndən indiyə kimi bu yataqdan 110,8 milyard kubmetr qaz, 26,8 milyon ton kondensat hasil edilib. 73,7 milyard kubmetr qaz isə ixraca nəql olunub. Yanvar-avqust aylarında hasil edilmiş qazın 10,9 milyard kubmetri, kondensatın isə 2,3 milyon tonu “Şahdəniz” yatağının payına düşür. Şahdəniz yatağında qaz hasilatının artması Türkiyəyə ixracla bağlı göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib, nəticədə ötən ilin müvafiq dövrünə nisbətən bu il bu ölkəyə 33,8% çox, yəni 5,7 milyard kubmetr qaz satışı həyata keçirilib. “Şahdəniz” yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 milyard kubmetr, gələn il 8,5 milyard kubmetr artacağı, 2021-ci ildə isə 12 milyard kubmetr çox artaraq 23 milyard kubmetri ötəcəyi gözlənilir. Ölkəmizdə qaz istehlakı isə 2018-ci ildə 12,6 milyard kubmetr olub. Bu il və növbəti il ərzində qaz istehlakının 14 milyard kubmetri ötəcəyi gözlənilir. 2019-2023-cü illərdə “Abşeron” qaz-kondensat yatağı, “Şəfəq-Asiman”, “Babək” perspektiv strukturları, “Ümid” və “Qarabağ” yataqları üzrə görüləcək tədbirlər ölkə iqtisadiyyatının gələcəkdə qazla fasiləsiz və keyfiyyətli təminatına imkan yaradır”.
Nazir diqqətə çatdırıb ki, dövlət başçısının rəhbərliyi ilə elektroenergetika sektorunda da həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib: “Cari ilin 8 ayı ərzində elektrik enerjisinin istehsalı təxminən 15 milyard kilovat/saatdan çox olub. Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% artıb. İxrac isə 29,1% artaraq 913,3 milyon kilovat/saat olub. İdxal 102 milyon kilovat/saat təşkil edib. Elektrik enerjisinin istehsalının ötən ilə nisbətən bu il 3,6% çox, yəni 26,1 milyard kilovat/saat, 2020-2021-ci illərdə isə müvafiq olaraq 8% artacağı proqnozlaşdırılır. Eyni zamanda, cənab Prezidentin tapşırığı ilə ölkənin inkişafı, əhali artımı, sənayeləşmə prosesi nəzərə alınmaqla 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 milyard kilovat/saat, elektrik enerjisinin ixrac imkanının isə 1,8 milyard kilovat/saat həcmində olacağı proqnozlaşdırılıb. Bu tələbatı bu günlərdə istismara verilən qoyuluş gücü 400 MVt olan “Şimal-2” stansiyası, istilik və modul tipli elektrik stansiyalarının reabilitasiyası və Qobuda ümumi qoyuluş gücü 385 MVt olan modul elektrik stansiyasının 2020-2021-ci illər ərzində quraşdırılması hesabına qarşılamaq mümkün olacaq. Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi planlaşdırılır. İstilik və modul tipli elektrik stansiyalarının reabilitasiya tədbirləri nəticəsində ən azı 500 MVt gücün bərpası nəzədə tutulur. Məlumat üçün bildirim ki, ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7546 MVt-dır. İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü isə 1276 MVt-dır. Bu da ümumi gücün 17%-ni təşkil edir. Elektrik enerjisinin 92%-i təbii qazdan əldə edilir”.
2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq əsas hədəflərdəndir
Nazir deyib ki, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı isə təqribən 8%-dir. 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq əsas hədəflərdəndir. P.Şahbazov söyləyib ki, Azərbaycan Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncamı ilə institusional islahatların aparılması, bu sahənin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi və rəqabət mühitinin yaradılması məqsədilə yeni mərhələyə start verilib. Bu Sərəncamın mühüm istiqamətlərindən biri bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflər hazırlanıb. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi işlənilib. Qanun layihəsinə hazırda müvafiq dövlət qurumlarında baxılır, razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərin seçilməsi, ekoloji qiymətləndirmə və həmin ərazilərdə enerji infrastrukturunun təmin edilməsi üzrə hazırlıq tədbirləri davam etdirilir. BP, “TOTAL”, “Masdar”, “Akwa Power” və bir sıra digər tanınmış şirkətlərlə bu sahədə sıx əməkdaşlıq həyata keçirilir.
Ümumilikdə 9 şirkətlə əməkdaşlığa dair sənədlər imzalanıb. Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən şirkətlər bizimlə əməkdaşlıq etməyə hazırdırlar və biz bu əməkdaşlığın ölkəmiz üçün faydalı olması üçün səy göstəririk. Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində irihəcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim ediblər. Bu təkliflər hazırda öyrənilir və ölkə üçün əlverişliliyi dəyərləndirilir. Əgər bərpa olunan enerji mənbələrindən il ərzində 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edə bilsək, bu ildə bizə təxminən 245 milyon kubmetr təbii qaza qənaət edilməsinə imkan verəcək. Proqnozlar da bərpa olunan enerji mənbələrinin dünya üzrə elektrik enerjisi istehsalında payının 2050-ci ilə qədər 26%-dən 85%-ə qədər çatacağını göstərir. Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası” layihəsinin hazırlanması da tapşırılıb. Bu məqsədlə dövlət qurumlarının və institutların nümayəndələrindən ibarət ekspert qrupu yaradılıb. Eyni zamanda, layihənin hazırlanmasına bu sahədə yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Bu prosesdə Avropa İttifaqı ilə əməkdaşlıq edilir və layihənin hazırlanmasına yaxın vaxtlarda başlanacaq. Nazir qeyd edib ki, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib. Onun fikrincə, bu tədbirlər elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış “Elektroenergetika haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihələri razılaşdırma mərhələsindədir. Enerji səmərəliliyi ilə bağlı tədbirlər çərçivəsində hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinə də baxılmaqdadır.
P.Şahbazov söyləyib ki, ölkəmizdə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyinin artırılması da qarşımızda duran əsas vəzifələrdəndir. Hər iki sahədə islahatlarla bağlı təkliflər hazırlanır. “Qaz təchizatı haqqında” qanunun yeni layihəsinin hazırlanması üzrə də müvafiq işlər görülür. Eyni zamanda, “Qazdan istifadə Qaydaları”na müvafiq dəyişikliklərin layihəsi də hazırlanıb.
Energetika Nazirliyinin tabeliyində yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə gəlincə, nazir qeyd edib ki, bununla enerji istehsalçıları ilə istehlakçıları arasında yeni münasibətlər sistemi formalaşır. Bildirib ki, əvvəlki dövrlərlə müqayisədə elektrik enerjisi və qaz təchizatı üçün qurğuların istismara buraxılış aktının verilməsi prosesi sadələşdirilib. İcra müddəti azaldılıb, sənədlərin sayı 35-dən 8-ə endirilib. Elektrik və qaz təchizatına qoşulma ilə bağlı layihələr artıq 3 iş günündə razılaşdırılır. Müvafiq sahənin tənzimlənməsi və istehlakçıların mənafeyinin qorunması məqsədilə hazırda Agentlik tərəfindən 5 qayda layihəsi hazırlanır. Bütün bu tədbirlərin həyata keçirilməsində əsas məramlardan biri də vətəndaş məmnunluğunun əldə edilməsidir. Bu məqsədlə Energetika Nazirliyinin fəaliyyətində ilk dəfə olaraq cari ildə bölgələrdə mütəmadi qaydada vətəndaş qəbulları həyata keçirilib.
Daha sonra nazir jurnalistlərin suallarını cavablandırıb. P.Şahbazov ölkəmizdə neft-kimya sənayesinin inkişafından da danışaraq bu sahənin Azərbaycan iqtisadiyyatına böyük dividendlər gətirəcəyini diqqətə çatdırıb: “Ölkəmiz neft-kimya sənayesini inkişaf etdirir. Bazarda neft məhsullarından qazanılan gəlir neftin xammal kimi satışından daha çoxdur. Azərbaycanda bu sahədə yeni müəssisələr yaradılıb. Xammal kimi nefti istehsal edib, bunu həm beynəlxalq bazarlara çıxarır, həm də Azərbaycan iqtisadiyyatında tətbiq edirik. Bunu digər ölkələrdə də sərmayələrimiz vasitəsilə həyata keçiririk”.
Nazir OPEC-lə neft bazarındakı hazırkı vəziyyətin də müzakirə edildiyini diqqətə çatdırıb. O bildirib ki, ötən gün OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo ilə Səudiyyə Ərəbistanında baş verən son proseslər fonunda neft bazarındakı vəziyyəti müzakirə edib: “Yaxın müddətdə nə OPEC, nədə ki “OPEC plus” səviyyəsində hər hansı təcili iclasın keçirilməsi gündəmdə deyil”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31