Qadın ana olmaqla bərabər, eyni zamanda, cəmiyyətin əsas dayaqlarından biridir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Hicran Hüseynova: Zərif cinsin nümayəndələri milli-mənəvi dəyərlərin, ailə ənənələrinin nəsillərdən nəsillərə ötürülməsi kimi ağır və məsul missiyanı özlərinin kövrək çiyinlərində ləyaqətlə daşıyırlar
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, martın 8-də bütün dünyada qadınların bayramı qeyd ediləcək. Bu bayram ərəfəsində Azərbaycan qadınlarının cəmiyyətin inkişaf və tərəqqisində rolu haqqında nə deyə bilərsiniz?
- Ölkə əhalisinin yarısından çoxunu təşkil edən Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Müqəddəs sayılan qadın xeyir-bərəkət, sülh, əmin-amanlıq rəmzi hesab olunur. Çünki bəşəriyyət həmişə qadınla ucalmışdır. Dünyamızın sivilizasiyası qadınların ağlı, zəhməti, yaradıcı təxəyyülü sayəsində inkişaf etmişdir. Bu bir həqiqətdir ki, dahiləri, müdrikləri, qəhrəmanları analar böyütmüşlər. Təsadüfi deyil ki, biz hər bir işi analarımızın xeyir-duası ilə görürük. Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar Tanrının təbiətə bəxş etdiyi müqəddəs bir varlıqdır. Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Bu gün o, nazirdir, millət vəkilidir, akademikdir, dövlət qulluqçusudur. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər.
- Bəs Azərbaycanda dövlət qadın siyasəti hansı səviyyədə həyata keçirilir?
- Qadın məsələləri həmişə dövlətimizin diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyev ölkə rəhbərliyinə gəldiyi dövrdən qadınların problemləri ilə maraqlanmış, onların irəli çəkilməsi üçün şərait yaratmışdır.
Ulu öndərimizin verdiyi bir çox qərar və sərəncamlar Onun cəmiyyətdə gender balansının formalaşdırılması sahəsində uzaqgörən siyasətinin əməli ifadəsidir. 1998-ci ildə Ümummilli liderimizin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci il martın 6-da isə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın qəbul edilməsi bu siyasətin həyata keçirilməsi istiqamətində atılan növbəti addım idi. Bütün fəaliyyətində Ümummilli liderimizin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamaqla bu sahəyə dövlət qayğısını bir daha nümayiş etdirir.
- Müasir Azərbaycan ailəsinin inkişafı, eləcə də, milli-mənəvi dəyərlərimizin qorunmasında zərif cinsin nümayəndələri nə kimi üstünlüyə malikdir?
- Qadın ana olmaqla bərabər, eyni zamanda, cəmiyyətin əsas dayaqlarından biridir. Ona görə də, biz qadınları həm də cəmiyyətin inkişafında fəal rol oynayan dövlət qurucuları kimi görmək istəyirik. Qadın ailə çərçivəsində önəmli rol oynamaqla yanaşı, həm də sosial proseslərin aktiv hərəkətverici qüvvəsi kimi çıxış etməlidir. Zərif cinsin nümayəndələri milli-mənəvi dəyərlərin, ailə ənənələrinin nəsillərdən nəsillərə ötürülməsi kimi ağır və məsul missiyanı özlərinin kövrək çiyinlərində ləyaqətlə daşıyırlar. Yeni əsrin qadını tarixi dəyərləri öz simasında ehtiva etməklə bərabər, həm də müasir proseslərlə ayaqlaşmalı, intellektual səviyyəsini daim artırmalı, yüksək təhsilə malik kamil şəxsiyyət kimi formalaşmalıdır. O, milli keyfiyyətləri ümumbəşəri dəyərlərlə uzlaşdırmalı, hüquqlarını dərindən bilməli, özünü zorakılığın bütün formalarından qorumağa qadir olmalıdır. Yalnız bütün bu amillərin birgə təsiri sayəsində qadınlar ictimai inkişafın katalizatoru funksiyasını yerinə yetirə və cəmiyyətdə sosial harmoniyanın tənzimlənməsini həyata keçirə bilərlər. Məmnunluq hissi ilə qeyd etməyi özümə borc bilirəm ki, iqtidarın həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində bu gün ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılmışdır.
- Ümumiyyətlə, qadınların ictimai fəaliyyət imkanları nə qədərdir. Bu gün ölkəmizdə qadınlarla bağlı xeyli sayda qeyri-hökumət təşkilatları fəaliyyət göstərir...
- Elm və texnologiya günbəgün inkişaf edir, iqtisadi cəhətdən sərbəstlik əldə edən qadınların sayı artır. Gələcək vətəndaşların tərbiyəsi, savadı, mədəniyyəti, zehni inkişafı, vətənpərvərliyi, ilk növbədə, cəmiyyətə yeni nəsil bəxş edən qadından asılıdır. O, ölkənin ictimai həyatında da böyük uğurla çalışır. Qadın kişi ilə bərabər iqtisadiyyatın, mədəniyyət, elm və incəsənətin bütün sahələrində fəal iştirak edir. İndi elə bir ixtisas, elə sahə tapmaq olmaz ki, orada qadın əməyi təmsil olunmasın. Qadınlarımızın bir qismi mühüm dövlət vəzifələrində uğurla işləyir. Bu gün bizim parlamentdə deputatların 14 nəfərini qadınlar təşkil edir. Dünyanın ən inkişaf etmiş ölkələrində parlament üzvləri içərisində qadınların sayı bu qədər deyil.
Lakin ümumilikdə götürəndə qadınlarımızın keçdiyi yüksəliş yolu heç də rahat olmamışdır. Əsrlər ötdükcə, qadın zamanın sınaqlarından çıxdıqca onun cəmiyyətdə tutduğu mövqe də yüksək qiymətləndirilmişdir. Azadlıq və istiqlal yollarında qadın hərəkatı bütün dünyaya yayılmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə hər üç istiqamətdə kompleks dövlət siyasətini həyata keçirən vahid qurum formalaşdırıldı. Hazırda biz müxtəlif dövlət proqramları və layihələrin həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparırıq. Bu gün Azərbaycanda 80-dən artıq qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Qarşılaşdığımız problemlərin həlli dövlət qurumları ilə qeyri-hökumət təşkilatlarının əməkdaşlığını tələb etdiyindən biz həmin qadın cəmiyyətləri ilə əlaqəli işləyirik. Onlardan bir çoxu qadınların respublikanın ictimai, iqtisadi, siyasi, mədəni həyatına cəlb edilməsi istiqamətində fəaliyyət göstərirlər. Qadınların ictimai həyata cəlb edilməsi üçün qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif mərkəzlər yaradılmışdır, qadınların psixoloji və sosial reabilitasiyası üzrə hüquqi, tibbi və başqa məsləhətlərin verilməsi təşkil olunmuşdur. Bu əməkdaşlığın uğurları göz qabağındadır.
Məlumdur ki, ailə, qadın və uşaq problemlərinin həlli mühüm bəşəri məsələlərdən biri olaraq qalır. Odur ki, biz də öz növbəmizdə daim axtarışlar aparır, beynəlxalq təcrübəyə əsaslanaraq ailələrin rifahının yüksəlməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi üzrə ardıcıl işlər görürük.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009