“Azərbaycanın təhsil sektorunun inkişafı Layihəsi”nin II mərhələsi üzrə danışıqlar mart ayında başlanılacaq
Bu ilin mart ayının 3-də Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında “Azərbaycanın təhsil sektorunun inkişafı” Kredit Proqramının II mərhələsi üzrə danışıqlar başlayacaq. DB-nın Bakı ofisindən “APA-Economics”in məlumatına görə, ölkə hökumətilə danışıqları aparmaq üçün martın əvvəlində DB-nın missiyası Bakıya gələcək: “Bank Azərbaycan hökumətinə 25 mln. ABŞ dolları məbləğində kredit ayırmağa hazırdır. Lakin kreditin dəqiq həcmi danışıqlar nəticəsində müəyyənləşəcək”.
DB-dan həmçinin bildirilib ki, layihənin II mərhələsində I mərhələnin bazasında yeni tədris proqramı, müəllimlər üçün treninqlərin keçirilməsi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təmiri və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu layihə üzrə ilk kredit sazişi 2003-cü ilin sentyabrında imzalanıb və I mərhələnin icrası artıq bu il başa çatır. İlkin mərhələdə DB Azərbaycan hökumətinə 18 mln. dollar məbləğində kredit ayırıb. Bundan başqa, layihənin I mərhələsinə 2,8 mln. dollar Azərbaycan hökuməti və 0,18 mln. dollar Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən ayrılıb.
Xatırladaq ki, “Azərbaycanın təhsil sektorunun inkişafı Layihəsi” 2003-2013-cü illəri əhatə edir. Bu müddət ərzində DB Azərbaycan hökumətinə təxminən 60 mln. dollar həcmində vəsait ayıracaq.