Hadi Şeyx Qafuri: Azərbaycana yatırılan sərmayələrdə İran iş adamlarının payı az deyil
İran Azərbaycanla ticarət dövriyyəsinin həcmini yaxın illər ərzində 1 milyard dollara çatdırılmasını təklif edir. Bunun üçün tərəflər arasında azad ticarət münasibətlərinin bir qədər də artırılması məqsədəuyğun sayılır. Ötən il iki ölkə arasında mal mübadiləsinin həcmi 540 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 45 faizə yaxın artım hesab olunur. İranın Azərbaycandakı səfirinin müavini Hadi Şeyx Qafuri bildirib ki, hər iki ölkənin ticarət əlaqələrində əsasən ərzaq, kənd təsərrüfatı və məişət məhsulları üstünlük təşkil edir. Azərbaycan İrana maşınqayırma və sənaye malları da ixrac edir.
Dünən Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda Qafuri Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların tərkibində iranlı iş adamlarının payının olmasını da söyləyib. Onun fikrincə, 2007-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin 1,4 faizi iranlıların payına düşür. İran respublikamıza ötən il təxminən 70 milyon dollar sərmayə qoyub. Qonşu ölkənin iş adamları yeyinti sənayesinə və xidmət sektoruna investisiya yatırıblar. Səfirin müavini öz ölkəsinin biznes dairələrinin üzvlərinin regionlara maraq göstərdiyini xatırladaraq, rayonlarda birgə müəssisələrin yaradılmasında iştirak etmək istəklərini diqqətə çatdırıb. Bu sahədə ostanların imkanlarından istifadə ediləcək. Məsələn, Ərdəbil ostanın valisinin müavini Məcid Qədiri Azərbaycanın cənub bölgəsinin iqlim şəraitinin İranın iqliminə uyğun gəldiyini nəzərə alaraq, birgə kənd təsərrüfatı və emal-tədarük məntəqələrinin yaradılmasının mümkünlüyünü bildirib. O, bu məqsədlə azərbaycanlı sahibkarları Ərdəbilə işgüzar səfərə dəvət edib.
İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev İran tərəfinin təkliflərini dəyərləndirərək, biznes layihələrinə qonşu dövlətin iş adamlarının cəlb olunacağını əmin edib. H.Paşayev elektroenergetika, yanacaq, nəqliyyat və digər sahələrdə İran mütəxəssislərinin rolunu qiymətləndirib.
ELBRUS