Seçki komissiyalarının paritet əsaslarla formalaşmasının müzakirə olunmaması müxalif cəbhə üzvlərini narazı salıb
“Venesiya Komissiyası öz uğursuzluqlarını ört-batır etmək istəyir, buna görə də qurumun təmsilçiləri seçki komissiyalarının paritet əsaslarla formalaşması məsələsini ümumiyyətlə müzakirə etmədiklərini deyirlər”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Onun sözlərinə görə, müxalifət Seçki Məcəlləsinin təkmilləşməsi ilə bağlı Venesiya Komissiyasına təkliflər göndərib və bu təkliflər sırasında seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması birinci məsələ olub. Bununla belə, ADP sədri istənilən halda seçkilərdə iştirak edəcəklərini bildirib: “Şəxsən bizim partiya qanunun və şəraitin necə olmasına baxmayaraq, seçkilərdə iştirakda qərarlıdır və qərarımızı dəyişmək niyyətində deyilik”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, seçki komissiyalarının yenidən formalaşması hələ də müzakirə mövzusudur və bu proses davam etməlidir: “Biz seçki komissiyalarının yenidən formalaşdırılması barədə tələb irəli sürən zaman Venesiya Komissiyası tələbimizin düzgün olduğunu vurğulayıb. İndi onların bu məsələnin müzakirə mövzusu olmadığını söyləməsi təəssüf doğurur. Hazırda Seçki Məcəlləsi ilə bağlı müzakirə olunacaq yeganə məsələ məhz komissiyaların formalaşdırılması məsələsidir. Biz öz təklifimizin üzərində qalırıq və düşünmürük ki, parlamentdə bu məsələ müzakirədən kənarda qalacaq”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov isə bildirib ki, Venesiya Komissiyasının təmsilçisi Sergey Kuznetsovun komissiyaların paritet əsaslarla formalaşması ilə bağlı heç vaxt müzakirə aparmadıqlarını söyləməsi problemə ikili standartlarla yanaşmadır: “Bundan əvvəl Kuznetsov dəfələrlə bəyan etmişdi ki, biz müxalifətin təkliflərini nəzərə alırıq. Müxalifətin də əsas təklifi paritetlə bağlı idi. Əgər paritet məsələsi müzakirə olunmasa, “Azadlıq” bloku seçkini boykot edəcək”.