|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
Müsahibələr : Ermənistanda hadisələr plan üzrə irəliləyir | |||||||||||||||||||||
İlqar Məmmədov: Səfirlərin müxalifətin tərəfinə keçməsi aparılan işin nəticəsi kimi dəyərləndirilməlidir Müsahibimiz politoloq İlqar Məmmədovdur - İlqar müəllim, Ermənistanda seçkidən sonra baş verən hadisələri necə dəyərləndirmək olar? - Ermənistanda seçkidən sonra baş verən hadisələr olduqca maraqlıdır. O cəhətdən ki, beynəlxalq ictimaiyyətin, xarici müşahidəçi missiyaların seçkilərin nəticəsi ilə bağlı nisbətən yumşaq rəyinə, bəzi dövlət başçılarının Serj Sərkisyanı təbrik etməsinə baxmayaraq, seçkilərdə yüksək nəticə göstərən Levon Ter-Petrosyan öz mübarizəsini davam etdirir. Yaranan situasiya özü maraqlıdır. Çünki hər zaman inqilabların arxasında Qərbin və ya beynəlxalq fondların dayandığı bildirilirdi. Analoji məlumatlar Gürcüstanda və Ukraynada inqilab baş verən zaman da yayılmışdı. Ermənistanda baş verən hadisələr isə bir daha sübut etdi ki, deyilənlər doğru deyil. Mən Gürcüstanda inqilab baş verən zaman da fikirləşirdim ki, əldə olunan nailiyyət gürcü xalqına və konkret Mixail Saakaşviliyə aiddir. O baxımdan ki, Saakaşvili xalqın bütün resursunu demokratik keçidə istiqamətləndirə bildi. Ermənistan hadisələri bir daha sübut edir ki, beynəlxalq qurumların mövqeyindən asılı olmayaraq Cənubi Qafqaz bölgəsində hakimiyyət xalqın tərəfindən müəyyənləşdirilir. Bu amili siyasi qüvvələr birdəfəlik anlamalıdırlar. - Sizcə, Qərb tələsdimi? - Nə mənada? - Seçkilərin nəticələrini tanıması istiqamətində... - Tələsib-tələsmədiyini hadisələrin gedişatı aşkara çıxaracaq. Hər halda bir qədər gözləyə də bilərdi. Fikrimcə, Serj Sərkisyanı təbrik etməkdə tələsib. İrəvanın mərkəzi meydanında hazırda (dünən-red.) ən böyük miqyaslı etiraz aksiyası keçirilir. Xüsusilə, qeyd etmək lazımdır ki, mitinqlər hökumət binalarının kompleksi qarşısında baş tutur. Hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini dəqiqləşdirmək çətindir. - Seçkinin nəticələrinin elan olunmasının ardından bir sıra diplomatların, o cümlədən, Xarici İşlər Nazirliyinin rəsmilərinin, Ermənistanın Qərb ölkələrindəki səfirlərinin müxalifətin tərəfinə keçəcəyi gözlənilməz sayıla bilərmi? - Ter-Petrosyanın apardığı siyasət həm məntiqə, həm də qətiyyətə hesablanıb. O baxımdan fikrimcə, eks-prezident bütün addımlarını tam dəqiqliyi ilə fikirləşib. Bu cəhətdən diplomatların və səfirlərin müxalifətin tərəfinə keçməsini aparılan işin nəticəsi kimi dəyərləndirmək lazımdır. - Demək, proses planlı şəkildə irəliləyir? - Bəli, yəqin ki, proses Levon Ter-Petrosyanın öz planı əsasında inkişaf edir. - Qərb ölkələrinin hazırkı iqtidarı dəstəklədiyi bir vaxtda həmin dövlətlərdə yerləşən diplomatik korpus nümayəndələrinin müxalifətin tərəfinə keçməsi ziddiyyətdən xəbər vermirmi? Ola bilərmi ki, Qərb bu dəfə də ikili standartını işə salıb? - Fikrimcə, Qərb ölkələrində fəaliyyət göstərən və yaşayan diplomatlar Ermənistanın hazırkı vəziyyətini daha yaxşı görür və başa düşürlər. Onların daha azad şəraitdə olmaları təfəkkürlərində də dəyişikliyə səbəb olub. Düşünürəm ki, səfirlərin addımlarını bu baxımdan izah etmək mümkündür. Bununla belə, yenə də Ter-Petrosyan amilini istisna etmirəm. - Artıq Müdafiə Nazirliyinin Baş qərargah rəisi də Petrosyanı dəstəklədi. Ordunun qarşı tərəfdə durmasına səbəb nə oldu? - Unutmaq olmaz ki, Levon Ter-Petrosyan Ermənistanın prezidenti olub. Bu baxımdan onun hakimiyyət daxilində geniş əlaqələri mövcuddur. Yəqin ki, planlarda bu əlaqələr öz əksini tapıb. Generalların eks-prezidenti dəstəkləməsi də bu əlaqələrin xidməti sayıla bilər. - Hakimiyyət komandasının ikiyə bölünməsində “qarabağlı-ermənistanlı” amilinin nə dərəcədə rolu var? - Bu amil olduqca böyükdür. Ermənistanda klan məsələsi olduqca mühüm rola malikdir. Yerli ermənilər Qarabağ ermənilərinin hakimiyyətin yüksək eşalonunda oturmasını həzm edə bilmir. - Bu amil gələcəkdə Ermənistan ermənilərinin qarabağlı klanla qarşıdurmasına səbəb ola bilərmi? - İnandırıcı deyil. Hətta hakimiyyət dəyişiləcəyi təqdirdə belə, ermənilərin millət olaraq bütün resurslarını Azərbaycanla mübarizəyə həsr edəcəyinə inanıram. - Bəs, seçkiqabağı kampaniyada Dağlıq Qarabağla bağlı Ter-Petrosyanın səsləndirdiyi fikirlər... - Onun səsləndirdiyi fikirlər konkret seçkiyə hesablanmışdı. Bu dövrdə insanlar çox şey deyə bilər. Unutmaq lazım deyil ki, Azərbaycan torpaqları işğal olunan zaman Ermənistanın prezidenti məhz Levon Ter-Petrosyan idi. - Rusiya-Ermənistan münasibətlərində yenilik hiss ediləcəkdirmi? - İndiki zamanda hadisələrin gedişatını və dövlətlərarası münasibətlərin hansı kontekstdə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil. - Sizin proqnozlarınız hansı istiqamətdədir? - Dəqiq demək mümkün deyil, amma hadisələr dəyişikliyə aparana oxşayır. Bu gün (dünən-red.) müxalifət ən böyükmiqyaslı mitinqini keçirir. İstisna edilmir ki, Levon Ter-Petrosyan öz istədiyinə nail olsun. Hər bir şey baş verə bilər, hətta çevriliş də. Bu qədər insan resursunun toplaşdığı yerdə hadisələrin istənilən məcraya yönəlməsini gözləmək olar. - Polisin mitinqə müdaxiləsi nə qədər realdır? - Ola bilsin ki, mitinqi dağıtmaq üçün hansısa polis hissələrindən istifadə olunsun. Amma istisna edilmir ki, polis də müxalifəti dəstəkləsin. Sərkisyan məhz bundan qorxur. Pərviz SADAYOĞLU 250 dəfə oxunub | |||||||||||||||||||||
|
| |||||||||||||||||||||
| |||||||||||||||||||||