Səfərin ilk günündə dövlət başçıları Birgə bəyannamə imzalayıblar
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Polşaya rəsmi səfərə gedib. Hava limanında təşkil olunmuş qarşılanma mərasimindən sonra Polşa Prezidentinin sarayında rəsmi qarşılanma mərasimi olub. Mərasim başa çatdıqdan sonra isə Polşa Prezidentinin sarayında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinski arasında görüş olub.
Sonra isə dövlət başçıları arasında təkbətək görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi, Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin əhəmiyyəti xüsusi vurğulanıb, əməkdaşlığın perspektivləri, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski Birgə bəyannamə imzalayıblar.