|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||
Müsahibələr : Şapalaq dövrünü çoxdan keçmişik | |||||||||||||||||||||
Hadi Rəcəbli: Məqsədimiz odur ki, ailədə münasibətlər insani, mədəni və hüquqi müstəvidə qurulsun “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun layihəsi Milli Məclisin ötən payız sessiyasında müzakirəyə çıxarılanda ciddi narazılıqla qarşılandı. Buna baxmayaraq məsələ yaz sessiyasının iş planına daxil edilib. Müsahibimiz Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəblidir. - Hadi müəllim, “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun layihəsi hələ də cəmiyyətdə geniş müzakirə mövzusudur. Hazırda ölkəmiz üçün bu məsələ nə dərəcədə aktualdır? - Azərbaycan dünyaya inteqrasiya edir. Avropa dəyərləri istəsək də, istəməsək də Azərbaycan məkanına yol tapır. Bu gün gənclərimiz Avropada təhsil almağa gedir, orada həmin mühitə uyğunlaşırlar. Çoxlu belə maraqlı inteqrasiya prosesi gedir. Bütün bunlar bizə Avropa dəyərlərinə müraciət etməyi tələb edir. Vaxtilə Avropa Şurasına qəbul olunmaq üçün qarşımıza 17 şərt qoyulmuşdu. Həm siyasi, həm də demokratik baxımdan şərtləri yavaş-yavaş icra edirik. Şərtlərin biri də cender proqramı və buna oxşar məsələlərdi ki, Azərbaycan reallıqlarında öz əksini tapmaqdadır. 2006-cı ilin sonunda Milli Məclis məişət zorakılığına qarşı bəyannamə qəbul etdi. Bəyannamədə göstərilirdi ki, Azərbaycanda da bu problemə qarşı mübarizə aparılır. Qeyd edim ki, bu mövzu ətrafında ikili münasibətlər var. Bir qrup kişilər deyir ki, bu qanun mentalitetə uyğun deyil, ailədə hegemonluq qadınlara keçəcək, arvadlara söz deyən kimi məhkəməyə müraciət edəcəklər və s. Bütün bunlar primitiv düşüncədir. Mən bir qədər məsələnin izahını vermək istəyirəm. Əgər bu gün Azərbaycan milli dəyərlərə qayıtsa da, qadın kötəkləmək əsas məsələ olmayıb, məşədi İbad məsələsi bütün ailələrdə olmayıb. Belə bir kəlam var: cənnət anaların ayaqları altındadır. Qadının həmişə hörməti saxlanıb. Bu gün qadın döymə halları, ailə münaqişəsinin böyük əksəriyyəti alkoqollu içkilər içməkdən sonra olur. Məgər milli-mənəvi dəyərlərimizdə alkoqollu içkilərə aludəlik var idi? Əgər yoxdursa, deməli, problemə başqa müstəvidən yanaşmaq lazımdır. Gəlin, gənc ailələrin vəziyyətinə nəzər salaq. Onlarda vəziyyət necədir? Zaman bizi o dövrdən uzaqlaşdırdıqca, gənc ailələrdə arvaddöymə halları xeyli azalıb. Mənim övladlarım ailəlidir, onlarda belə hallara rast gəlməmişəm. Heç kim qadın döyməklə qürrələnməməlidir. Zərif cinsə əl qaldıran zəifliyin, acizliyin əlamətidir. Bu məsələnin mahiyyətində ilk növbədə profilaktik tədbirlər durur ki, ailələrdə vəziyyət məişət zorakılığına gətirib çıxarmasın. Səbəblər araşdırılmalıdır ki, ailələrdə zorakılıq nədən yaranır və bunun qarşısını almaq lazımdır. Bu gün bizdə vacibliyi özündə ehtiva edən faktlar var. Təsəvvür edin, bu layihəni qadın cəmiyyətləri və inzibati orqanlar təkid edir. Ailə münaqişələri gizli saxlanılır - Niyə? - Ailə-məişət zəminində olan cinayətlərin böyük əksəriyyətinin üstü açılmır. Çünki ailənin içində olduğu üçün heç kimin xəbəri olmur. Astara rayonunda bir molla arvadını döyə-döyə öldürmüşdü. Hadisənin üstündən bir müddət keçəndən sonra onların qızı polisə şikayət etmişdi. Onlarla belə fakt var ki, kişi qadını cəmiyyətin gözü qarşısında öldürüb. Yəni, camaat həmin ailələrdə problemi görsələr də, “ər-arvaddılar, özləri bilərlər” mövqeyindən yanaşıblar. Nəticədə isə ölüm hadisəsi baş verib. Onu da deyim ki, qadınların da kişiləri öldürməsi faktları var. Eləcə də, qohumlar arasında münaqişələr nəticəsində çoxlu problemlər yaradır. Əlbəttə, sözügedən qanunun ilk variantında bizim beynimizə batmayan məsələlər var. Məsələn, evdə arvadla kişinin arasında münaqişə varsa, qadını bir aylıq müddətinə götürürlər sosial mərkəzlərə adaptasiya prosesi, barışdırmaq üçün işlər görürlər. Kişilər isə arvadlarının bir ay həmin yerdə qalmasını heç cür qəbul etmir. Amma qadın utanıb atası evinə getmirsə və ya heç kimi yoxdursa, evdə qalıb hər gün döyülsün? Bunları fikirləşmək lazımdır. - Yəqin, kişilər narahatdır ki, bu qanunun qəbulundan sonra arvadlar sözlərinə baxmasınlar. Aralarında söz-söhbət olan kimi məhkəməyə düşə bilərlər. Sizcə, bu narahatlığa görə ailə başçıları haqlı deyil? Sinəsinə döyən elə kişilər tanıyıram ki... - Kişinin ən böyük günahı odur ki, arvad onun sözünə baxmır. Əlbəttə, ailənin böyüyü kişi olmalıdır. Ancaq bu o demək deyil ki, ər arvadı döyüb öldürməlidir. Sizə bir hadisəni xatırladım. Bir arvad ərini öldürmüşdü. Bunun səbəbini ondan soruşanda dedi ki, “o alçaq məni hər gün döyürdü. Çöldə yeyib-içib evə sərxoş gəlirdi. Evə qazanc gətirmirdi. Uşaqlara da paltar almırdı. Hələ bu azmış kimi evimizə başqa qadın gətirib onunla yatırdı. Belə olanda artıq dözmədim”. Söhbəti ona gətirirəm ki, ailədə qarşılıqlı hörmət, inam, güzəşt olmalıdır. Əvvəllər mən rayonda birinci katib olmuşam. Ailəmizdə mübahisəmiz də, münaqişəmiz də olub. Amma evdə özümü birinci katib kimi yox, həyat yoldaşı kimi aparmışam. Evdə işin qaydalarını tətbiq etmək düzgün deyil. Nikaha qədər qarşılıqlı xarakter öyrənilməlidir. Əgər bir neçə dəfə inam pozulursa, arvad kişini saymırsa, onda boşanma prosesi olmalıdır. Belə olanda arvadı baltalamaq düz deyil. Guya arvadı döyməklə düz yola çəkmək olur? Mən sinəsinə döyən o qədər kişilər tanıyıram ki, ailəsindən xəbəri yoxdur. Arvadı qılığına elə girir ki, bilmir o nə işlə məşğuldur? Yəni problemin həllində döymək, qorxu şərt deyil. Bununla qadını tərbiyə etmək olmaz. Eyni zamanda, ailədə ana övladları qarşısında atanın hörmətini qaldırmalıdır. Yoxsa, uşağa desə ki, “atan oğraşdı, hara gedir cəhənnəmə getsin” və s. onda kişi heç nə olur. Eyni zamanda, uşaq lazımi səviyyədə böyümür. Əgər uşaq ailədə lazımi tərbiyə görmürsə, evlənəndə hakimiyyəti arvada verir. Bunlar ailələrin problemidir ki, aradan qaldırılmalıdır. Bizim məqsədimiz odur ki, ailədə münasibətlər insani, mədəni və hüquqi müstəvidə qurulsun. - Hər hansı zorakılığa qarşı cinayət qanunvericiliyində müvafiq müddəalar əksini tapıb. Belə olan halda bu qanuna nə ehtiyac var? - Hazırda Cinayət Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Prosessual Məcəllədə elə məqamlar var ki, əgər döyülən arvad ərindən şikayət edərsə, tibbi ekspertizadan rəy alınsa, kişini həbs edəcəklər. Amma “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun isə belə halların qarşısını alır və problemin məhkəməyə gedib çıxmasına imkan vermir. - Sizcə, cəmiyyət bu qanunu qəbul etməyə hazırdır? - Xeyr. Onsuz da biz hələ bu qanunu qəbul etmirik. Biz sadəcə, indiki halda cəmiyyətə mesaj göndərmişik. Artıq cəmiyyət məsələyə reaksiya verib. İstədiyimiz də bu idi. Aydın oldu ki, belə problem mövcuddur. Bir tərəf deyir ki, ailə işlərinə qarışmayın, digər tərəf isə müdaxilənin tərəfdarıdır. Qanun ailə problemlərini qızışdırmaq yox, tənzimləmək üçün hazırlanıb. Fakt üçün deyim ki, son müddətdə təxminən 70 kişi arvadını, 7 qadın isə ərini öldürüb. Polisə də şikayət olunub. Mövqe belədir ki, belə problem var və qarşısını almaq lazımdır. Problemin həllini fikirləşməliyik: həm mentalitetə, həm Avropa dəyərlərinə, həm də hüquqi dövlət elementlərinə uyğun olsun. Məsələnin aktuallığı bir daha cəmiyyətə ünvanladığımız mesajla göründü. Belə təcrübə əvvəllər də komissiyamızda olub. Qızların ailə qurmaq üçün yaş həddi cəmiyyətdə müzakirə olunsa da, sonda Ailə Məcəlləsinə dəyişiklik edilmədi. Layihə “çiy” hazırlanıb - Sizə elə gəlmir ki, həmin qanun layihəsini hansısa beynəlxalq qurum yazıb və bizə göndərib? - Belə deyil. Bu qanun layihəsini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir neçə ölkənin təcrübəsindən istifadə edərək hazırlayıb. Doğrudur, komissiyamıza layihənin “çiy” variantı gəlmişdi. Mən və komissiya üzvləri bilirdik ki, “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun layihəsi mübahisələr yaradacaq. Biz bilərəkdən həmin layihəni olduğu kimi iclasa çıxardıq ki, insanların mövqeyini öyrənək. Bu layihə ilk andaca ajiotaj yaratdı. Hazırda sənədin üzərində iş gedir. Təhsil qanunu 10 il ərzində qəbul olunanda heç səsinizi çıxarmırdınız. İndi nə olub? “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanunu iş planına daxil etmişik, amma nə vaxt qəbul olunacağını deyə bilmərəm. - Başqa ölkələrdə belə qanun var? - Avropa ölkələrinin hamısında var. Məsələn, Norveç parlamentində belə qanun 1982-ci ildə qəbul olunmayaraq geri qaytarılsa da, sonradan təsdiqlənib. Cender bərabərliyi ilə bağlı qanun qəbul etdik, dünya dağılmadı ki? Bu qanuna da etiraz edənlər var idi.
- Tamamilə mümkündür. Hesab edirəm ki, qanun profilaktik xarakter daşımalıdır. Ailə probleminə görə heç kimin həbsinin tərəfdarı deyiləm. Belə olsa, deməli, ailələri dağıtmış oluruq. Mənimlə razılaşarsız ki, ailədə şapalaq dövrünü keçmişik. İndiki zamanda cinayətkarla zorakı yollarla danışmağa icazə vermirlər. Belə halda, ailədə necə zorakılıq ola bilər? Bu, pis layihə deyil. Məsələnin dərinliyinə gedəndə qanunun vacib olduğunu görürük. Bununla belə, layihədəki qıcıqlandırıcı elementləri çıxarmaq lazımdır. Bu gün bizim boşanma qanunu çox rahatdır. Əvvəlki dövrdə məhkəmə boşanmanı rədd edə bilirdi. İndi isə problem deyil. Azərbaycanda hazırda boşanma halları nikahların 10 faizini təşkil edir. Əgər ər-arvadın xarakteri düz gəlmirsə, niyə hər gün evdə qırğın olmalıdır? Bir neçə dəfədən sonra problem yoluna qoyulmursa, məsələ boşanma ilə həll edilməlidir. Yoxsa, kişi arvadını döyə-döyə öldürəcək və sonra həbsxanaya düşəcək. Gərək parlamentin özü də yetişsin - Sözügedən layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının yaz sessiyası üçün iş planına daxil edilib. Belə fikirlər səslənir ki, ictimai təzyiqdən sonra Hadi Rəcəbli layihəni başqa komissiyanın üzərinə atdı. Bu ittiham doğrudur? - Əslində, belə deyil. Bu sənəd ilk növbədə insan hüquqları ilə bağlıdır. Qanun mütləq insan hüquqları, sosial siyasət, hüquq siyasəti və dövlət quruculuğu komissiyalarında müzakirə olunmalıdır. Əgər məişət zorakılığından söhbət gedirsə, zorakılıq daha çox hansı komissiyaya uyğundur? Yəni layihənin həmin komissiyaya verilməsi məntiqlidir. Komissiyada müzakirələr gərgin keçsə də, Əli Hüseynov rəhbərlik etdiyi komissiyada məsələyə baxılmasına etiraz etmədi. Layihəyə birgə baxacağıq. Həmin komissiya ilə birgə “Könüllülük haqqında” qanun layihəsi də hazırlayırıq. Bizim təcrübədə qəbul olunmayan qanunlarımız da var. Məsələn, “Pasiyentin hüquqları haqqında”, “İşəgötürənlər birlikləri haqqında” qanunları parlamentdə keçirə bilməmişik. Parlament hələ onları həzm edə bilmir. Gərək parlamentin özü də yetişsin. Pasiyentin hüquqları pis qanundur? Bundan başqa, həmkarlar var, işçilərin birliyi var, amma işəgötürənlər birliyi yoxdur. “Xeyriyyəçilik və xeyriyyə fəaliyyəti haqqında” qanun layihəsi də eyni aqibəti yaşayıb. Hesab edirəm ki, “Könüllülük haqqında” qanun layihəsi də geniş müzakirələrə səbəb olacaq. Ümumiyyətlə, sosial qanunvericilikdə belə bir qanun yoxdur ki, bütün parlamenti tərpətməsin. Birincisi, qanunvericilik bir elmdir. Bəzilərinə qanun hazırlamaq asan gəlsə də, əslində, belə deyil. Qanunlarımız cəmiyyətin bütün təbəqələrini silkələyir. Bəzən layihə kənarda qalıb, başlayırlar icrada olan problemlərdən danışmağa. Hazırladığımız qanunlar ciddi müzakirə, irad və mübahisə yaratdığı üçün belə müzakirələrə əvvəlcədən hazır oluruq. - Həmin qanun nə vaxt qəbul edilə bilər? - Bəlkə, gələn ilin sonunda qəbul olundu. Ola bilər ki, o vaxta qədər də qəbul edilməsin. Yəqin “Mərasimlər haqqında” qanun layihəsinin aqibətini bilirsiniz. 7 ildir ki, hələ mübahisə predmetidir. Burada cəmiyyəti düşündürən məsələlər əks olunsa da, onun həlli yolları tapılmır. “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun da bu tiplidir. Cəmiyyəti düşündürən problemlər həll edilməlidir. - Problemlər nədən yaranır? Avropaya inteqrasiya prosesində zərərli məqamları daha tez qəbul etmirikmi? - Normal ailələrdə ciddi problem yaranmır. Ağıl səviyyəsi, varlı-kasıb problemləri, intellekt fərqi ailələrdə problemlər yaradır. Xoşbəxtliyin bir neçə elementi var. Birincisi, xoşbəxt insanın əqidəli dostları, əməli-saleh övladları və özünə uyğun həyat yoldaşı olur. Xoşbəxt insan işindən də razı olur. İnsanlar kininə, həsədinə və tamahına qalib gəlməlidir. Ailədə həyat yoldaşının bir-birinə uyğun olması münaqişələri çözür. Bütövlükdə isə, cəmiyyətlərdə 4 cür münaqişə yayılıb. Birincisi, etnik və milli azlıqlar arasında problemlər, ikincisi, milli və əqidə fərqləri, təriqət ayrılıqlarıdır. Üçüncüsü, ərazi iddiaları, dördüncüsü isə ailə-məişət problemləridir. Digərləri ilə müqayisədə ailə-məişət problemləri xırda olsa da, cəmiyyətlərdə geniş yayılıb. Hər kəs öz ailəsinə hörmət etməli, ənənəsini yaşatmalıdır. Qərbdə, Avropada heç də pis ənənələr mövcud deyil. Dünyada bir sıra ailə modelləri var. Patriarxal ailələrdə baba, nənə, övlad və nəvə bir-birinə bağlıdır və ailənin ənənəsini yaşadırlar. ABŞ-da imkanlı ailələr var ki, ev tikib birgə yaşayırlar və həmin ailənin də ənənələrini davam etdirirlər. Ancaq kimsə, övladını evləndirən kimi ev alıb özündən ayırırsa, həmin ailədə heç bir ənənə yaşamayacaq. Bu gün bizdə də belələri az deyil. Nardar BAYRAMLI
200 dəfə oxunub | |||||||||||||||||||||
|
| |||||||||||||||||||||
| |||||||||||||||||||||