“Qarabağ” futbol klubu hər zaman Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni əsirgəməməyə çalışıb. Bu baxımdan son dövrlərdə gəncləşdirmə siyasəti yeritməklə aşağı yaşlı futbolçuları futbolumuza qazandıran klubu günü-gündən yeni adlarla azarkeşlərimizi sevindirir. İllərdir ki, eyni adlar və simalardan bezmiş futbolsevərlər isə əlbəttə, tanımadıqları gənclərin yüksək səviyyəli futbolunu izlədikcə inkişaf qığılcımlarının hardan göründüyünü sezirlər... 1 il öncə Maksim, Rauf, Əfran və digər adları eşitdikdə bunların futbolla heç bir əlaqəsinin olmadığını düşünənlər bu gün həmin adların millimizin əsas fiqurları olduğunu görürlər. Bu isə klubun düzgün yolda olduğunun bariz nümunəsidir.
21 yaşlılardan ibarət millimizə “Qarabağ”dan dörd futbolçu-Osman Umarov, Nodar Məmmədov, Maksim Medvedev və Vaqif Cavadov dəvət olunub. Bu futbolçuların sırasına ən yaxın zamanda Şəhriyar Xəlilov, Əfran İsmayılov, Rauf Əliyev kimi adların da əlavə olunacağı da təəccüb doğurmamalıdır. “Qarabağ” klubu onların peşəkar futbolçu kimi yetişməsi üçün bütün şəraiti yaradıb. Məhz bu haqda futbolçuların öz fikirlərini diqqətinizə çatdırırıq:
Maksim Medvedev: “Üç il öncə “Qarabağ”da seçmələr keçiriləndə Raufla (Rauf Əliyev nəzərdə tutulur) bu yarışa qatıldıq. Onda ağlıma da gəlməzdi ki, bu komandanın əsas oyunçularından birinə çevrilə bilərəm. Bu gün şərəflə “Qarabağ”lı olduğumu hər yerdə bəyan edirəm...”
Vaqif Cavadov: “Bir klubda ki, gənclərə üstünlük verilir, o klubda mütləq nəticə olacaq. Bu baxımdan, iddialı klubda oynamaq baxımından daha 2 il “Qarabağ”lı olmağa razı oldum. İnanıram ki, “Qarabağ”ın iddialı adını ən yaxın zamanda özünə qaytaracağıq...”
Nodar Məmmədov: “Komandamızda elə bir atmosfer yaradılıb ki, hər kəs milliyə dəvət olunmaq barədə düşünür. Əlbəttə ki, bunu göstərdiyimiz oyunla sübut etməliyik. Rəhbərlik də stimul verir. Bir sözlə hər şəraitimiz var ki, gözəl oyunla milliyə layiq olduğumuzu sübut edək...”