Ruslar Azərbaycanı İspaniya və Türkiyədən sonra turizm üçün ən cəlbedici dövlət hesab edir
Azərbaycanda turizmin inkişafı ilə bağlı hökumətin həyata keçirdiyi layihələr Rusiya biznesmenlərinin də diqqətini cəlb edib. Ruslar ölkəmizin əlverişli turizm potensialından yararlanmaq istəyirlər. Xüsusilə də Azərbaycanda yeni yaradılan qış turizmi şimal qonşumuzun sərmayəçiləri tərəfindən maraqla qarşılanıb. Rusiyanın Bakıdakı Ticarət Evindən bildirildiyinə görə, Qusar rayonunda Qış İdman Turizm Mərkəzinin yaradıldıqdan sonra bu ərazidəki digər turizm infrastrukturunun inkişafında iştirak etmək üçün hökumətlə danışıqlar aparılması nəzərdə tutulur. Xatırladaq ki, bu layihənin başa çatmasından sonra Azərbaycana qış aylarında böyük turist axını gözlənilir. Turistlər üçün əlavə istirahət və əyləncə mərkəzləri, otel və idman komplekslərinin tikintisi də planlaşdırılır. Digər xarici investorlar kimi, rus iş adamları da həmin sahələrə kapital qoymaq niyyətindədir.
Rusiya hökuməti bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinə təkliflərlə müraciət edib. Ticarət Evindən onu da bildiriblər ki, 2003-cü ildən başlayaraq Azərbaycanın turizm sənayesi ilə əlaqədar təbliğat işlərinin gücləndirilməsi və bu sahəyə dair videomaterialların xarici dövlətlərdə sərgilənməsi bu ölkənin Azərbaycana marağının çoxalmasına səbəb olub. Moskva hökuməti ilə razılaşmaya əsasən şimal qonşumuzun paytaxtında və digər şəhərlərdə Azərbaycanın turizm şəbəkəsinin mövcud vəziyyətini, turizm infrastrukturunu və istirahət mərkəzlərini geniş şəkildə əks etdirən məlumatlar bazası formalaşıb. Rusiya turistləri daha çox İspaniya, Misir və Türkiyənin turizm agentlikləri vasitəsilə bu ölkələrin ən gəzməli guşələrinə maraq göstərsələr də, Azərbaycanın ekoturizminə də diqqət çoxalıb. Xüsusilə də şimal rayonlarındakı əyləncə və istirahət mərkəzlərinə gedənlərin böyük əksəriyyətini İran və Türkiyə ilə yanaşı, Rusiya vətəndaşları təşkil edir. Ruslar əlverişli zonalar hesab olunan Şimal və Cənub bölgələrində turizm inkişaf layihələrinin gerçəkləşdirilməsi üçün güzəştlərin edilməsini də təklif edirlər.
Yeri gəlmişkən, lAtaholdinq» şirkətlər qrupu da sənaye və istehsal müəssisələri ilə bərabər, turizm sektoruna investisiya qoyuluşları üçün layihələr hazırlayıb. Şirkət daha çox Lənkəran, Astara və Masallıda geniş əraziyə malik turizm şəbəkəsinin yaradılmasına maraq göstərir. Bu layihələrdə yay turizmi ilə yanaşı, payız və qış aylarında turistlərin ölkəmizə cəlb edilməsini nəzərdə tutan istiqamətlər geniş yer alıb.
ELBRUS