Hərbi prokurorluq erməni əsirliyindən azad edildikdən sonra cinayət məsuliyyətinə cəlb olunanların sayını açıqladı
“Əsir və girovluqdan azad olunan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə həbs olunması haqda fikir söyləyən hüquq müdafiəçiləri siyasi diletantlardır. Biz onları bu faktlarla yaxından tanış olmağa çağırırıq”. Bu sözləri APA-ya Azərbaycan hərbi prokurorunun I müavini, Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə əməliyyat-istintaq qrupunun rəhbəri İlham Məmmədov deyib. Onun sözlərinə görə, əsirlikdən azad edilən 1391 Azərbaycan vətəndaşından yalnız 26-sı cinayət məsuliyyətinə cəlb olunub ki, həmin şəxslərin də cinayətləri tam sübuta yetirilib. İstintaq-əməliyyat qrupunun rəhbəri bildirib ki, cinayət məsuliyyətinə cəlb olunanların əsir və girovluqda olduqları vaxt Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi fakt və sübutlarla təsdiqlənib. O, bu faktların istintaq qrupuna əsir və girovluqdan qayıdan digər Azərbaycan vətəndaşları tərəfindən verildiyini söyləyib: “Aparılan istintaq hərəkətləri nəticəsində əsir və girovluqda olan azərbaycanlılara işgəncə verilməsi prosesində xüsusi fəallıq göstərən 29 ermənin adı da aşkarlanıb. Həmin ermənilər azərbaycanlıların qətlə yetirilməsi prosesində də iştirak ediblər”. İ. Məmmədov hüquq müdafiəçilərini bu məsələdə obyektiv və ədalətli olmağa çağırıb: “Siyasi diletantlar əsirlikdən qayıdan Azərbaycan vətəndaşlarının taleyi ilə oynayırlar”.
Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı 4471 nəfər itkin düşüb. Onların 3591-i hərbçi, 880-i mülki şəxsdir. Şahid ifadələrinə əsasən, itkin düşmüş 4471 nəfərin 753-ü əsir və girov götürülmüş hesab olunur. 451 nəfərin erməni əsir və girovluğunda qətlə yetirildiyi müəyyən edilib. Onların 365-i kişi, 86-sı qadındır.