Nazirlik Milli Məclis qərarından sonra Kosovodan sülhməramlıların geri çağırılması ilə bağlı konkret addımlar atacaq
Milli Məclisin müvafiq qərarından sonra Müdafiə Nazirliyi Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması ilə bağlı konkret addımlar atacaq. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu deyib ki, Azərbaycan əsgərinin sülhməramlı əməliyyatlara cəlb edilməsi siyasi qərar nəticəsində mümkün olduğu kimi, onun statusuna sonradan baxılması da yalnız siyasi qərarla müəyyənləşə bilər. Nazirlik sözçüsü sülhməramlıların geri çağırılması ilə bağlı Azərbaycanın atdığı addımın Kosovoda yaranmış mövcud vəziyyətə tam uyğun olduğunu bildirib: “Bu addım başqa cür sadəcə, başa düşülən olmazdı. Azərbaycan Kosovonın müstəqilliyini tanımadığı halda orada əsgərini saxlaya bilməzdi. Ona görə də cənab Prezidentin Kosovodan Azərbaycan sülhməramlılarının çıxarılması barədə Milli Məclisə müraciəti tamamilə məntiqə uyğundur”.