Menyu
Abunə
Sorğu: Səsvermə
Bu yazını qiymətləndirirsiniz?
Çox oxunanlar
- Aqil Xəlil budur
- Prezident İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- Bakı Metropoliteni iyulun 21–dən yay hərəkət cədvəlinə keçəcək
- Vaşinqton İsraildən İrana nəzarət edəcək
- "Qazprom"dan müttəfiqləri üçün sürpriz Ermənistan üçün eksklüziv vəziyyət dəyişə bilər
Düşərgə təmsilçilərinin durumunun təhlili onların iddiasızlığını ortaya qoyur
Seçkilərə rəsmi start verilməsinə az vaxt qalır. Siyasi qüvvələr artıq bu istiqamətdə son hazırlıqlarını görüb, marafona start vermək fikrindədirlər. Amma ölkənin siyasi palitrasına nəzər saldıqda bu gün sivil seçki mübarizəsi aparacaq tərəflərin arasında fərqin böyük olduğunu görürük. İqtidarın siyasətini, ideologiyasını dəstəkləyənlərlə müxalifət tərəfdarlarının arasındakı fərq müvafiq olaraq, aşağı–yuxarı 95 faiz – 5 faiz nisbətindədir.
Eyni zamanda seçkiöncəsi müxalifət partiyalarının durumuna nəzər saldıqda onların bu marafona fərqli maraqlarla qatıldığının şahidi oluruq. Təşkilatların real vəziyyətini təhlil etdikdə bu fərqliliyin açıq şahidi oluruq.
"Azadlıq" bloku
parçalanır...
Sonuncu parlament seçkilərindən sonra dağılan "Azadlıq" seçki blokunun "karkasları" əsasında yaradılan eyniadlı siyasi blok üç partiyadan ibarətdir. 2005–ci ildə ADP və "Müsavat" AXCP–yə tərəfdaşlıq edirdisə, sonradan onları müvafiq şəkildə VİP və ALP əvəz etdi. Məhz bu dəyişiklik blokun cəmiyyətdə onsuz da qeyri–ciddi olan imicinə daha bir zərbə vurdu. Hazırda AXCP də "Müsavat"ın 2003–cü ildəki metodundan istifadə edir. Həmin dövrdə Müsavat Partiyası ətrafına özü kimi bir sıra cırtdan partiyaları yığmaqla güc mərkəzi formalaşdırdığı görüntüsünü yaratmaq istəyirdi. Amma seçkinin sonunda ağır məğlubiyyət göstərdi ki, bu birlik yalnız formal xarakter daşıyır və heç bir gücə malik deyil.
Son zamanlar "Azadlıq" bloku daxilindən gələn ziddiyyətli bəyanatlar və fikirlər parçalanmanın ilkin simptomları saylıa bilər. Ziddiyyətin əsas səbəbi isə 2008–ci il prezident seçkilərinə yönəlik fikirlərdə fərqliliyin müşahidə olunmasıdır. Hələ Seçki Məcəlləsinin müzakirəsi dövründə AXCP–nin maraqlı bir gedişinin şahidi olmuşduq. Heç bir gücə malik olmayan, elektoratsız ALP–yə seçki komissiyalarında təmsil olunması üçün yardım göstərəcəyinə söz verən partiya əvəzində bu təşkilatdan dəstək istəmişdi. Bu razılaşmaya əsasən Seçki Məcəlləsi ilə bağlı müzakirədən kənarda qalan ALP sonradan AXCP–nin yalnız öz qrup maraqları çərçivəsindən çıxış etdiyini görüb etirazını bildirdi. Bir müddət öncə blokun Ali Məclis üzvlərinin seçkidə iştirakını da istisna etmədiklərini bildirməsi də fikirlərimizi təsdiq edir. Bu, artıq AXCP–nin bütün kartlarının açılmasından xəbər verir.
AXCP–nin və blokun digər həmtəsisçisi –MBH lideri Lalə Şövkətin seçkidə iştirak taktikası ilə bağlı arqumentlərinin bəzi nüansları izaha etiyac duyur. Əgər AXCP yaranan situasiyadan istifadə edib boykotla dünyada Azərbaycanın imicinə zərbə vurmaq və müxalifət adını öz inhisarında saxlamaq niyyətini güdürsə, Lalə Şövkət əlində olan sonuncu şansdan istifadə edib, siyasəti prezidentliyə namizəd kimi tərk etmək fikrindədir. MBH lideri AXCP–nin boykot qərarında israr etməklə məhz onu sıradan çıxarmağa yönəlik plan qurduğunu anlayıb. Bu səbəb isə blokun dağılma perspektivini gündən–günə çoxaldır. Digər tərəfdən, son günlər AXCP–nin "Müsavat"ın namizədini dəstəkləyəcəyi kimi xəbərlərin mətbuatda yer alması və dövriyyəyə buraxılması digər blok üzvlərinin tədrici kimi də anlaşıla bilər.
Hər bir halda gücsüz və elektoratsız blokun qarşıdan gələn seçkidə heç bir şansı yoxdur. İstər boykot, istərsə də seçkidə iştirak onların acı məğlubiyyəti ilə nəticələnəcək. Bu isə qarşıdan gələn dövrdə müxalifətin həmin kəsiminin olmayan gücünün daha da azalmasına gətirib çıxaracaq.
Müsavat Partiyası öz hayında, İsa Qəmbər
namizəd olmaq istəyir...
Müsavat Partiyasında isə vəziyyət bir qədər fərqlidir. Uzun müddətdir davam edən partiyadaxili qarşıdurma yenidən güclənib. Seçkidə iştiraka qərar verən təşkilatda boykota israr edənlər də var. Mövqelərin fərqliliyi nə real situasiyanın qiymətləndirilməsinə, nə də seçkinin nəticələrinə əsaslanır. Sadəcə, İsa Qəmbər üçün 2008–ci il seçkisinin son siyasi imtahan olduğunu hesablayan funksionerlər yaranan vəziyyətdən istifadə etməklə öz mövqelərini gücləndirmək niyyətindədirlər. Seçkidən sonra AXCP ilə birlikdə dağılmağa ən real namizəd olan təşkilat kimi Müsavat Partiyasında bütün diqqət yalnız bu nüansın üzərində mərkəzləşdirilib.
Regionlarda zəif gücə malik Müsavat Partiyasının seçkiöncəsi atdığı addımlara nəzər saldıqda situasiyanın fərqli ştrixlərlə inkişaf etdiyinin şahidi oluruq. Məsələn, 2003–cü il seçkisində ətrafına cırtdan partiyaları yığmaqla özünü cəmiyyətə güc mərkəzi kimi təqdim etmək istəyən təşkilat bu il də bəzi məqamlarda eyni taktikadan istifadə etmək istədi. Belə ki, Seçki Məcəlləsinin müzakirəsi ilə bağlı IFES–in Avropa Şurası ilə birgə keçirdiyi Dəyirmi Masaya qatılmama planında AXCP kimi Müsavat Partiyasının da öz istək və arzuları vardı. Bu siyasi qüvvələrə İsa Qəmbəri namizəd kimi həzm etdirmək əsas motiv idi. Amma işlərin başqa məcrada davam etməsi İsa Qəmbərin yollarını yeni birliklə– "beşlik"lə qovuşdurdu. "Beşlər"in də başqanı dəstəkləmədiyi məlum olduqda mətbuatda bu formatı işə yaramaz və sadəcə müzakirə xarakterli toplantı kimi qələmə verməyə başladılar.
Müsavat Partiyası İsa Qəmbərin namizəd kimi 2008–ci il seçkilərində məğlub olacağını dəqiq bilir. Sadəcə, siyasi karyerasına 2008–ci ilin namizədi kimi son vermək qərarında olan İsa Qəmbər hələ də dayağını başqa–başqa qüvvələrdə axtarmaqdadır. Nə etməli, xalqdan dayağı olmayanın başqa yolu yoxdur.
ADP gündəmdə
qalmaq uğrunda
mübarizə aparır...
Keçmiş sədrindən ayrılandan sonra konstruktiv yol seçən ADP iki yerə parçalanmaqla onsuz da zəif olan gücünü tam itirdi. Bu baxımdan gah konstruktiv, gah da radikal bəyanatlar verməklə yalnız gündəmdə qalmaq istəyən partiyanın prezident seçkilərində öz namizədi ilə iştirak haqqında qərarı da məhz reklam xarakterlidir. Artıq radikalizmin iflasa uğradığını və heç bir işə yaramadığını, bu yolla cəmiyyətdə spekulyasiyanın mümkünsüzlüyünü anlayan partiya özünü yeni qüvvə şəklində təqdim etmək xatirinə seçkiyə qatılır. Daha doğrusu, regionlarda tərəfdarı və ya elektoratı olmayan ADP–nin seçkidən, ümumiyyətlə, heç bir gözləntisinin olmadığı dəqiqdir. Sadəcə, bu addımla təşkilat gələcəyini sığortalamaq və siyasi palitrada partiya kimi yer tutmaq niyyəti güdür.
AMİP siyasi arenanı tərk edir...
Müşahidələr belə deməyə əsas verir ki, bu partiya tam olaraq sıradan çıxıb. Fasiləsiz parçalanmalar, çəkişmələr nəticəsində siyasi arenanı tərk edən partiyada həm kadr çatışmazlığından, həm də rəhbər strukturların fəaliyyətsizliyindən çoxları gileylidir. Üzvlərini itirən AMİP hazırda seçkidən çox öz varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparır. Qarşıdan gələn qurultayda da yeni sədrin seçilməsi ilə hansı situasiyanın yaranacağı da bəlli deyil. Artıq bir neçə fərqli mövqeyə malik rayon təşkilatlarının tam şəkildə partiya sıralarını tərk edəcəyi də gözlənilir. Ola bilsin ki, yenidən parçalanmaya məruz qalan AMİP bu dəfə, ümumiyyətlə, Azərbaycan siyasətini tərk etmək məcburiyyətində qalsın.
KAXCP müxalifət
düşərgəsində
yer axtarır...
Uzun illər ad mübarizəsi aparan KAXCP özünü AXC–nin varisi sayır. Bununla belə AXC–nin xələfi qismində çıxış edən AXCP bu partiyanın pərdə arxasında qalmasında böyük rol oynayıb. Sonradan adını dəyişən partiya cəmiyyətdə kifayət qədər tanınmadığı üçün reklama möhtacdır. 2008–ci il seçkiləri isə bu məsələdə əsl yardımçı rolunu oynaya bilər. Partiyanın təşkilatçılığı ilə beşlər, iyirmilər kimi ittifaqların yaradılmasına cəhdlər də bu hədəfə hesablanıb. O baxımdan KAXCP–nin seçkidən gözləntisinin yalnız tanınma ilə tamamlandığını söyləmək mümkündür.
Bütün bu araşdırmalar ortaya vahid bir nəticə çıxarır. Bu nəticə ondan ibarətdir ki, ümumilikdə müxalifət düşərgəsi hazırda dilemma qarşısındadır. Fərqli arzular, istəklər uğrunda mübarizə aparan düşərgə təmsilçilərini bir məqam eyni nöqtədə birləşdirir. Müxalifət, Azərbaycan iqtidarından fərqli olaraq, xalqın, millətin, dövlətin uğrunda mübarizə aparmır, onun inkişafına yardımçı olmur. Onlar yalnız öz şəxsi maraqlarının əsiri kimi arzularının ardınca gedirlər.
Pərviz SADAYOĞLU









