Bu gün ABŞ-ın növbəti prezidenti seçiləcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Bu gün ABŞ-da sayca 44-cü prezident seçkiləri keçiriləcək. İndidən hesab etmək olar ki, bu seçkilər ABŞ-ın son onilliklər tarixində ən mürəkkəb və sensasion xarakteristikası ilə yadda qalacaq. Respublikaçılar Partiyasının vahid namizədi kimi Con Makkeyn, Demokratlar Partiyasından isə uzun və üzücü mübarizə nəticəsində ABŞ tarixində ilk dəfə prezident olmaq imkanı əldə edən afroamerikalı Barak Obama seçki marafonunun finişinə çıxıb. Prezidentliyə namizədlərin formal olaraq qeydə alınması onların mənsub olduqları partiyaların Milli Konvensiyalarında reallaşdırılıb. Bundan sonra mübarizə özünün növbəti və son mərhələsinə daxil olub. Bu mərhələnin mahiyyət və məzmununu üzə çıxarmaq və bütövlükdə seçki prosesinin gedişini və nəticələrini proqnozlaşdırmaq üçün bir sira vacib suallara cavab axtarmağa çalışaq.
ABŞ-da prezidentliyə namizədlərin xarici siyasət məsələləri üzrə seçki platformaları hansı xarakteristikaya malikdir? Rəqiblərin üstün və zəif cəhətləri nədən ibarətdir? Seçkiqabağı vəziyyətdə baş verən hansı “tektonik silkələnmələr” seçki prosesinin nəticələrinə maksimum təsir göstərə bilər? Nəhayət, seçkilərin nəticəsi olaraq formalaşacaq yeni administrasiyanın Azərbaycan siyasəti hansı cəhətləri ilə yadda qala bilər ?
Beləliklə, həmin suallara hər iki namizədin baxışı konteksindən cavab tapmağa çalışaq.
Barak Obama / Demokratlar Partiyası
Rusiya
“Rusiya nə düşmənimiz, nə də yaxın müttəfiqimizdir” fikri Barak Obamaya məxsusdur. O, Rusiyada demokratiya və şəffaflığın bərqərar olmasında ABŞ-ın olduqca maraqlı tərəf kimi şıxış etdiyini bildirib. Obamanın fikrincə, ABŞ-ın təhlükəsizliyi üçün əsas təhdid zonası keçmiş SSRİ-nin sərhədləri çərçivəsində yerləşir. Bunlar nüvə, bioloji və kimyəvi silahlar, habelə, onların istehsalı üçün materiallardan ibarətdir. Obama Rusiyanın “Böyük səkkizlik”dən çıxarılması ilə bağlı rəqibi Con Makkeynin fikirlərinə münasibət bildirərkən “ bu addım səhv olardı” deyib.
Terrorizm
Obama Prezident Corc Buşun “qlobal terrorizmə qarşı müharibə” siyasətini kəskin tənqid edir. Onun fikrincə, bu müharibə problemi həll etmir, onu daha da kəskinləşdirir. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün Yaxın Şərqin qeyri-radikal siyasi qüvvələrini ABŞ dəstəkləməlidir, bu regionun sakinlərinə təhsil və səhiyyə sahəsində yardımlar göstərməlidir. Terrorçuların əlinə kütləvi qırğın silahlarının keçməsinə heç bir vəchlə imkan verilməməlidir. Terrorçularla əsas mübarizə meydanı, Obamanın fikrincə, Əfqanıstan olmalıdır.
Energetika
Obama ABŞ-ın neft idxalından asılılığının azaldılması siyasətini müdafiə edir. Bu məqsədlə o, alternativ enerji mənbələrindən (spirt, külək) istifadə edən şirkətlərə münasibətdə vergi güzəştlərinin tətbiqi ideyasını zəruri sayır. Obama, eyni zamanda, daha çox miqdarda “parnik” qazları istehsal edən dövlətlərin (“Böyük səkkizlik”+ Braziliya, Hindistan, Çin, Meksika və Cənubi Afrika Respublikası) daxil olduğu Qlobal Enerji Forumunun yaradılması ideyasını irəli sürür.
Müdafiə və təhlükəsizlik
ABŞ silahlı qüvvələrinin sayının artırılmasını vacib hesab edir. Onun fikrincə, ABŞ silahlı qüvvələrinin indiki strukturu “soyuq müharibə” dövrünün reallıqlarına müvafiqdir və bu sahədə ciddi yenidənqurmaya ehtiyac var. Obama həm də NATO-nun gücləndirilməsi və modernləşdirilməsi siyasətinin lehinə çıxış edir.
İraq
Obama İraqda hərbi əməliyyatların aparılmasının əleyhdarı olub. Onun fikrincə, Buş administrasiyasının ən böyük strateji səhvi, 11 sentyabr hadisələrindən sonra İraqı beynəlxalq terrorizmə qarşı mübarizənin ön cəbhəsi elan etməsidir. Obamaya görə, bu cəbhə İraqda deyil, Əfqanıstanda yerləşir. O, İraqdan ABŞ qoşunlarının 16 ay müddətində çıxarılması ideyasını müdafiə edir. Buradan çıxarılan qoşunların 2 briqadasının ( təxminən 10 min əsgər) Əfqanıstanda yerləşdirilməsi də Obamanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur. O, İraqda ABŞ-ın daimi bazalarının olmasının əleyhdarıdır.
İran
Obama İranla “açıq dialoq” siyasətinin aparılmasının tərəfdarıdır. O, İrana qarşı hərbi kampaniyanın başlanmasının qəti əleyhdarıdır. Bununla yanaşı, Obama İranın nüvə proqramını dayandırmaq naminə bu ölkəyə qarşı sərt sanksiyaların tətbiqinin tərəfdarı kimi də çıxış edir.
İsrail-Fələstin münaqişəsi
Obama ABŞ-da əhalinin 2,5%-ni (7 milyon nəfər) təşkil edən nüfuzlu yəhudi icmasının seçki prosesinə ciddi təsiretmə imkanlarını nəzərə alıb, ənənəvi olaraq İsrail dövlətinin müdafiəsi baxımından fikirlər söyləyib. O, prezident seçiləcəyi təqdirdə olduqca mürəkkəb İsrail-Fələstin münaqişəsinin həlli məsələsinə xüsusi əhəmiyyət verəcəyini də bəyan edib.
Çin
Obama Çini ABŞ-ın ciddi rəqibi hesab edir və Pekinlə əməkdaşlıq siyasətini dəstəkləyir. Onun fikrincə, ABŞ bir sıra vacib məsələlər üzrə Çinə olan iddialarını irəli sürməkdən çəkinməməlidir.

Con Makkeyn / Respublikaçılar Partiyası
Rusiya
Makkeyn Rusiyaya münasibətdə kifayət qədər sərt mövqeyi ilə seçilir. Rusiyanın “Böyük səkkizlik”dən çıxarılması ideyasının da müəllifi Makkeyndir. O, NATO-nun keçmiş sovet respublikaları hesabına genişləndirilməsinin tərəfdarı kimi çıxış edir. O, Gürcüstan və Ukraynanın Rusiyanın etirazlarına məhəl qoymadan NATO-ya qəbulu ideyasını müdafiə edir. Makkeyn Rusiyanın bütün etirazlarına baxmayaraq, ABŞ-ın raket əleyhinə müdafiə sisteminin elementlərinin Polşa və Çexiyada yerləşdirilməsi planının həyata keçirilməsini son dərəcə vacib hesab edir.
Terrorizm
Makkeyn Corc Buş administrasiyasının bütövlükdə terrorizmə qarşı apardığı qlobal müharibəni dəstəkləyir. O, yalnız bu kampaniyanın ayrı-ayrı aspektlərini tənqid edir. Məsələn, Makkeyn İraqla bağlı ABŞ-İran dialoqunun aparılmasının əleyhdarıdır. Respublikaçı namizəd ABŞ silahlı qüvvələrinin İraqda müharibəni udmaq naminə, lazım gələrsə, 100 il də bu ölkədə qalması ideyasının müəllifi kimi də tanınıb. O, eyni zamanda, hesab edir ki, Əfqanıstanda ABŞ-ın daimi hərbi bazaları olmalıdır.
Energetika
Makkeyn ABŞ-ın idxal olunan neftdən asılılığının azaldılması və nüvə energetikasının daha da inkişaf etdirilməsi siyasətini müdafiə edir. O, ABŞ-ın prezidenti olacağı təqdirdə enerji təhlükəsizliyi məsələlərinə xüsusi əhəmiyyət veriləcəyini indidən proqnozlaşdırmaq mümkündür.
Müdafiə və təhlükəsizlik
Makkeyn ABŞ silahlı qüvvələrinin gücləndirilməsi və onun sayının artırılmasının ən ardıcıl tərəfdarı kimi tanınıb. Vyetnamda 6 il müddətində əsirlik həyatı yaşayan Makkeyn əsirlərlə və terrorizmdə ittiham olunan şəxslərlə qeyri-insani davranışın əleyhinə olan mövqeyi ilə populyardır.
İraq
Respublikaçı namizədin qəti mövqeyinə görə, əgər ABŞ qoşunları İraqı tərk etsə, bu halda qələbədən ruhlanan terrorçular ABŞ ərazilərində fəaliyyətlərini həyata keçirməyə başlayacaqlar. Onun digər bir fikrinə görə, İraqda sabitliyin əldə olunması naminə Suriya və İran ilə əməkdaşlıq öz səmərəsizliyini sübuta yetirib.
İran
Makkeyn hesab edir ki, İranın nüvə proqramı regional və qlobal təhlükəsizlik üçün əsas təhdiddir. Bu fikir də ona məxsusdur: “Yalnız bir şey İrana qarşı hərbi əməliyyatdan daha pisdir-bu, İranın nüvə silahına malik olmasıdır”.
İsrail-Fələstin münaqişəsi
Makkeynin mövqeyinə görə, fələstinlilər İsrail dövlətinin mövcudluğunu tanımadıqları, yəhudilərə qarşı zorakılıqdan imtina etmədikləri və özlərinin hakimiyyət institutlarında islahatlar aparmadıqları təqdirdə regionda heç bir sülh prosesindən söhbət gedə bilməz. Makkeyn hesab edir ki, ABŞ İsrailə zəruri hərbi yardım göstərməli, onun düşmənləri olan İran, Suriya, “Həmas” və “ Hizbullah”ı izolə etməlidir.
Çin
Makkeyn Çin ilə normal münasibətlərin tərəfdarıdır. Eyni zamanda, o, Tayvanın müstəqilliyi ideyasını da dəstəkləyən siyasətçi kimi tanınıb.
ABŞ-da prezidentliyə hər iki namizədin siyasi platforması ilə tanışlıq bir daha təsdiqləyir ki, əslində ABŞ-ın strateji maraqlarının təminatı və qorunması baxımından hər iki namizədin siyasi baxışlarında elə bir ciddi fərqlər yoxdur. Həm Obama, həm də Makkeyn strateji baxımdan ABŞ-ın dünyada qlobal liderliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi kursunu müdafiə edir. Müxtəliflik özünü daha çox taktiki məsələlərdə göstərir. Başqa sözlə, strateji məqsədə çatmaq yolları məsələsində hər iki namizəd fərqli yanaşmalar nümayiş etdirir. Bu halda Demokratlar Partiyasının namizədi Barak Obamanın imkanlarını necə dəyərləndirmək olar? Bu suala cavab vermək üçün namizədin üstün və çatışmayan cəhətlərini araşdıraq:
Üstün cəhətləri :
-gəncdir və enerjilidir; ABŞ siyasətinə yenilik gətirmək iddiasinda olan ambisiyalı siyasətçidir; natiqlik qabiliyyətinə malikdir; gənclər onu müdafiə edir; KİV onu daha çox reklam edir; adı nüfuzuna xələl gətirəcək siyasi qalmaqallarda hallanmayıb; ABŞ-ın güclü yəhudi diasporu ənənəvi olaraq Demokratlar Partiyasının namizədini müdafiə edir; mənsub olduğu partiya Konqresdə üstünlüyə malikdir; ölkədəki qubernatorların 28-i Demokratlar, 22-si isə Respublikaçılar Partiyasının təmsilçisidir; əhalinin 13,4 %-ni (39,2 milyon nəfər və ya ABŞ-da Latın Amerikasından olanlardan sonra 2-ci sayca ən böyük azlıq) afroamerikalılar təşkil edir və məhz Obamaya səs verəcəklərini bildirirlər.
Çatışmayan cəhətləri :
- dövlət idarəciliyi, xüsusən xarici siyasət sahəsində təcrübəsinin azlığı öz mənfi təsirini göstərə bilər; ABŞ-da qaradərili şəxsin prezident seçilməsi presidentinin olmaması da Obamanın imkanlarını məhdudlaşdırır; Keniyada müsəlman olan ögey qardaşının yaşaması haqqında dünya mətbuatında məlumatların yayılması da Obamanın seçilmək şansını məhdudlaşdıra bilər; Amerikalıların Obamanın atasının və qardaşının müsəlman olması fonunda ona səs vermək arzuları azala bilər; irəli sürdüyü bir sıra mühüm məsələləri necə həll etmək mexanizminə malik deyil; nəhayət, Obama məşhur “ Bredli sindromu” ilə də qarşılaşa bilər
Bəs, Respublikaçılar Partiyasının namizədi Con Makkeynin mövqeyini gücləndirən və zəiflədən motivlər hansılardır?
Üstün cəhətləri :
-böyük idarəçilik təcrübəsinə malikdir; iqtidar partiyasının nümayəndəsi olduğundan daha geniş inzibati resurslara malikdir; Vyetnam müharibəsinin veteranıdır; ABŞ-da irqçilik problemi tam həll edilmədiyindən Makkeynin qalib gəlmək şansı artır.
Çatışmayan cəhətləri :
-72 yaşı var. ABŞ tarixində 37 prezidentin yalnız ikisi- Duayt Eyzenhauer və Ronald Reyqan bu yaşda prezidentlik edib; nüfuzu son dərəcə aşağı səviyyədə olan Prezident Corc Buşun siyasi varisi hesab olunur; KİV-lərdə daha az təbliğ olunur; bir çox xarici siyasət məsələlərində olduqca radikal mövqedə dayanır; maliyyə imkanları rəqibindən zəif qiymətləndirilir; seçkilərdə fəallığı ilə seçilən gənclər tərəfindən müdafiə olunmur; seçkilərdə passiv iştirakı ilə yadda qalan yaşlı nəsil tərəfindən dəstəklənir.
İndi isə potensial amerikalı seçicilərin Ağ Evdə görmək istədikləri prezidenti necə dəyərləndirdiklərini araşdırmağa çalışaq. ABŞ-ın nüfuzlu “Pew Research Center” təşkilatının keçirdiyi sorğular seçicilərin bir sıra mühüm dövlət əhəmiyyətli məsələlərin həllində hansı namizədin mövqeyini dəstəklədiklərini üzə çıxarmağa imkan verib. “İraq məsələsində hansı namizəd daha ağıllı qərar qəbul etməyə qadirdir?” sualına cavab verən respondentlər 46% səsi Makkeynə, 43% səsi isə Obamaya veriblər. Makkeynə, eyni zamanda, vergi və qeyri-leqal immiqrasiya məsələlərində də daha çox etimad göstərildiyi bəlli olub. Müvafiq olaraq 44% və 39 %. Obama isə Makkeyni digər məsələlərdə üstələyir. Respondentlərin 51%-nin mövqeyinə görə, Demokratlar Partiyasının namizədi iqtisadi vəziyyəti yaxşılaşdırmağa qadirdir, Makkeynə isə bu sahədə etimad göstərənlər 36% təşkil edir. Amerikalıların 49%-i hesab edir ki, geriləməkdə olan səhiyyə sistemini Obama islahatlar yolu ilə dirçəldə bilər, bu məsələdə Makkeyni dəyərləndirənlər 32% təşkil edib. Sosial məsələlərin həllində Obamanın mövqeyini dəstəkləyənlər 48% olduğu təqdirdə, Makkeynin anoloji sahədə qazandığı göstərici 34%-dən artıq olmayıb.
Təxminən eyni vaxtda ABŞ-ın ABC telekompaniyasının və Washington Post qəzetinin keçirdiyi sorğuların nəticələri də prezidentliyə namizədlərin qalib gəlmək şansları haqqında müəyyən ilkin rəylərin formalaşmasını şərtləndirir. Qeyd olunan sorğularda respondentlər “ Kim güclü liderdir?” sualına cavab verərkən 46% Makkeyni, 42% isə Obamanı dəstəkləyib. 71% hesab edir ki, Makkeynin ölkəni idarə etmək üçün təcrübəsi var, Obama haqqında belə düşünənlər isə cəmi 18% təşkil edib. Makkeynin xarici siyasət məsələlərindən daha yaxşı baş çıxardığını düşünənlər 65% təşkil etdiyi halda, Obamanın bu sahədə müvafiq göstəricisi 24% olub. Bununla yanaşı, respondentlərin 59%-nin mövqeyinə görə, Obama islahatlar aparmaq üçün daha hazırlıqlıdır. Makkeyn haqqında eyni fikirdə olanlar cəmi 29% təşkil edib. Sorğu iştirakçılarının 56%-i hesab edir ki, Obamanın xarakteri prezidentliyə daha çox uyğun gəlir. 32% isə hesab edir ki, bu sahədə Makkeyn daha üstündür. Göründüyü kimi, hal-hazırda hər iki rəqibin imkanlarında nisbi bərabərlik vardır. Obama 3-4 % irəlidədir və bu göstərici sabit sayıla bilməz .
Hər iki prezidentliyə namizədin siyasi baxışlarını, onların üstün və çatışmayan cəhətlərinı təhlil etdikdən sonra belə bir qənaətə gəlmək olar ki, partiya mənsubiyyətindən asılı olmayaraq seçilən prezident ABŞ-Azərbaycan münasibətlərinin inkişafında maraqlı olacaq. Hər iki namizəd ABŞ-ın enerji təhlükəsizliyi məsələlərinə xüsusi prioritet verdiyindən zəngin enerji ölkəsi olan Azərbaycanla sıx və intensiv əlaqələrin qorunub saxlanılması və inkişafına dəstək siyasətinə xüsusi əhəmiyyət verməli olacaqlar.
Barak Obama qondarma “erməni soyqırımı” məsələsində ermənipərəst mövqeyi ilə seçilsə də, bunu sırf seçkiqabağı situasiyanın (ölkədəki güclü erməni icmasının imkanlarından bəhrələnmək istəyi) diqtəsi altında atmasının mümkünlüyünü də nəzərdən qaçırmaq olmaz. Prezident seçildikdən sonra çox zaman keçmiş namizədlər seçkiqabağı vədlərini unudur, ABŞ-ın milli dövlətçilik maraqlarını hər şeydən üstün tuturlar.
Elman Nəsirov
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji
Araşdırmalar Mərkəzinin direktor
müavini, tarix elmləri namizədi, dosent

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009