Alimlər öz sıralarının saflığını özləri qorumalıdırlar

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Şahlar Əsgərov: “Təhsil haqqında” qanunda aspirantura ləğv olunmur, sadəcə olaraq, onun adı dəyişdirilir
- Şahlar müəllim, artıq 2009-cu ilin ilk günlərini yaşayırıq. İstərdik, söhbətimizə ötən ilin qısa dəyərləndirilməsi ilə başlayaq. Universitet müəllimi kimi yola saldığımız il sizin üçün necə keçdi? Razı qaldınız?
- Təbii ki, razı qaldım. Həm personal, həm də professional baxımdan 2008-ci il mənim üçün uğurlu il oldu. İki kitabım çapdan çıxdı. “Düşüncə tərzi” kitabım dövrümüzün ictimai-sosial həyatına bir fəlsəfi baxışdı. İkinci kitabım isə, Bakı Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulan “Vakuum texnikasının əsasları” adlanır. Bununla yanaşı, elmi araşdırmalara davam etdim və bu istiqamətdə də gördüyüm işlərdən özüm razı qaldım.
- “Düşüncə tərzi” kitabınız haqqında müxtəlif diskussiyalar aparıldı. Bəyənən də oldu, bəyənməyən də..
- Təbii ki, iş görüləndə ona müsbət yanaşmalar da olur, ya da əksinə razılaşmayanlar da. Ümumiyyətlə götürəndə isə kitaba müsbət rəylər çox oldu. Çox xoş sözlər eşitdim. Hətta rayonlardan gəlib mənlə görüşənlər də oldu.
- Elmi işləriniz necə gedir, yeniliklər varmı?
- Əlbəttə var. Cari elmi işlər də öz qaydasında gedir. Bunlarla bərabər sevindirici və unikal bir halla da qarşılaşdım.
- Hansı unikal hal?
- ABŞ-ın kosmosun fəthi ilə məşğul olan idarəsi - NASA-nın (Amerika Milli Aerokosmik Agentliyinin) çoxlu elmi-tədqiqat mərkəzləri var. Onlardan biri də ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində yerləşən Glenn Research Centerdir. Bu mərkəzdə kosmik aparatları göyə qaldıran raketlərin mühərriki ilə bağlı ciddi elmi-tədqiqat aparılır. Yekdil fikir belədir ki, XXI əsrin yeni nəsil kosmik mühərrikləri - ion mühərrikləri olacaq. NASA-nın ion mühərrikləri ilə bağlı bir elmi-texniki memorandumunda mənim “ağır ionlarla metalların bombardman edilməsi” işimə (Askerov, S.G., and Sena, L.A., “Cathode Sputterinq of Metals by Slow Mersury İons”, Soviet Physics - Solid State, Vol.11, №6, 1288-1293, 1969) çoxlu sayda (pərəstiş səviyyəsində) istinadlar oldu. Bir səhifədə 9 yerdə bizim soyadımız çəkilir. Tədqiqatlarımız yüksək qiymətləndirilir. Hətta həmin səhifənin bir yerində bizim nəticələrimizə vaxtında lazımi diqqət verilmədiyi qeyd edilir. Bu, alim üçün çox qiymətli bir uğurdu. Alimin məhsulu elmi nəticələrdi. Elmi məhsul o zaman keyfiyyətli hesab olunur ki, ona istinadlar çox olur.
- Bir çox hallarda hansısa Azərbaycan aliminin uğurunun sorağı uzaqlardan gəlir. Halbuki, həmin insanlar Azərbaycanda yaşayır. Nə üçün bu uğurlar bizim ölkədə kölgədə qalır?
- Təəssüf doğuran haldır. Bu ölkəmizin balaca dövlət olması ilə bağlıdır. Azərbaycanda şeiri, musiqini hamı başa düşür. Amma hamının elmi-texniki nəticəni başa düşməsi çətindir. Bu cəmiyyətin həm təhsil, həm mədəni səviyyəsindən asılıdır. Bizdə elmi işlərin ekspertizası zəif olduğuna görə keyfiyyətli elmi-intellektual işi keyfiyyətsizdən ayırmaq çətindir. Keyfiyyətsiz iş görənlər qalxır, keyfiyyətli iş görənlər kölgədə qalır. Gərək xaricdən bir dəstək alasan. Bu, bizim cəmiyyətin qüsurudur ki, öz övladının qiymətini kimdənsə sonra verir.
- Maraqlıdır, bu cür nəticələr Azərbaycanın başqa alimləri tərəfindən əldə olunubmu?
- Mən NASA-nın bu materialını AMEA prezidenti akademik Mahmud Kərimov başda olmaqla, çoxlu akademiklərə (A.Hacıyevə, A.Həşimova, A.Mehtiyevə, Ç.Qacara, C.Allahverdiyevə və digərlərinə) payladım. Hamısı məni təbrik etməklə yanaşı, belə faktlara əvvəllər rast gəlmədiklərini söyləyirlər. Bu, məni heç sevindirmədi. Kaş bu sırada mən üçüncü-dördüncü olaydım.
- Sizin işinizə belə çoxlu sayda istinadın səbəbi nədədir? Bu iş niyə belə çoxlu maraq cəlb edir?
- Birinci səbəb odur ki, bizim tədqiqatlarımızın nəticəsi çox dəqiqdir. Biz təqribən 30 min ionun çıxardığı 3 atomu qeyd edə bilmişik. Təbii ki, bu çox mürəkkəb bir prosesdir. İkincisi də bunun tətbiqi, praktiki tərəfi var. Kosmosun fəthi üçün XXI əsrin yeni mühərrikləri sayılan ion mühərriklərinin işləməsi üçün çox vacibdir. Bəşəriyyəti gələcəkdə “energetik soyuq” dövr hədələyir. O dövrdən çıxmağın yeganə yolu hidrogen bombasının enerjisini insan idrakına tabe etdirməkdir. Bu nəticələr həmin bu problemin həlli üçün də vacibdir.
- Maddi dəyərləri qiymətləndirmək çox çətin deyildi. Bəs, intellektual və ya elmi məhsulları necə ?
- Dünyada qəbul olunmuş qayda var. Alimin işinin dəyəri onun əldə etdiyi nəticələrə istinadlarla ölçülür. Özün yazıb, özün oxumamalısan. Sənin nəticələrindən istifadə olunursa, deməli, qiymətli işdir. Məqaləyə istinadların sayı ilə nəticənin keyfiyyəti arasında əlaqə var. Çox istifadə edilirsə, deməli, çox qiymətlidir. Keçmiş SSRİ-də də bu faktora diqqət yetirilirdi. Professor Kitayqorodski “Literaturnaya qazeta”da bu faktora diqqət yetirməyi təkidlə təklif edirdi və ictimaiyyətin nəzərinə çatdırırdı. Göstərirdi ki, buna Nobel mükafatı komitəsi də diqqət yetirir. 160-dan çox istinad qazanan elmi nəticə artıq Nobel mükafatına namizədlər siyahısına düşür. SSRİ dövründə belə bir statistika məlum idi ki, akademiklərin işlərinin orta istinadlarının sayı təqribən 3-5 arasında idi. Mən bu yaxınlarda bir yüksək səviyyəli elmi toplantıda iştirak etdim. Akademiklərin biri təklif etdi ki, akademiyamız Nobel Mükafatı Komitəsinə müraciət etsin ki, çox hörmətli həmyerlimiz Lütfi-Zadəyə bu mükafatı versin. Bu onu göstərir ki, bizim həmin akademik Nobel Mükafat Komitəsinin işindən bixəbərdi.
- Sizin işlərə istinadların vəziyyəti necədir?
- Amerikalıların diqqətini çəkən işə istinadların sayı 100-ə yaxındı. Elə işlərim də var ki, adi elmi işlər kimi istinadların sayı 2-3-dür.
- Maraqlıdır, bu istinadları necə müəyyən edirsiniz və ya edilir?
- Kimin necə alim və ya elmi işlərinin dəyərinin ölçüsünü bilmək istəyirsinizsə, onu internetdən soruşun. Bir neçə saniyə müddətində internet sizə kimin kim olduğunu göstərəcək. Yaddan çıxarmaq lazım deyil ki, XXI əsr elmə-informasiyaya söykənən əsrdi. Hər qohuma, yerliyə elm sahəsində himayədarlıq edəndə bilmək lazımdır ki, internet bu qüsurlu işin üstünü aça bilər. Keçən ilin sonunda BDU-nun professoru A.Qasımovanın mətbuatda belə bir açıqlaması getdi: “Akademik adı daşıyanların bəzilərinin bir elmlər namizədi səviyyəsində də elmi nailiyyəti yoxdur”. Deməli, bu adların verilməsində qüsurlar var. Alimlər öz sıralarının saflığını özləri qorumalıdırlar. Əgər akademik mühitdəki kvazi (və ya psevda) alimlərin sayı, həqiqi alimlərin sayından çox olarsa, onda elm cəmiyyətdən pul yeyər, amma borcunu qaytarmaz. Bədbəxtçilik onda başlayır ki, kvazi alimlərin sayı həqiqi alimlərin sayından çox olsun.
- Şahlar müəllim, parlamentə gedirsiniz yenə?
- Xeyr, 2005-ci ildən bu yana parlamentə getməmişəm.
- Darıxmırsınız?
Alim kimi kifayət qədər çox işlərim var və bu işlər məni darıxmağa qoymur.
- Milli Məclis “Təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirədən keçirdi. Sizin Parlamentin Təhsil və elm daimi komissiyasının sədri olduğunuz dövrdə də belə bir layihə mövcud idi.
- Çox təəssüf ki, mən bu qanun layihəsi ilə sadəcə mətbuat vasitəsilə tanış olmuşam və dəqiq məlumatlara malik deyiləm. Amma mətbuatda işıq üzü görən yeni layihədə yer verilmiş bir sıra məqamları mən də dəstəkləyirəm. Məsələn, icbari təhsil müddətinin 11 ildən 9 ilə endirilməsi çox vacib bir işdir.
- İndiki sənədlə sizin hazırladığınız sənəd arasında oxşar və ya eyni məqamlar var?
- Məndə olan məlumatlara görə, bizim layihədə yer almış bütün proqressiv müddəalardan istifadə olunub.
- Aspiranturanın ləğvini necə qiymətləndirirsiniz?
- Bir çoxları magistratura, aspirantura və doktorantura terminlərini səhv salırlar, qarışdırırlar. Magistratura ali təhsilin son pilləsidir. Magistraturada o suallara cavab axtarılır ki, onun universitetlərin kitabxanalarında cavabı var. Aspiranturada o suallara cavab axtarılır ki, onun heç bir kitabxanada cavabı yoxdur. O sualın cavabını tədqiqat göstərir. Ona görə də, aspirantura ali təhsildən sonrakı çox vacib bir təhsil strukturudur. Onu heç bir təhsil pilləsi ilə əvəz etmək olmaz və mən onun ləğv olunacağına inanmıram. Sadəcə adını dəyişmək olar. Yeni qanunda da məhz onun adı dəyişdirilir, o ləğv olunmur.
Aqşin ŞAHİNOĞLU

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009