Referendumda əsas şərt təbliğat-təşviqat deyil, insanların maarifləndirilməsidir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 1 səs)
Məlumatın oxunma imkanı:
Siyavuş Novruzov: Bizə daxil olan müraciətlər, təşəkkür məktubları onu deməyə əsas verir ki, referendumda insanların iştirak göstəricisi 70 faizdən çox olacaq
SİA-nın bugünkü qonağı “Yeni Azərbaycan” təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, partiyanın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovdur:
- Siyavuş müəllim, “Yeni Azərbaycan” təşviqat qrupu hazırda referendumla bağlı hansı işləri görür?
- “Yeni Azərbaycan” təşviqat qrupu MSK-da qeydiyyatdan keçdikdən sonra 25 nəfərlik səlahiyyətli nümayəndə, 25 nəfər vəkil, Yeni Azərbaycan Partiyasının MSK-dakı məşvərətçi səs hüquqlu üzvü, bir nəfərlik müşahidəçisi, hər bir dairə və məntəqə seçki komissiyasında məşvərətçi səs hüquqlu üzvü, həmçinin, dairə və məntəqə seçki komissiyalarının hər birində partiyamızın bir müşahidəçisi müəyyənləşdirilib.
Yəni, hazırda bəzi texniki məsələlər var ki, onlar da hell edilir. Bununla yanaşı, təbliğat-təşviqatla əlaqədar hazırlıq işləri gedir. Bilirsiniz ki, bu proses 28 gün davam edəcək. Bu istiqamətdə müəyyən planlar hazırlanır, görüşlərin qrafiki müəyyən edilir. Hansı qruplarla, haralarda görüşlərin keçirilməsi, icra hakimiyyəti orqanlarının görüşlər üçün müvafiq yerlərin ayırması istiqamətində işlər davam edir. Bu yerlər müəyyənləşdikdən sonra görüşlər keçirəcək, təbliğat-təşviqat aparacağıq. Ümumilikdə, Seçki Məcəlləsinin verdiyi bütün imkanlardan istifadə edəcəyik.
- Müxalifətdən olan bəzi təşəbbüs qrupları imzatoplama kampaniyası zamanı müəyyən əngəllərlə üzləşdiklərini bəyan edirlər. Sizin də qarşınıza bu kimi maneələr çıxdımı?
- Əslində, həmin təşəbbüs qrupları lazımi imzanı toplaya bilmirlər və bunu əngəl kimi qələmə verirlər. “Yeni Azərbaycan” təşviqat qrupu təşəbbüs qrupu olduğu zaman imzatoplama kampaniyasına başlamazdan qabaq ciddi hazırlıq işləri aparırdı. Əvvəla, hər bir partiya seçkilərdə iştirak etdikcə, öz təcrübəsini artırır, seçki praktikasının təkmilləşdirir. Yeni Azərbaycan Partiyası indiyədək ölkədə keçirilən bütün seçkilərdə iştirak edib və hər bir seçkidə müəyyən yeniliklər ortaya çıxıb. Bu yeniliklər tətbiq olunduqca, bu iş üzrə çalışan mütəxəsislər formalaşır.
Amma seçkilərdə iştirak etməyən partiyalar həmin yeniliklərdən, seçki praktikasından kənarda qalır, eyni zamanda, öz sosial dayaqlarını itirir. Ona görə də, referendum elan olunduqdan dərhal sonra YAP təşəbbüs qrupu yaratdı və mütəxəssislərimiz rahat şəkildə imzatoplama kampaniyasını apardılar. Biz hər vərəqi bir nəfərə həvalə etmişdik, min nəfərlik nümayəndəmiz bu sahədə çalışırdı və hər birinə 50 nəfər düşürdü. Bu proses bizim insanlarımız üçün çətin deyildi, çünki bu sahədə treyninqlər, hazırlıq kursları keçirilmişdi.
Digər tərəfdən, onlar hər bir seçkidə bu işi gördükləri üçün peşəkarlaşıblar. Biz artıq bilirik ki, hansı dairənin, məntəqənin ərazisində imza toplayacaq nümayəndəmiz kimdir. Həmin şəxslər haqqında bütün məlumatlar kompüterlərdə yerləşdirilib və həmin məlumatlar mütəmadi yeniləşdirilir. Bununla yanaşı bu şəxslər seçki prosesinin sonrakı mərhələlərində də fəal iştirak edirlər. Yəni, onlar partiyanın fəallarıdır. Bu baxımdan, qısa müddət ərzində - cəmi 3 günə “Yeni Azərbaycan” təşəbbüs qrupu lazımi imzaları toplayaraq MSK-a təqdim etdi. Bir sözlə, bizdə seçki məsələləri ilə bağlı mükəmməl sistem mövcuddur.
Bəzi qüvvələrdə isə belə bir sistem və peşəkar kadrlar mövcud deyil. Onlar seçki prosesi zamanı kimlərisə yoldan tuturlar, kimlərisə müxtəlif vasitələrlə ələ alırlar. Bəzən həmin şəxslərin bir qrupu kriminal elementlər olaraq ortaya çıxır, bir qrupu bu məsələdən sui-istifadə edərək, öz maraqlarını ifadə etməyə çalışır, bir qrupu imza toplamaq istəmir və ərizələri seçki komissiyalarına qaytarırlar. Ən əsas şərt odur ki, Azərbaycan cəmiyyəti həmin təşəbbüs qruplarının adlarını eşitdikdə, onlara imza vermək istəmir. Buna görə də, müxtəlif bəhanələr ortaya atırlar ki, guya onlara qarşı repressiyalar, əngəllər törədilir. Bu gün ölkədə 10-dan artıq təşəbbüs qrupu fəaliyyət göstərir ki, onları da bir-birindən ayırmaq qeyri-mümkündür. Belə olan halda necə olur ki, heç bir qrupun nümayəndələrinə qarşı maneələr törədilmədi, sadəcə, 1-2 qrupa qarşı törədildi. Ona görə də, bütün bu iddialar əsassızdır və heç bir həqiqəti əks etdirmir.
- Ölkəmizdə bu günədək bir çox seçkilər keçirilib. Ötən seçkilərlə müqayisədə hazırda referendumla bağlı yeni texnologiyalar tətbiq olunurmu?
- Referendum digər seçkilərdən fərqlənir. Məsələn, prezident, parlament və bələdiyyə seçkilərində ayrı-ayrı fərdlərlə və platformalarla bağlı olan məsələlər ortaya çıxır. Həmin seçkilərdə insanlar namizədi canlı olaraq görür, onun platforması ilə tanış olurlar. Əgər o, insanlarda inam, etibar yaradırsa namizəd seçilmə şansı qazanır. Burada təbliğat-təşviqat kampaniyasının aparılması da referendumdan fərqlidir. Referendumda əsas şərt təbliğat-təşviqat deyil, insanların maarifləndirilməsidir. Yəni, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin mahiyyəti, onların hər birinin zərurəti, şərhi və insanlara çatdırılması ən əsas şərtdir. Ona görə də, referendumda daha geniş auditoriyanı əhatə etməyə zərurət yaranır.
İkinci tərəfdən, digər seçkilərdə kvorum yoxdur. Yəni, seçkidə iştirak edən 3 nəfərdən 2-si namizədə səs verirsə, həmin namizəd seçilmiş hesab olunur. Referendumda isə xüsusi baryer mövcuddur və seçicilərin ən azı 25 faizi səsvermədə iştirak etməlidir. Bu baxımdan, referendumda aparılan işlər, maarifləndirmə tədbirləri daha geniş dairəni əhatə etməlidir və burada canlı görüşlərə daha çox üstünlük verilir.
Tutalım ki, başqa seçkilərdə reklam rolikləri, kliplər, təbliğat mesajları və s.-dən istifadə olunursa, referendumda bunlarla bərabər, daha çox canlı izahat işləri aparılmalı, çoxlu sayda görüşlər keçirilməlidir. Məsələn, son prezident seçkilərində biz ölkə üzrə 2 milyondan artıq vətəndaşın iştirakı ilə 900-dən artıq canlı görüş keçirdik. Bu baxımdan, referendumla bağlı bundan daha çox canlı görüşlər təşkil edilməlidir. Hazırda gözləyirik ki, nə qədər təşviqat qrupu yaradılacaq. Bundan sonra hər bir yaşayış məntəqəsinin ərazisində belə görüşlər keçirib, təbliğat-təşviqat, izahat materiallarını çatdırmaq lazımdır. Bundan əlavə, hüquqşünaslar insanlarla görüşərək, bu məsələnin şərhi ilə bağlı vətəndaşların suallarına cavab verməlidirlər.
- Apardığınız müşahidələrə əsasən, referendumda iştirak edəcək vətəndaşların fəallıq göstəricisini necə proqnozlaşdırırsınız?
- Bu məsələnin gündəliyə gəlməsi, ümumilikdə bəzi maddələrin dəyişdirilməsi illərlə vətəndaşların arzusu olub. Uzun zamandır çoxlu sayda əhali Konstitusiyaya müvafiq əlavə və dəyişikliklərin edilməsini tələb edir. Biz də Yeni Azərbaycan Partiyası olaraq, bu məsələni parlamentdə qaldırdıq və sözügedən dəyişikliklər əlavə olundu. Bundan sonra bizə daxil olan müraciətlər, təşəkkür məktubları onu deməyə əsas verir ki, əhalinin böyük əksəriyyəti bu referendumda iştirak edəcək və ona dəstək verəcək. Bizim qənaətimizcə, insanların iştirak göstəricisi 70 faizdən az olmayacaq. Vətəndaşlarda olan fəallıq, bu məsələyə dərindən yanaşmaq, geniş müzakirələrin aparılması və digər amillər nəticəsində əmin oluruq ki, fəallıq səviyyəsi çox yüksək olacaq.
- İqtidar-müxalifət dialoqu az da olsa, gündəmdə qalan mövzudur. Hazırki mərhələdə belə bir dialoq mümkündürmü və bu dialoqun müzakirə predmeti nə ola bilər?
- İqtidar hər zaman dialoqun, danışıqların, əməkdaşlığın tərəfdarıdır. Biz bununla bağlı dəfələrlə öz fikirlərimizi bəyan etmişik, prezidentimiz andiçmə mərasimində bir daha bu məsələni vurğuladı. Amma qarşı tərəfdə bununla bağlı real addım yoxdur. İlk növbədə, dialoq aparmaq üçün potensialları yoxdur. İkincisi, bəzi şəxslər var ki, onlar hər şeyə yalnız öz fərdi maraqları, şəxsi intriqaları prizmasından baxırlar. Bunun nəticəsidir ki, öz partiyalarını illərlə yanlış yönləndilər və bu gün uçuruma gətirib çıxarıblar. Ona görə də, həmin şəxslərlə hazırki mərhələdə hansısa dialoq qurulacağını gözləmək inandırıcı deyil. Kifayət qədər mövzular, müzakirə obyektləri var ki, onlarla bağlı hər kəs öz fikrini ifadə edir. Bu gün ölkədə xeyli sayda mətbuat orqanları, televiziyalar fəaliyyət göstərir. Əgər onlar bizimlə hansısa məsələni müzakirə etmək istəyirlərsə, biz hazırıq. Amma əminəm ki, onlar dialoqa hazır deyillər və biz bunun dəfələrlə şahidi olmuşuq. Bu baxımdan, indiki mərhələdə dialoqa ehtiyac görmürük.
- Hakim partiya dialoq təklifi ilə çıxış edərsə, qarşı tərəfdəki partiyalar arasında seçim ediləcəkmi?
- Bu gün partiyalar arasında dialoq mövcuddur. Parlamentdə təmsil olunan və olunmayan partiyaların əksəriyyəti bu dialoqda iştirak edir. Məsələn, prezident seçkilərində xeyli sayda partiya bu və ya digər formada iştirak edirdi. Onların bəziləri birbaşa öz namizədləri ilə seçkilərə qatılmışdı, bəziləri isə seçki prosesinə dəstək nümayiş etdirirdi. Bu partiyalar arasında müxalifət partiyaları da təmsil olunurdu. Bununla belə, bir-iki partiya özünü cəmiyyətdən, siyasi proseslərdən kənarda tutur, heç bir şeyə qarışmırsa, onlarla hansısa mövzuda danışmağın heç bir mənası yoxdur. Onlar öz suyunda bişən insanların toplusudur ki, bir-birlərinin qərargahlarında, çayxanalarda oturub fikir mübadiləsi aparmaqdan başqa heç bir ciddi işlə məşğul olmurlar. Bu cür partiyaların heç bir perspektivləri yoxdur və yaxın zamanda tamamilə cəmiyyətdən silinib gedəcəklər.
- Bu günlərdə Rusiya Ermənistana 800 milyon dollar həcmində silah-sursat göndərdi. Bununla bağlı, Azərbaycan hökuməti hansı addımlar atır?
- Azərbaycan hökuməti buna sərt reaksiya verdi, Xarici İşlər Nazirliyi ölkəmizdəki Rusiya səfirliyinə nota təqdim etdi, parlamentdə bununla bağlı ciddi müzakirələr aparıldı və yəqin ki, müraciətlər də daxil olacaq. Ümumiyyətlə, biz bu məsələni beynəlxalq təşkilatlar səviyyəsində də müzakirə etməliyik və sübut etməliyik ki, Ermənistanın silahlanması təkcə Azərbaycana deyil, bütün regiona ciddi təhlükə ola bilər. Çünki beynəlxalq müqavilələr var və orada hər bir dövlətin malik ola biləcəyi hərbi texnikanın miqdarı öz əksini tapıb. Həmin müqavilələrə Ermənistan da, Rusiya da qoşulub. Lakin hazırda bu müddəalar kobud şəkildə pozulur və Ermənistan birmənalı şəkildə silahlandırılır. Burada məqsəd Cənubi Qafqazda gərginliyin yaradılmasıdır. Ona görə də, sözügedən problem AŞPA, BMT və NATO səviyyəsində qaldırılıb, müzakirə olunmalıdır.
- Ermənistanın silahlandırılması prosesi davam edərsə, Azərbaycan hansı konkret addımlar ata bilər?
- Azərbaycan bütün imkanlardan istifadə edərək, öz etirazını bildirir, prosesin qarşısını almağa çalışır. Amma bu gün dünyada ikili standartların olduğu heç kimə sirr deyil. Bununla belə, hərbi sahədən anlayışı olan bir şəxs kimi bəzi məqamları diqqətə çatdırmaq istəyirəm. Mən göndərilən silahların siyahısını oxudum və onların növləri ilə tanış oldum. Əminliklə deyə bilərəm ki, onların hamısı müddəti keçmiş, dünyada artıq qəbul olunmayan, istifadədən çıxarılan silahlardır. Yəni, bu silahlar uzunmüddətli istifadədən sonra lazımsız metal əşyalar kimi atılmalıdır. Təbii ki, nə olursa-olsun onların Ermənistana qanunsuz olaraq göndərilməsi cinayətdir. Bununla belə, həmin silah-sursat Azərbaycanın malik olduğu müasir hərbi texnikadan çox geridə qalır və cəmiyyətimizi lüzumsuz narahatlığa salmağa dəyməz.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?
- Proses davam edir, prezidentlər görüşdülər, həmsədrlərin görüşləri də davam edir. Yəni, əvvəlki dövrlə müqayisədə münaqişənin həlli istiqamətində nisbətən fəallıq müşahidə olunur. Türkiyənin təşəbbüsləri də təqdirəlayiqdir. Bundan əlavə, Ermənistanda baş verən proseslər də münaqişənin həllinə kömək edəcək. Çünki bu münaqişə həll olunmadıqca, Ermənistanın inkişafından, gələcəyindən danışmağa dəyməz.
- Danışıqlar prosesi məhz bizim istədiyimiz çərçivədə davam edir. Bizim partiyanın sədri Azərbaycan Respublikasının Prezidentidir. Cənab Prezidentin yürütdüyü siyasət bizim üçün məqbuldur.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009