Azərbaycan ərzaq təhlükəsizliyini təmin etmək iqtidarındadır

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Eldar İbrahimov: Büdcədə müəyyən dəyişikliklər etmək mümkündür
Fevralın 2-də Milli Məclisin yaz sessiyası öz işinə başlayır. Artıq sessiyanın iş planı haqqında parlamentin mətbuat xidməti məlumat yayıb. Milli Məclisin Aqrar siyasət daimi komissiyası da yaz sessiyasına hazırlaşır. Komissiyanın sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov jurnalistlərə müsahibəsində müzakirəyə təqdim edəcəkləri qanun layihələri barədə məlumat verib:
- Milli Məclisin yaz sessiyasının qanunvericilik planı xeyli zəngindir. Bu sessiyada bir neçə məcəllənin qəbul edilməsi nəzərdə tutulur. Məsələn, iş planına İnzibati Prosessual, Mənzil, Tikinti, Şəhərsalma və Rəqabət məcəllələrinin layihələri daxil edilib. Yəni bu sessiyada biz 5 məcəllə layihəsini müzakirə edəcəyik. Bundan əlavə, iş planına cəmiyyətimizin maraqla gözlədiyi bir sıra qanun layihələri də daxil edilib. Maraqlı qanun layihələri arasında bizim komissiyanın təqdim etdiyi iki layihə də var. Biz keçən il “Arıçılıq haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etdik. Bu sessiyada həmin qanun layihəsini ikinci, üçüncü oxunuşda qəbul edəcəyik. Artıq qanun layihəsi ikinci oxunuş üçün tam hazırdır. Bu sessiyaya təqdim edəcəyimiz digər qanun isə “Pambıqçılıq haqqında” qanun layihəsidir. Biz bu qanun layihəsi haqqında çoxdan düşünürdük. Son illər Azərbaycanda pambıqçılığa diqqət azalır. Biz bu qanunu qəbul etməklə pambıqçılığa dövlət yardımını artırmağı nəzərdə tuturuq. Məqsədimiz odur ki, ölkədə pambıqçılığın inkişafına təkan verək. Bilirsiniz ki, 1970-ci illərdə xalqımızın əsas gəlir mənbəyi pambıqçılıq olub. Xatırlayırsınızsa bir qədər əvvəl biz “Üzümçülük haqqında” qanun qəbul etdik. Hazırda ölkədə bu sahə inkişaf etməkdədir. Hesab edirik ki, pambıqçılığın inkişafı üçün də xüsusi qanuna ehtiyac var. İnanıram ki, yaz sessiyasında bu qanunu qəbul edə biləcəyik. Bu qanun həyatda öz yerini tutacaq və işləyəcək.
- Bəzi millət vəkilləri yaz sessiyası çərçivəsində 2009-cu ilin dövlət büdcəsi haqqında qanuna yenidən baxılması təklifi ilə çıxış edirlər. Onlar bu təkliflərini də dünyadakı qlobal maliyyə böhranı və neftin qiymətinin ucuzlaşması ilə əsaslandırırlar. Sizin bu təklifə münasibətiniz necədir?
- Bu məsələ müzakirə olunur. Bəli, biz büdcədə neftin 1 barelinin qiymətini 70 dollar götürmüşük. Real qiymət isə təxminən 40 dollardır. Amma neftin qiymətinin sabah necə olacağını heç kim dəqiq deyə bilməz. Qiymətləri bazar tənzimləyir. Ümumilikdə mən hesab edirəm ki, büdcədə neftin müəyyənləşdirilən qiymətinə gələcəkdə baxıla bilər. Məncə, bu, büdcədə nəzərə alınmalıdır. Hazırda bütün dünya iqtisadi böhranın nəticələrini aradan qaldırmağa çalışır. Biz də elə etməliyik ki, ölkəmiz böhranın nəticələrini hiss etməsin. Bunun üçün büdcədə müəyyən dəyişikliklərə də getmək mümkündür.
- Sizcə, 2009-cu ilin büdcəsi Azərbaycanın dünyadakı maliyyə böhranından yayınmasına imkan verirmi?
- Hesab edirəm ki, biz büdcədə dəyişiklik etməsək belə, iqtisadi böhranın nəticələrindən yan keçə bilərik. Amma elə bilirəm ki, müəyyən məsələlərə yenidən baxmaq daha məqsədəuyğundur. Xüsusilə də, neftin büdcədəki qiymətinə yenidən baxmalıyıq. Dövlət Neft Fondunun vəsaitlərindən ehtiyatla istifadə etməliyik. Əgər neftin qiyməti ucuzdursa, fonddakı bütün vəsaitlərimizi müəyyənləşdirilmiş rəqəmin kompensasiyası üçün xərcləyə bilmərik.
- Eldar müəllim, hazırda dünyanı narahat edən məsələlərdən biri də ərzaq təhlükəsizliyidir. Sizcə, Azərbaycan bu sahədə təhlükəsizliyini təmin edə bilibmi?
- Bilirsiniz ki, bununla bağlı ölkə Prezidenti tərəfindən xüsusi dövlət proqramı təsdiqlənib. Bu sənəddə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün atılmalı olan bütün məsələlər əksini tapır. Məncə, qarşıdakı illərdə bu proqram öz effektini daha qabarıq şəkildə göstərəcək. Yeri gəlmişkən, qeyd edim ki, ərzaq təhlükəsizliyimizin təmin edilməsində bizim yeganə problemimiz taxılla bağlıdır. Bu il əldə etdiyimiz buğda ilə 11 aylıq ehtiyaclarımızı təmin edə bilərik. Gələcək illərdə məhsuldarlığın artırılması ilə tələbatımızı tam ödəyə biləcəyik. Nəzərdə tutulan tədbirlər həyata keçirilərsə, 2012-ci ildən sonra Azərbaycan taxıl ixracatçısına çevrilə bilər. Digər kənd təsərrüfatı məhsullarına tələbatımızı isə ödəyə bilirik. Əvvəllər, kənd təsərrüfatında kolxoz və sovxozlar mövcud idi. İndi isə bu sahə tamamilə fermerlərin əlindədir. Hesab edirəm ki, indi dövlət birbaşa fermerlərlə işləməlidir. Dövlət fermerlərlə ikitərəfli müqavilələr imzalamalı və istehsal olunan taxılı almalıdır. Elə olur ki, fermer taxıl istehsal edir, onu sata bilmir. Buna görə də, növbəti ili torpağında başqa məhsul əkir. Biz elə etməliyik ki, fermerləri taxıl əkininə həvəsləndirək. Bundan əlavə, daxili bazarımızı da qorumalıyıq. Elə olur ki, Azərbaycana xaricdən çox ucuz qiymətə kartof gətirilir. Nəticədə özümüzün keyfiyyətli kartofumuz satılmır. Bundan əziyyət çəkən yerli fermerlər olur. Bütün bunlar hamısı dövlət proqramında nəzərdə tutulur. İndi aidiyyatı olan icra strukturları proqramı reallaşdırmalıdırlar. Elə etməliyik ki, bir neçə ildən sonra əhalimizi tamamilə yerli istehsal hesabına kənd təsərrüfatı məhsulları ilə təmin edə bilək.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009