Obamanın çıxışında nələr vurğulandı?

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Ekspertlər ABŞ prezidentinin ümumi sözlərə daha çox yer ayırmasını fərqli amillərlə səciyyələndirir
ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri bir sıra məqamları ilə, xüsusi olaraq diqqət çəkdi. Təbii ki, həm Türkiyə, həm də dünya KİV-ni əsas maraqlandıran məsələlərdən biri də, super dövlətin başçısının Türkiyə-Ermənistan sərhədləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verəcəyi açıqlamalar idi. Açıqlamalar isə sadəliyi və bir qədər sətiraltı olması ilə seçildi. Belə ki, Obama Türkiyəni Amerikanın önəmli müttəfiqi, Avropanın önəmli bir parçası adlandırdı və hamının diqqətlə gözlədiyi qondarma “soyqırımı” və sərhədlərin açılması məsələsinə aşağıdakı şəkildə toxundu: “Tarix faciəvi gerçəklərlə doludur. Amma keçmişdəki məsələlər həll edilməsə, yük kimi daim çiyinlərimizdə qalacaq. 1915-ci ildə baş vermiş hadisələr mənim yox, ermənilərlə türklərin birgə həll edəcəyi məsələdir. Bu istiqamətdə atılan cəsur addımları görürük. Sərhədlərin açılması türk və erməni xalqlarının sülh, rifah içində yaşamasına gətirib çıxarar və hər iki ölkənin mənafeyinə uyğun olar. Qarabağda uzun müddətdir davam edən problemin həlli istiqamətində də addımlar atılmalıdır. PKK-nı və digər terror təşkilatlarını dəstəkləmirik”.
ABŞ prezidentinin Türkiyəyə səfərinin əhəmiyyətinin Türkiyə-Ermənistan münasibətlərindən qat-qat yüksəkdə dayandığını önə çəkən millət vəkili, politoloq Aydın Mirzəzadə xüsusi bir məsələyə diqqət çəkməyə ehtiyac duydu. Obamanın prezident kimi ikinci səfərini Türkiyəyə etməsini millət vəkili dövlət başçısının prioritetlər üzərində işləməsinin göstəricisi kimi qiymətləndirdi: “Şərq prioritetində Türkiyənin seçilməsini  bu ölkənin ABŞ üçün əhəmiyyətinin göstəricisi saymaq olar. Təəssüf ki, bu səfərə Türkiyə-Ermənistan sərhədlərinin açılmasının müzakirəsi  kontekstindən baxanlar və buna nəzərən səfərin əhəmiyyətini azaltmağa çalışanlar da oldu. Düzdür toplumda o məsələ də yer alır, amma əsas deyil. Göründüyü kimi Obama “soyqırımı” ifadəsi işlətmədi və sərhədlərin açılması məsələsində təkid etmədi. Sadəcə olaraq ABŞ prezidenti öz arzusunu dilə gətirdi. Türkiyə prezidenti Abdulla Gülün Barak Obama ilə həm mətbuat konfransında, həm də təkbətək görüşlərində Dağlıq Qarabağ münaqişəsinə və Ermənistanla münasibətlər məsələsinə xüsusilə toxunması isə onun təsəvvürünün genişlənməsinə səbəb oldu. Türkiyə ilə Ermənistan arasında müəyyən münasibətlər gedir, amma bu münasibətlərdən yaxın dövr üçün nə isə gözləməyə dəyməz. Türkiyə, hətta Ermənistanla münasibətlər qursa belə bunu təzyiq altında etmək istəmir. Digər tərəfdən, ortada Dağlıq Qarabağ faktoru var və son dövrlərdə həm baş nazir Ərdoğanın, həm də prezident Gülün bu problemi həll edilməyənə  qədər sərhədlərin açılmayacağını bildirməsi heç kimin nəzərlərindən yayınmayıb”.
Obamanın dilə gətirdiyi fikirlərin ABŞ dövlətinin mövqeyi olduğunu deyən A.Mirzəzadə bu ölkədə güclü erməni diasporu olduğunu və seçkilərdən öncə Obamanın erməniləri razı salmaq üçün populist bəyanatlara əl atdığını da xatırlatdı. Onun sözlərinə görə, Obama Ankarada fikirlərini qonşu dövlətlər arasında münasibətlərin yaxşılaşmasına yönəlik çağırış kimi səsləndirdi. ABŞ prezidentinin Dağlıq Qarabağ barədə qeyri-müəyyən şəkildə danışmasına gəldikdə isə millət vəkili bunu informasiya azlığı ilə əlaqələndirdi: “Ümumi sözlər işlətməsi ABŞ prezidentinin Dağlıq Qarabağ məsələsinin mahiyyətindən az məlumatlı olması ilə bağlıdır. Nəzərə alaq ki, Barak Obama prezident olmamışdan öncə sadəcə kiçik bir ştatın senatoru idi. O baxımdan dünyada gedən proseslər və ya hadisələr haqqında qısa müddətdə məlumat əldə etməsi çətin olar. Təbii ki, köməkçilər məlumat verirlər, amma görünür Obama Dağlıq Qarabağ məsələsində bir qədər ehtiyatlı mövqe tutmağa çalışır. ABŞ prezidenti bildirməsə belə, dövlət katibi Hillari Klintonun münaqişə tərəflərinin prezidentlərini görüşdürmək ideyası ilə çıxış etməsi,  indiyə qədər Dağlıq Qarabağ məsələsində ABŞ-ı təmsil edən Respublikaçılar Partiyasından olan Metyu Brayzanın yenidən öz postuna təyin edilməsi göstərir ki, ABŞ-ın məsələdə marağı var”.
Politoloq Vəfa Quluzadə də səfəri tarixi hadisə kimi qiymətləndirdi. Bu səfərin ABŞ-ın digər prezidentlərinin Ankaranı ziyarətlərindən fərqləndiyini söyləyən V.Quluzadə Obamanın gəlişinin ABŞ-Türkiyə arasında daha sıx əməkdaşlığa yönəlik olduğunu bildirdi: “İndiki şəraitdə Buşun dövründə buraxılan səhvləri düzəltmək üçün Obamanın üzərinə böyük məsuliyyət düşür. ABŞ Yaxın Şərqdəki uğursuzluqlarını Türkiyənin əli ilə düzəltmək fikrindədir. Bundan başqa, ABŞ müsəlman aləmi ilə də korlanan münasibətləri məhz Türkiyənin əli ilə yoluna qoymaq arzusundadır. Ona görə, bu səfəri çox əhəmiyyətli sayıram. Obama açıq dedi ki, PKK terroru ilə mübarizədə Türkiyəyə dəstək verəcək. Hətta erməni “soyqırımı” məsələsi ilə bağlı mətbuat konfransında verilən sualın cavabında diplomatik şəkildə bu əhvalatlar haqqında onun fikirlərinin heç bir əhəmiyyət daşımadığını dilə gətirdi. Əsas Türkiyə ilə Ermənistanın arasında bu barədə razılığın əldə olunmasıdır. Abdulla Gül isə bildirdi ki, onun dövləti arxivləri açmağa və araşdırmaya hazırdır. Eyni zamanda, Türkiyənin AB-yə daxil olması məsələsi Obama tərəfindən cidi şəkildə dəstəkləndi. Düzdür, Avropa qorxur ki, gənc Türkiyə AB-yə daxil olmaqla az bir zamanda köhnə qitəni türkləşdirsin. Amma son nəticədə bu məsələ belə reallaşa bilər”.
Dağlıq Qarabağ məsələsinə də toxunan politoloq Obamanın qəti fikir bildirməməsini situasiyanı düz dəyərləndirməsindən irəli gəldiyini söylədi: “Bu fikir o səbəbdən belə ifadə olundu ki, Barak Obama situasiyanı çox gözəl bilir və dəyərləndirir. ABŞ prezidenti bilir ki, Dağlıq Qarabağı işğal edən sadəcə kiçik Ermənistan deyil.  Oyun daha mürəkkəbdir. Burada Rusiyanın geostrateji maraqları mövcuddur. Və Rusiya, hələlik, bu münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq niyyətindədir. Bu isə vaxt tələb edir. Barak Obama da məhz buna işarə etdi. Söz xatirinə düz dedi ki, addımlar atılmalıdır”.
Politoloq Rasim Musabəyov isə Obamanın çıxışında yenilik və ya kəskin şəkildə hansısa situasiyanı dəyişə biləcək məqama rast gəlmədiyini dedi. Onun sözlərinə görə, sərhədlərin açılmasına yönəlik fikirlər də digər ölkə başçılarının fikirlərinin təkrarıdır: “Bu fikirləri bəlkə daha kəskin şəkildə Avropa dövlətlərinin də başçıları dəfələrlə dilə gətiriblər. Bu məsələnin həll olunmasına inanmıram. Çünki ABŞ hələ uzun müddət Türkiyə ilə ikitərəfli münasibətlərin inkişafına önəm verəcək. Bunun müqabilində Ermənistan özü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konkret addımlar atmalıdır”.
Obamanın Dağlıq Qarabağ barədə səsləndirdiyi fikirlərə gəldikdə isə, R.Musabəyov orada da yenilik görmədiyini dedi: “Bu fikirlər vaxtaşırı ABŞ Prezident Administrasiyası tərəfindən səsləndirilib. Konflikt həll olunmalıdır, sülh təmin olunmalıdır, əməkdaşlıq yaranmalıdır kimi ifadələr çox zaman səslənldirilib. Bu da ümumi sözlərdir. Hər halda Obama da çıxışında konkret ifadələrə yer vermədi”.
Pərviz SADAYOĞLU

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009