İKT ölkələri hüquq-mühafizə orqanları rəhbərlərinin konfransı başlayıb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Dünən Bakıda İslam Konfransı Təşkilatı (İKT) ölkələri hüquq-mühafizə orqanları başçılarının konfransı başlayıb. APA-nın xəbərinə görə, “Qurani-Kərim”in oxunması ilə başlayan tədbiri Azərbaycan baş nazirin müavini Abid Şərifov açıb. A.Şərifov deyib ki, bu tədbir transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorizmin, korrupsiyanın qarşısının alınmasına öz töhfəsini verəcək, əməkdaşlığın gücləndirilməsində rol oynayacaq.
Baş nazirin müavini Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktına diqqəti yönəldərək, işğal altında olan ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığa şərait yaradıldığını qeyd edib.
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin konfransa təbrik müraciətini oxuyub. Dövlət başçısı müraciətində Azərbaycanın işğal altında olan ərazilərində transmilli mütəşəkkil cinayətkarlığa şərait yaradıldığını, İKT ölkələrinin bu kimi problemlərə qarşı birgə mövqe sərgiləməsinin vacibliyini bildirib. Müraciətdə İKT ölkələri transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorizmin, korrupsiyanın qarşısının alınmasında səyləri birləşdirməyə çağırılıb:
“Hörmətli konfrans iştirakçıları! İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq mühafizə orqanları rəhbərləri Konfransının keçirilməsi münasibətilə sizi təbrik edir və işinizdə uğurlar arzulayıram. İslam sivilizasiyası sülh və tolerantlığı, bəşəri ideyaları və insan ləyaqətinə hörməti, humanizm və mərhəməti təşviq edən, milyonlarla insanı birləşdirən dəyərlər sistemidir. İslam bütün cinayətləri, xüsusilə terrorçuluğu, ekstremizmi və hər cür zorakılığı rədd edir. Belə əməllər xalqlarımızın bölüşdüyü ümumi dəyərləri nəinki təhdid edir, həm də dövlətlərin ictimai-siyasi sabitliyinə, insanların əmin-amanlığına təhlükə yaradır. Terrorizm, separatizm, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılması kimi cinayətlər transmilli xarakter daşıdığından dövlətlərin birgə dinc yanaşı yaşamasına ciddi təhlükə yaradır. Ona görə də xalqlarımızın ümumi rifahına və inkişafına nail olmaq, təhlükəsizliyi təmin etmək məqsədi ilə sosial-iqtisadi, siyasi tədbirlərlə yanaşı, cinayətkarlığa qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi vacibdir. Son on beş il ərzində həyata keçirilən fundamental islahatlar Azərbaycanın dinamik inkişafında və müasirləşməsində zəruri faktor olmuşdur. Bununla yanaşı, Azərbaycanın  qarşılaşdığı ən ağrılı problem Ermənistanın yürütdüyü təcavüzkar separatizm, etnik təmizləmə və terror siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsidir. İşğal olunmuş ərazilərə Ermənistanın və qondarma separatist rejimin nəzarət etməsi narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, insan alveri, çirkli pulların yuyulması kimi cinayətlərin vüsət almasına şərait yaratmışdır. Həmin ərazilərdə törədilən cinayətlər nəinki Azərbaycan, bütövlükdə region üçün təhlükə doğurur. Bu baxımdan transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ölkələrimizin hüquq mühafizə orqanlarının fəaliyyətinin regional və universal səviyyədə əlaqələndirilməsini tələb edir. Əminəm ki, ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın təşviqi və dərinləşdirilməsi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin səmərəsini artıracaq, bu sahədə qarşılıqlı razılaşdırılmış siyasətin yürüdülməsinə imkan yaradacaqdır. Bir daha sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram, sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik naminə səylərimizi birləşdirməyə çağırıram”.
F.Ələsgərov müraciəti oxuyandan sonra İKT baş katibinin siyasi məsələlər üzrə müavini İzzət Kamil Müşti çıxış edib. Bu konfransın böyük əhəmiyyəti olduğunu qeyd edən Muşti çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktına xüsusi diqqət yetirib: “Azərbaycan ərazilərinin bir hissəsi 20 ildir, işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon Ermənistan tərəfindən zəbt olunub. Bunun nəticəsində Azərbaycanın 1 milyon qaçqını, məcburi köçkünü var. İKT-nin bu konfransı Azərbaycanın haqlı davasını dəstəkləyir”.
Baş katibin müavini konfransın İKT dövlətlərinin hüquq-mühafizə orqanları arasında birgə hüquqi normativ bazanın yaradılmasına və əməkdaşlığa kömək edəcəyini bildirib.
Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov tədbirdəki çıxışında qeyd edib ki, ötən il ölkədə müxtəlif təhlükəli çağırışların, radikal qrupların fəaliyyətinin qarşısı alınıb. Nazirin sözlərinə görə, artıq Azərbaycanı nəinki Cənubi Qafqazda, hətta bütün MDB-də təhlükəsiz ölkə hesab etmək olar. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunan E.Mahmudov İKT ölkələri hüquq-mühafizə orqanlarının əlaqələrinin inkişaf etdirilməsini əhəmiyyətli sayıb. Nazir bu ölkələri bir sıra ümumi problemlərin narahat etdiyini, Azərbaycan da bu sahədə prinsipial mövqe nümayiş etdirdiyini bildirib.
İki gün davam edəcək konfransın yekununda Bakı Bəyannaməsinin qəbulu gözlənilir.


  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009