Kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilir

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Hökumət iqtisadiyyatın artım dinamikasını şərtləndirən başlıca faktorlardan biri kimi neftdən kənar sahələrin daha yüksək faizlə inkişafına stimul vermək niyyətində olduğunu dəfələrlə bəyan edib. Qeyri-neft sektorunun dinamik və çoxşaxəli inkişafına impuls verən aparıcı bölmələrdən biri kənd təsərrüfatında baş verən ciddi dəyişikliklərdən ibarətdir. Son illərdə aqrar sahədə artım 10 faizə qədər yüksəlib ki, bu da çox yüksək rəqəm kimi qeyd oluna bilər. Ən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kənd təsərrüfatının 7-8 faizlik illik artımı ümumi iqtisadiyyatda ən yüksək makroiqtisadi nəticələrin əldə olunmasına səbəb olur. Digər tərəfdən, aqrar sahə iqtisadiyyatın inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi siyasətin həyata keçirilməsində əsas faktorlardan birinə çevrilmiş olur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kənd təsərrüfatının və digər neftdən kənar sahələrin inkişafı iqtisadiyyatın diversifikasiyası üçün başlıca amilə çevrilməkdədir: “Keçən dövr ərzində əsas istiqamətlərimiz iqtisadiyyatımızın neft amilindən asılılığının aradan götürülməsi idi və biz buna nail ola bilmişik. Əgər bu olmasaydı, qeyri-neft sektoru təxminən 14 faiz artmazdı. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bölgələrdə dayanıqlı inkişaf üçün çox gözəl şərait yaradılmışdır. Yüz minlərlə yeni iş yerləri açılmışdır, minlərlə yeni müəssisə açılmışdır. Demək olar ki, ərzaq məhsulları sahəsində daxili tələbatı yerli istehsalla təmin etmək siyasətimiz çox gözəl nəticələr vermişdir. Yəni, bunlar əsas amillərdir ki, 2009-cu ildə də bizə iqtisadi inkişafı təmin etməyə imkan verir”.
Ötən ilin böhran tendensiyası və bir çox dövlətlərin zəruri qida resursları ilə təminatda problemlərlə üzləşməsi kənd təsərrüfatının sabit və dayanıqlı iqtisadiyyat üçün hansı əhəmiyyət daşıdığını ortaya qoydu. Beynəlxalq təcrübədən də təsdiq olunub ki, hansısa ölkənin sabit və təhlükəsiz inkişafı birbaşa kənd təsərrüfatı ilə bağlıdır.
Prezident İlham Əliyev kənd təsərrüfatında müşahidə olunan inkişaf tempini dəyərləndirərək bu sahəyə diqqətin daha da artırılmasının zəruriliyini bildirib: “Biz son illər ərzində kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət göstərmişik və əməli-praktik tədbirlər də görülmüş, texnika alınmışdır. Bu gün texnika ilə problemlər yoxdur, təmin olunur. Hətta biz Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına başlamışıq. Qısa müddət ərzində Gəncədə traktor istehsalına başlamışıq. Aqroservislər yaradılır. Bildiyiniz kimi, fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, toxum verilir, subsidiyalar verilir. Xüsusilə, buğda əkən fermerlərə hər hektara 80 manat vəsait verilir. Bunun hesabına biz son illər ərzində ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik”.
Son illərdə kənd təsərrüfatı istehsalçılarına dövlətin dəstəyi artıb. Həm “Aqrarkredit” təşkilatının maliyyə vəsaitləri, həm Kənd Təsərrüfatının İnkişafı üzrə Kredit Agentliyinin kreditləri, həm də Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına son illərdə aqrar bölmədə əhəmiyyətli dəyişikliklər baş verib. Aqrar sahədə artım daha çox strateji ərzaq məhsullarının istehsalında özünü göstərib. Bir nömrəli ərzaq məhsulu olan taxılın istehsalı  2003-cü illə müqayisədə 21,4 faiz artıb. Bu isə respublikamızın bu məhsula olan tələbatının yerli istehsal hesabına 100 faiz təmin olunması deməkdir. Qeyd edək ki, ötən il taxıl istehsalının həcmi 2 milyon 500 min tonu ötüb və bu, tələbatın böyük hissəsini yerli istehsal hesabına təmin etmək üçün imkan yaradır. Aqrar bölmənin digər sahələrində də artım tempi sürətlənib. Məsələn, son beş ildə kartof istehsalı 40,1 faiz, tərəvəz 17,4 faiz, bostan məhsulları 14,3 faiz, meyvə və giləmeyvə 24,6 faiz, üzüm 78,1 faiz artıb. Bundan başqa, ət və ət məhsullarının istehsalında da xeyli artım qeydə alınıb. Ümumilikdə, 2004-cü ildən indiyədək kənd təsərrüfatı məhsulu istehsalı 25,2 faiz çoxalıb. Təkcə ötən il kənd təsərrüfatı məhsulunun həcmi 3,3 milyard manatı ötüb. Aqrar bölmənin ümumi daxili məhsulda çəkisi 6 faiz olmaqla xüsusi yer tutmağa başlayıb. Hazırda kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə çatıb ki, bu da sözügedən bölmənin tamamilə sahibkarların fəaliyyət dairəsində olmasını göstərir. Nəticədə adətən əvvəlki illərdə 3-4 faizlik artım müşahidə olunan kənd təsərrüfatında ötən il inkişaf tempi 10 faizə yaxınlaşıb. Bütün bu faktorlar respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması siyasətinin uğurlu məntiqi nəticəsi kimi də dəyərləndirilə bilər. Dövlət başçısının vurğuladığı kimi, “bu gün Azərbaycanda istehlak olunan məhsulların tam əksəriyyəti, yəni, qida məhsullarının tam əksəriyyəti yerli istehsaldır. Bu, böyük nailiyyətdir, həm ölkədə biznesin, sahibkarlığın inkişafına, regionların inkişafına böyük xidmət göstərir, eyni zamanda, biz ərzaq təhlükəsizliyimizi təmin edə bilmişik”.
2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı isə respublikamızın bütünlüklə yerli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə səbəb olacaq. Beləliklə, hökumətin strateji məqsədlərindən biri olan kənd təsərrüfatında bir nömrəli məhsul sayılan taxılın istehsalını artırmaq məsələsi öz həllini tapıb. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verən hökumət aqrar bölmənin inkişafı üçün həm dövlətin maliyyə dəstəyini artırıb, həm də maliyyə qurumlarının bu sahəyə kredit axınlarını sürətləndirməyə yönələn siyasəti gücləndirib, eyni zamanda, fermerlərə bir sıra güzəştlərin tətbiq olunmasına qərar verib. Kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə texnikaların, dizel yanacağı, gübrə və digər preparatların verilməsi bu bölmədə dinamizmi yüksəldib.   Aqrar sahə əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində həlledici rol oynadığından hökumət kənd təsərrüfatı mülkiyyətçilərinə güzəşt və yardımları 2009-cu ildə də
Onu da qeyd etmək gərəkdir ki, kənd təsərrüfatında artım meyillərinin dərinləşməsində 2004-2008-ci illərdə regionların inkişafı Dövlət Proqramının icrası mühüm rol oynayıb. Bu proqram kənd  təsərrüfatı məhsullarının dinamik inkişafını təmin edib və artıq aqrar sahənin qeyri-neft sektorunun prioritet sahəsinə çevrilməsinə impuls verib.  Regionların inkişafı ilə bağlı yeni sənəd - 2009-2013-cü illəri nəzərdə tutan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramındakı tədbirlər planı isə kənd təsərrüfatına dövlət dəstəyinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qarşıdakı illərdə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi başlıca vəzifələrdən olacaq və aqrar bölmə ilə bağlı ən mühüm layihələr həyata keçiriləcək. Kənd təsərrüfatı məhsullarının emalı və tədarük məntəqələrinin yaradılması, sahibkarların güzəştli şərtlərlə texnika və mineral gübrələrlə təminatının yaxşılaşdırılması, fermerlər üçün sığorta sisteminin tətbiqi,  satış bazarları şəbəkəsinin genişləndirilməsi, fermerlərin xarici bazarlara çıxışı üçün ixrac imkanlarının stimullaşdırılması bir neçə ildən sonra Azərbaycanın ümumi inkişafını daha da gücləndirəcək. Eyni zamanda, cins heyvandarlıq komplekslərinin inkişafı ilə bağlı layihələrin həyata keçirilməsi, aqrofermalar yaradılması, aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr hazırlığının yüksəldilməsi qarşıdakı illərdə başlıca iqtisadi hədəflərdən olacaq. Eləcə də, proqramda başqa bir mühüm layihə də nəzərdə tutulub, məsələn, aqrar-sənaye kompleksi müəssisələrinə, fermerlərə dövlət maliyyə yardımlarının davam etdirilməsi, emal müəssisələrinin dəstəklənməsi və digər tədbirlər kənd təsərrüfatında istehsalın əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan yaradacaq. Kənd təsərrüfatının inkişafı qeyri-neft bölməsində aparıcı sahə olmaqla həm iqtisadi yüksəlişə, həm də əhalinin məşğulluğunun artmasına səbəb olacaq.
ELBRUS CƏFƏRLİ

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009