Azərbaycan dünyada ən mükəmməl ipoteka modellərini tətbiq edəcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Hansı telekanallara da çox baxırsınız?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
İpoteka siyasətinin təkmilləşdirilməsi üçün qabaqcıl ölkələrin təcrübəsi öyrənilir
Mərkəzi Bank (MB) və İpoteka Fondu Azərbaycanın ipoteka siyasətinin təkmilləşdirilməsi üçün xarici dövlətlərin təcrübəsini nəzərdən keçirir. Amerikanın və Avropanın qabaqcıl ipoteka təcrübəsini məqbul hesab edən MB buna uyğun olaraq respublikamızda ipotekanın bir neçə modelini tətbiq etmək niyyətindədir. Dünya təcrübəsinin öyrənilməsi məqsədilə İpoteka Fondunun əməkdaşları ABŞ, Qazaxıstan, Latviya, Ukrayna, Malayziya, Danimarka, Rusiya və digər ölkələrdə olublar. Həmin ölkələrin təcrübəsindən əldə edilmiş məlumatlar əsasında müxtəlif təhlillər aparılıb və buna əsasən bir sıra təkliflər hazırlanıb. Bundan başqa, Fond öz fəaliyyətini qabaqcıl dünya təcrübəsinə uyğun şəkildə qurmaq məqsədilə beynəlxalq təşkilatlardan texniki yardım cəlb edib. İpoteka Fondu ipoteka kreditləşməsi təcrübəsinin öyrənilməsini, həmçinin, bu sahədə mütərəqqi tendensiyaların izlənilməsini və informasiya mübadiləsini təmin etmək məqsədilə nüfuzlu beynəlxalq təşkilatlara da üzv olub.
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə İpoteka Fondu arasında əldə olunmuş razılığa əsasən BMK maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi, investisiya cazibədarlığının artırılması və gələcək hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində Fonda məsləhət xidmətləri göstərəcək. İpoteka Fondu fəaliyyətini dünya standartlarına uyğunlaşdırmaq üçün Amerika modelini daha məqsədəuyğun hesab edir. Bu modelə əsasən, ipoteka sisteminin davamlılığı üçün təkcə sosial komponentlərlə kifayətlənmək olmaz, yəni dövlətin maliyyə resursları hesabına ipoteka bazarının inkişafına ümid etmək düzgün deyil. Bunun üçün maliyyə bazarlarının prinsiplərinə əsaslanaraq büdcədən əlavə mənbələrin ipotekaya cəlb edilməsinə çalışmaq lazımdır. Maliyyələşmə mənbələri kimi qiymətli kağızlardan, kredit və qrantlardan, həmçinin, Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin səhm və istiqrazlarından da istifadə etmək olar. Ümumiyyətlə, Azərbaycanda ipoteka bazarının inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsində BMK və digər təşkilatların modellərinə istinad olunacaq.
Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Aftandil Babayev bildirib ki, beynəlxalq ipoteka bazarlarında mənzil kreditlərinin verilməsində birbaşa maliyyə vəsaitləri ilə yanaşı, ipoteka qiymətli kağızları da başlıca rol oynayır. Hazırda bir çox dövlətlərdə ipoteka sisteminin əsasını qiymətli kağızlar təşkil edir. Yəni, həmin dövlətlərin ipoteka fondları bazar prinsipləri üzrə fəaliyyət göstərir və vətəndaşların mənzilə olan ehtiyacları istiqrazlar vasitəsilə təmin edilir. Azərbaycanın İpoteka Fondu da bu sistemə keçid üçün ilkin addımlar atmağa hazırlaşır.
Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini hesab edir ki, dövlətin ayırdığı maliyyə vəsaitləri hesabına ipoteka bazarının iştirakçılarının tələblərini tamamilə ödəmək mümkün deyil. İpoteka Fondu büdcədən yönəldilən vəsaitlərlə kreditləşmənin bir hissəsini təmin etmək imkanına malik ola bilər, ipoteka bazarının daha aktiv fəaliyyət göstərməsi üçün əlavə mənbələr hesabına maliyyələşdirmə həyata keçirilməlidir. Belə ki, Fond qiymətli kağızların satışı hesabına özünün maliyyə resurslarını yarada bilər. A.Babayev bu məqsədlə bazara çıxarılması nəzərdə tutulan ipoteka istiqrazlarının mühüm rol oynayacağına əminliyini ifadə edib. İlkin mərhələdə 55 milyon manatlıq emissiya olunacaq istiqrazlar bir müddət sonra ipoteka kreditləşməsinin əsas mənbələrindən birinə çevriləcək.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı isə bildirib ki, ipoteka istiqrazlarının dövriyyəyə buraxılması daşınmaz əmlak bazarında tələbin artmasına səbəb olacaq. Yeni qiymətli kağızlar ipoteka qoyan, yəni mənzil sahibi (tikinti şirkəti) ilə mənzil alan arasında ikitərəfli qaydada razılaşdırılmış təminat vasitəsi sayılır. QKDK ipoteka istiqrazlarının dövriyyəyə buraxılmasından sonra tikinti bazarının canlanacağını istisna etmir. İpoteka istiqrazları bütünlükdə mənzil bazarında mübadilə vasitəsi kimi ən dəyərli kağız hesab olunur.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da bildirib ki, ipoteka istiqrazlarının dövriyyəyə buraxılması daxili ipoteka qiymətli kağızlar bazarının formalaşması istiqamətində atılmış ilk addım olacaq və bu siyasət mənzil bazarında xüsusi canlanma yaradacaq. Elman Rüstəmov deyib ki, ilkin mərhələdə ipoteka istiqrazlarına qarşı əhali tərəfindən müəyyən dərəcədə riskli yanaşma müşahidə oluna bilər. Çünki ilk dəfə bazara çıxarıldığından bu kağızların hansı təminata malik olub-olmayacağı barədə vətəndaşlarda bir qədər tərəddüd yarana bilər. Əsas məsələ psixoloji baryeri dağıtmaqdır. Mərkəzi Bankın rəhbəri hesab edir ki, ilk dövrlərdə ipoteka istiqrazlarının potensial alıcıları qismində iri şirkətlər, sığorta və maliyyə qurumları, qeyri-dövlət pensiya fondları, səhmdarlar və digər bazar seqmentləri olsa da sonradan vətəndaşların da aktivliyi artacaq. Müəyyən mərhələdən sonra tələbin artması bu bazarın inkişafına böyük stimul verəcək. Göründüyü kimi, ipoteka bazarı üçün nəzərdə tutulan bütün növ qiymətli kağızlar vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır.
ELBRUS CƏFƏRLİ

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009