Dünyada bu il taxıl qıtlığı gözlənilsə də, ölkəmizdə rekord həcmdə məhsul istehsal olunacaq

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Prezident İlham Əliyev: Azərbaycan dövləti bundan sonra da çalışacaq ki, özəl sektorun inkişafına həm siyasi, həm mənəvi, həm maddi dəstək versin
Dünya maliyyə böhranı bir çox dövlətlərin aqrar sektoruna da ağır zərbə vurub və 2009-cu ildə dünya iqtisadiyyatı üzrə kənd təsərrüfatı məhsullarının azalması gözlənilir. Xüsusilə də taxıl və çəltik istehsalında ciddi şəkildə azalmanın müşahidə olunacağı proqnozlaşdırılır. BMT-nin Ümumdünya Ərzaq Təşkilatı bu il dünyada taxıl qıtlığının yaranacağını və bunun bir sıra ölkələrdə böhranla nəticələnəcəyini bəyan edib. Təşkilat bir neçə gün əvvəl açıqladığı bəyanatında bildirib ki, 2009 və 2010-cu illərdə qlobal iqlim dəyişiklikləri aqrar sahədə fəsadlara səbəb olacaq, pis hava şəraiti bir çox kənd təsərrüfatı məhsullarının istehsalına, eyni zamanda, məhsuldarlığa ciddi təsir göstərəcək. Ümumdünya Ərzaq Təşkilatı bu il taxıl istehsalçısı olan ölkələrdə hava şəraitinin pis keçməsi ilə yanaşı, bir sıra ölkələrdə əkin sahəsinin də ötən illə müqayisədə azaldığını vurğulayır. Əsas taxıl tədarüksüçü olan ABŞ, Braziliya və Avropa ölkələrində maliyyə böhranı ilə əlaqədar istehsalın azalacağı gözlənilir. Həmin ölkələrdə dünya böhranı ilə əlaqədar müflis olan iri fermer və kooperativlər taxılçılığa sərmayə qoymaq istəmir. Taxıl əkininə çəkilən xərclər maya dəyərini bəzən ödəmir, ona görə də fermerlər hazırda taxılçılığı gəlirli sahə hesab etmirlər.
Dünya iqtisadi böhranının təsirlərindən sığortalanan Azərbaycanda bu il kənd təsərrüfatı məhsullarının artımı proqnozlaşdırılır. 2009-cu ilin birinci rübündə aqrar bölmədə artım tempi onu deməyə əsas verir ki, respublikamızda bütün növ kənd təsərüfatı məhsulları ilə əhalinin tələbatını tam təmin etmək mümkün olacaq. Xatırladaq ki, bu ilin ilk rübündə aqrar sahədə inkişaf 7 faizə yaxın olub ki, bu da mühüm göstərici kimi qiymətləndirilir. Ötən il bu sahədə artım dinamikası 10 faizə yaxınlaşıb, bu ilin sonunda isə aqrar bölmədə artım tempinin 10 faizi ötəcəyi proqnozlaşdırılır. Ümumiyyətlə, dünya ölkələrinin, xüsusilə də ən inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, kənd təsərrüfatının 7-8 faizlik illik artımı ümumi iqtisadiyyatda ən yüksək makroiqtisadi nəticələrin əldə olunmasına səbəb olur. Digər tərəfdən, aqrar sahə iqtisadiyyatın inkişafını təmin etməklə bərabər iqtisadi siyasətin həyata keçirilməsində əsas faktorlardan birinə çevrilmiş olur. Azərbaycan bu sahədə yüksək nailiyyətlər əldə etməkdə ölkənin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək iqtidarındadır.
Kənd təsərrüfatının dinamik inkişafını şərtləndirən başlıca faktor dövlətin bu sahəyə son illərdə dəstəyinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, son illər ərzində kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilib: “Fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, toxum verilir, subsidiyalar verilir. Xüsusilə buğda əkən fermerlərə hər hektara 80 manat vəsait verilir. Bunun hesabına biz son illər ərzində ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik. Azərbaycan dövləti bundan sonra da çalışacaq ki, özəl sektorun inkişafına həm siyasi, həm mənəvi, həm maddi dəstək versin. Keçən illərdə hər il 80 milyon manat məbləğində güzəştli kreditlər verilirdi. Bu il kreditlərin məbləği 130 milyon manat olacaqdır. Bu istiqamətə yönəldilmiş kreditlər daha da artacaqdır”.
Hökumət kənd təsərrüfatının inkişafı üçün fermerlərə maliyyə yardımı göstərməklə yanaşı, həm də onlara güzəştli şərtlərlə yanacaq və mineral gübrələrin verilməsini təmin etməklə bu sahənin inkişafına əlverişli stimul yaradıb. Həm “Aqrarkredit” təşkilatının maliyyə vəsaitləri, həm Kənd Təsərrüfatının İnkişafı üzrə Kredit Agentliyinin kreditləri, həm də Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına son illərdə aqrar bölmədə əhəmiyyətli dəyişikliklər baş verib. Aqrar sahədə artım daha çox strateji ərzaq məhsullarının istehsalında özünü göstərib. Son beş ildə kartof istehsalı 40,1 faiz, tərəvəz 17,4 faiz, bostan məhsulları 14,3 faiz, meyvə və giləmeyvə 24,6 faiz, üzüm 78,1 faiz artıb. Bundan başqa, ət və ət məhsullarının istehsalında da xeyli artım qeydə alınıb. Ümumilikdə, 2004-cü ildən indiyədək kənd təsərrüfatı məhsulu istehsalı 25,2 faiz çoxalıb. Təkcə ötən il kənd təsərrüfatı məhsulunun həcmi 3,3 milyard manatı ötüb. Aqrar bölmənin ümumi daxili məhsulda çəkisi 6 faiz olmaqla xüsusi yer tutmağa başlayıb. Hazırda kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə çatıb ki, bu da sözügedən bölmənin tamamilə sahibkarların fəaliyyət dairəsində olmasını göstərir.
Kənd təsərrüfatında bir nömrəli ərzaq məhsulu olan taxılın istehsalı isə ötən il 2003-cü illə müqayisədə 21,4 faiz artaraq 2 milyon tonu ötüb. Bu, tələbatın böyük hissəsini yerli istehsal hesabına təmin etmək üçün imkan yaradır. 2009-cu ildə isə taxıl istehsalı rekord səviyyəyə çataraq 2 milyon 200 min tondan çox olacaq. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev bildirib ki, bu il ölkəmizdə 2,2 milyon tondan çox taxıl məhsulu istehsal olunacaq və ölkənin ərzaq buğdasına olan tələbatı yerli istehsal hesabına ödəniləcək. Nəticədə Azərbaycana xarici ölkələrdən buğda idxal olunmayacaq. KTN rəsmisi ölkəmizdə yüksək reproduksiyalı taxıl sortunun yetişdirildiyini və istehsalın artmasında yeni toxum sortlarının xüsusi rol oynadığını bildirir. Nazirlikdə hesab edirlər ki, bir neçə ildən sonra xaricdən gətirilən yüksək keyfiyyətli toxum hesabına məhsuldarlığı 30 faiz artırmaq mümkün olacaq. S.Vəliyevin sözlərinə görə, dünya taxıl bazarındakı problemlər proqnozlaşdırılsa da Azərbaycanda bu tendensiya gözlənilmir. Yeri gəlmişkən, KTN-in idarə rəisi artıq respublikamızda taxıl biçininə start verildiyini bildirib. Aran bölgəsində buğda yığımına başlanılıb. Taxıl biçini 800 min hektar ərazini əhatə edəcək və ötən illə müqayisədə 400 min ton çox taxıl ərzaq buğdası istehsal olunacaq. Fermerlərin istehsal etdikləri məhsulu kimə satmasına gəlincə, S.Vəliyev bildirib ki, taxılın satış bazarı üçün əlverişli imkanlar yaradılacaq. Belə ki, fermerlər bu il məhsulu satmaqda çətinlik çəkməyəcəklər. Dövlət fermerlərdən taxılı münasib qiymətə alacaq.
Ölkəmizə idxal olunan taxıla ƏDV-nin tətbiq olunmasının taxıl bazarında qiymət artımına səbəb olmayacağını deyən KTN-in idarə rəisi hesab edir ki, Nazirlər Kabinetinin qərarı ilə bu ilin may ayından etibarən ölkəyə idxal olunan taxıl məhsullarına ƏDV tətbiq edilməsi yerli istehsalı stimullaşdırmaq məqsədi daşıyır. Həmin qərar taxıl məhsullarının qiymətlərinə təsir göstərməyib və bundan sonra da təsir etməyəcək. Mütəxəssis dünya taxıl bazarında gözlənilən fəsadların Azərbaycanın taxıl bazarına təsir göstərməyəcəyini əmin edərək vətəndaşların etibarlı şəkildə taxıl ehtiyatları ilə təmin olunacaqlarını bildirir. Beləliklə, hökumətin strateji məqsədlərindən biri olan kənd təsərrüfatında bir nömrəli məhsul sayılan taxılın istehsalını artırmaq məsələsi artıq öz həllini tapıb. Qarşıdakı illərdə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi başlıca vəzifələrdən olacaq və aqrar bölmə ilə bağlı ən mühüm layihələr həyata keçiriləcək. Kənd təsərrüfatı məhsullarının emalı və tədarük məntəqələrinin yaradılması, sahibkarların güzəştli şərtlərlə texnika və mineral gübrələrlə təminatının yaxşılaşdırılması, fermerlər üçün sığorta sisteminin tətbiqi, satış bazarları şəbəkəsinin genişləndirilməsi, fermerlərin xarici bazarlara çıxışı üçün ixrac imkanlarının stimullaşdırılması bir neçə ildən sonra Azərbaycanın ümumi inkişafını daha da gücləndirəcək. 2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı isə respublikamızın bütünlüklə yerli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə səbəb olacaq.
ELBRUS CƏFƏRLİ

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009