Polşa-Azərbaycan münasibətləri son illər ərzində ən yüksək səviyyəyə qalxıb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Hansı telekanallara da çox baxırsınız?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Polşa Respublikasının Prezidenti Lex Kaçinski Azərbaycana ikigünlük rəsmi səfərə gəlib
Dünən Polşa Respublikasının Prezidenti Lex Kaçinski Azərbaycana ikigünlük rəsmi səfərə gəlib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və  humanitar sahələrdə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyəti vurğulanıb.
Polşa Prezidentinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da genişlənməsində yeni bir mərhələ olduğu qeyd edilib.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski “Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi”ni imzalayıblar.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Polşanın “Grupa Lotos” Səhmdar Cəmiyyəti arasında niyyət haqqında Protokol”u ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Grupa Lotos” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Pavel Olexnoviç, “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası və Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu arasında 2009-2010-cu illər üçün əməkdaşlıq cədvəli”ni Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev və Polşa Respublikası Milli Təhlükəsizlik Bürosunun rəhbəri, dövlət katibi Aleksandr Şçıqlo imzalayıblar.
Sənədlərin imzalanma mərasimindən sonra Polşa Prezidenti Lex Kaçinskinin təltif etmə mərasimi olub. Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin ölkəmizin  ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub. Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Lex Kaçinskini təbrik edərək deyib: “Cənab Prezident, mən Sizi Azərbaycan dövlətinin ən ali mükafatı - “Heydər Əliyev” ordeni ilə məmnuniyyətlə təltif edirəm. Siz Azərbaycan xalqının yaxın dostusunuz və Polşa-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafında Sizin xüsusi xidmətləriniz vardır. Sizin önəmli təşəbbüsləriniz Polşa ilə Azərbaycan arasında energetika sahəsində və geniş mənada Avropada enerji məsələlərinin həlli işində çox mühüm rol oynamışdır. Son üç il ərzində bu, Sizin Azərbaycana beşinci səfərinizdir. Bu, iki ölkə arasında çox güclü əlaqələrin bariz nümunəsidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması prinsiplərini Siz həmişə müdafiə edirsiniz və bütün Azərbaycan xalqı buna görə Sizə minnətdardır. Sizə möhkəm can sağlığı və gələcək fəaliyyətinizdə yeni uğurlar arzu edirəm. İndi isə icazə verin bu yüksək mükafatı Sizə təqdim edim”.
Azərbaycan Prezidenti İlham Əliyev ordeni Polşa Prezidenti Lex Kaçinskiyə təqdim edib.
Polşa Prezidenti Lex Kaçinski təşəkkür edərək deyib: “Cənab Prezident! Hörmətli xanımlar və cənablar! Bu ordeni Sizin tərəfdən qəbul etməkdən şərəf hissi duyuram. Çünki bu orden Azərbaycanın müstəqilliyinin rəmzidir. Bu elə bir müstəqillikdir ki, Sizin ölkəniz də, bizim ölkəmiz də müstəqilliyi eyni zaman kəsiyində qazanmışdır. Məhz bu elə bir müstəqillik idi ki, prinsipial qaydada həm Azərbaycan, həm də Polşa xalqlarının həyatında çox böyük, ciddi dəyişikliklərə səbəb oldu. Mən uzun müddət siyasətlə məşğul olmuşam. Daha sonra isə öz ölkəmin prezidenti seçildim və qarşıda duran vəzifələrdən biri 18 il əvvəl müstəqilliyini qazanmış, müstəqil inkişaf yoluna qədəm qoymuş ölkələrlə münasibətlərin qurulmasından ibarət idi. Bu, həmçinin Azərbaycan və Polşanın maraqlarını anlayan tərəflərin, dairələrin də uğuru idi. Eyni zamanda, vacib məsələ ondan ibarətdir ki, həm böyük, həm kiçik xalqların muxtariyyətə və müstəqilliyə tam hüquqları vardır. İcazə verin, Dağlıq Qarabağ məsələsi barədə bir-iki söz deyim. Bu məsələ ilə bağlı şəxsən məndə heç bir şəkk-şübhə yoxdur. Güc tətbiq etməklə hər hansı bir ölkənin ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Heç kəs hətta ən güclü bir himayədarın bayrağı altında hərəkət etməli deyil. Mən bilirəm ki,  elə bu məsələdə işlər məhz belə baş verdi. Mən təbii ki, bu problemin sülh yolu ilə nizamlanmasının tərəfdarıyam. Lakin əslinə qalsa bu məsələnin həlli məhz bir formada olmalıdır. Azlıqların hüququnun qorunmasına əməl olunmalı, lakin Azərbaycanın ərazi bütövlüyünün saxlanması, bərpası təmin edilməlidir. Bir daha Sizə minnətdaram”.
Polşa Prezidentinin təltif etmə mərasimi başa çatdıqdan sonra Prezidentlər İlham Əliyev və Lex Kaçinski mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, Polşa-Azərbaycan münasibətləri son illər ərzində ən yüksək səviyyəyə qalxıb: “Bizim çox güclü siyasi əlaqələrimiz var, iqtisadi sahədə yaxşı nəticələr var, Polşa-Azərbaycan birgə iqtisadi komissiyası uğurla fəaliyyət göstərir və bir sıra sahələrdə, iqtisadi məsələlərin həlli istiqamətində çox vacib addımlar atılmışdır. Humanitar sahədə ənənəvi olaraq əməkdaşlıq mövcuddur və bu gün bu, daha da sürətlə inkişaf edir. Polyaklar əsrlər boyu Azərbaycanda yaşamış, yaratmışlar. Onların əsərləri, eyni zamanda memarlıq əsərləri bu günə qədər Bakını gözəlləşdirir. Biz son illər ərzində, o cümlədən Sizin təşəbbüsünüzlə energetika sahəsində Polşa-Azərbaycan əlaqələrinin inkişafını müşahidə edirik. Bu sahə həm bizim üçün, həm sizin üçün, Avropa üçün çox önəmlidir, çox vacibdir. Azərbaycanın çox böyük və zəngin neft-qaz yataqları vardır. Biz 15 ilə yaxındır ki, Azərbaycanda çox uğurlu neft-qaz strategiyamızı icra edirik. Bu işlərin nəticəsində Azərbaycan neft-qaz hasilatını böyük dərəcədə artıra bilmişdir və bu gün Azərbaycan nefti və qazı müxtəlif istiqamətlərlə dünya və Avropa bazarlarına əmniyyətli şəkildə çatdırılır. Nəzərə alsaq ki, Azərbaycanın ehtiyatları, Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının ehtiyatları çox böyükdür, uzun illər, onilliklər bundan sonra da Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi üçün önəmli ölkə olacaqdır”.
Polşa Prezidenti Lex Kaçinski isə bəyanatla çıxış edərək söyləyib ki, Azərbaycanın Xəzər dənizində zəngin ehtiyatları bizim ümumi əməkdaşlığımıza xidmət edir: “Mən hesab edirəm ki, Sizin ölkəniz artıq Avropanın enerji təhlükəsizliyinə çox böyük təsir göstərən ölkəyə çevrilibdir və biz bunu görürük”.
Polşa Prezidenti Lex Kaçinski Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ərazi bütövlüyü prinsipinin pozulmasının qəbuledilməz və yolverilməz olduğunu deyib.
Polşanın dövlət başçısı ölkələrimiz arasında iqtisadi münasibətlərin, xüsusilə də enerji sahəsində əlaqələrin inkişaf etdiyini bildirərək söyləyib ki, hər iki ölkə bu sahədə bir çox irəliləyişlərə nail olub: “Biz bu yolun başlanğıcındayıq və əməkdaşlığımızın əsasları möhkəmdir. Heç bir maneə bizi bu yoldan döndərməməlidir”.
*  *  *
Dünən “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskanın şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.


  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009