Azərbaycan iqtisadi və kommersiya baxımından sərfəli olacaqsa, NABUCCO kəməri ilə qaz ixrac edəcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Ankara sammitində NABUCCO ilə bağlı hökumətlərarası saziş imzalanacaq
İyulun 13-də Türkiyənin paytaxtı Ankara şəhərində NABUCCO layihəsi ilə bağlı hökumətlərarası sazişin imzalanması nəzərdə tutulur. Kəmərin çəkilişi üzrə yaradılmış konsorsiuma üzv olan şirkətlərin nümayəndələri sazişin imzalanması üçün heç bir problemin olmadığını bildiriblər. Konsorsium hökumətlərarası sazişin imzalanması ilə bağlı bütün elementlərin razılaşdırıldığını və Ankara sammitində yekun qərarın veriləcəyinə əminliyini bildirib. Xatırladaq ki, konsorsiuma Almaniyanın “RWE”, Avstriyanın “OMV”, Macarıstanın “MOL”, Rumıniyanın “Transgaz”, Bolqarıstanın “Bulgargaz” və Türkiyənin “BOTAŞ” şirkətləri daxildir. Rumıniya hökumətinin nümayəndəsi bildirib ki, sazişə Türkiyə, Bolqarıstan, Rumıniya, Almaniya, Macarıstan və Avstriya hökumətlərinin üzvləri imza atacaq.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə bildirib ki, hökumətlərarası sazişin imzalanması mərasimində Avropa İttifaqının yüksək rütbəli şəxsləri, bir sıra ölkələrin dövlət başçıları, baş nazirlər, nazirlər və digər dövlət rəsmiləri iştirak edəcək.
NABUCCO ilə bağlı hökumətlərarası sazişin imzalanması layihənin həlledici mərhələyə qədəm qoymasına səbəb olacaq. Bununla da kəmərin çəkilişi üçün hüquqi baza yaradılmış olacaq və texniki məsələlərin reallaşması həll ediləcək. Qeyd edək ki, indiyədək layihənin reallaşmasına mane olan ən böyük problem hüquqi, texniki və maliyyə məsələlərinin həll olunmaması ilə bağlı olub. Layihənin tərəfdaşları 2009-cu ilin əvvəllərindən başlayaraq bu istiqamətdə işləri intensivləşdirib və bir sıra mühüm nəticələr əldə olunub. Bu ilin yanvar ayında Budapeştdə keçirilən NABUCCO Sammitində kəmərin çəkilişinə dair Bəyannamə imzalanıb. Bu sənəd layihənin perspektivlərinə dair nikbinlik və əminliyin artmasına səbəb olub. Eyni zamanda, mayın əvvəllərində Praqada keçirilən “Cənub dəhlizi-Yeni İpək Yolu” sammitində NABUCCO ilə bağlı imzalanan bəyanat bu qaz marşrutunun gerçəkləşməsi ilə bağlı beynəlxalq səylərin həm miqyas baxımından genişlənməsinə, həm də layihə üzrə işlərin sürətlənməsinə səbəb olub. Həmin tədbirdən sonra Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq, Özbəkistan, Misir və Əlcəzair də NABUCCO layihəsində təmsil olunmaq üçün təşəbbüslə çıxış ediblər. Onu da qeyd edək ki, Avropa İttifaqının ötən ilin noyabrında Bakıda keçirilən IV Enerji Sammitində imzalanan Bəyannamə də NABUCCO-nun reallaşmasına təkan verib. Bakı Sammiti bu layihə üçün əlverişli təməl prinsiplərinin müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır.
Bütün bu təşəbbüslər layihə ilə bağlı hökumətlərarası sazişin imzalanmasına əlverişli şərait yaradıb. Ötən müddətdə layihənin gerçəkləşməsi üçün zəruri olan bir çox parametrlər-hüquqi, texniki, iqtisadi, siyasi, maliyyə və digər məsələlər də həll olunub. Dünyanın bir neçə nüfuzlu maliyyə institutu layihəyə kredit ayrılmasına prinsipcə razı olduqlarını bəyan ediblər. Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Sərmayə Bankı və digər maliyyə sindikatları NABUCCO-nun da maliyyələşdirilməsində problem olmadığını açıqlayıb. Yeri gəlmişkən, konsorsiuma üzv olan şirkətlər maliyyə məsələlərində eyni payla təmsil olunacaq və onların hər birinin səhm paketi təxminən 16,67 faiz təşkil edəcək. Kəmərin tikintisi zamanı maliyyə xərclərinin 30 faizindən çoxunu konsorsiumun üzvləri ödəyəcək. Qeyd edək ki, NABUCCO-nun dəyəri 8 milyard avroya yaxın proqnozlaşdırılır. Beləliklə, layihənin səhmdarları təxminən 2,5 milyard avro xərcləməli olacaq ki, onların hər birinin payı 400 milyon avro təşkil edəcək. Layihənin əsas donorları olan xarici maliyyə institutlarının isə payı 5,5 milyard avrodan çox olacaq.
Bu marşrutu əsas tranzit xətti kimi dəstəkləyən Avropa İttifaqı isə kəmərin tikintisi üçün yaxın günlərdə ilkin vəsaiti, 250 milyon avronu ayırmağı planlaşdırır. Aİ sonrakı müddətdə layihəyə daha bir neçə yüz milyon avro ayrılmasını istisna etmir. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Pibalqs bildirib ki, qurum kəmərin çəkilişi üçün lazım olan bütün addımları atmağa hazırdır.
NABUCCO kəməri qazın Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya nəqlini nəzərdə tutur. Kəmərlə nəql olunacaq yanacağın əldə olunması üçün bir neçə mənbə ehtimal olunur. Belə ki, əsas yanacaq mənbəyi kimi Mərkəzi Asiya və Xəzər regionu nəzərdə tutulsa da, Yaxın Şərq bölgəsi də qaz nəqli üçün sərfəli hesab olunur. Artıq Birləşmiş Ərəb Əmirlikləri və İraqın NABUCCO ilə bağlı yaradılmış konsorsiuma üzv olmaq barədə müraciət etməsindən sonra həmin dövlətlərin qaz ehtiyatlarının NABUCCO-ya cəlb edilməsi istisna olunmur. İraqın şimalından hasil olunan qazın nəqli üçün BƏƏ-nin  “Srescent Petroleum” və “Dana Gas” şirkətləri əlavə kəmər çəkilişini təklif edir. Qeyd edək ki, İraq və BƏƏ qaz ehtiyatlarının həcminə görə dünyada ilk sırada yer tutan ölkələr qrupuna daxildir. Bu dövlətlər birlikdə il ərzində 40 milyard kubmetrə yaxın qaz nəql etmək gücünə malikdir. Bu həcmdə böyük ehtiyatlar həmin ölkələrin NABUCCO-nun qaz təminatının həllində mühüm rol oynaya bilər.
Azərbaycanın NABUCCO qaz kəməri layihəsində iştirakına gəlincə, respublikamız bu layihədə iştirakının mümkünlüyünü bəyan edib. Yanacaq nəqli ilə bağlı siyasət həyata keçirərkən çoxvektorlu tranzit sistemlərinə üstünlük verən Azərbaycan çoxşəbəkəli qaz marşrutları içərisində NABUCCO-nu da önəmli hesab edir. NABUCCO da yanacağın  nəqli üçün çoxvektorlu sistemin əsas həlqələrindən biri sayılır.
Amma bu layihə təkcə Azərbaycandan asılı olmadığından digər tədarükçülərin, əsasən də Qazaxıstanın və Türkmənistanın siyasi qərarı daha önəm daşıyır. Yəni, bu ölkələrin iştirakı olmadığı halda, təkcə Azərbaycanın enerji mənbələri hesabına bu kəməri qazla təmin etmək mümkün deyil. Digər tərəfdən, bu layihənin respublikamız üçün əhəmiyyəti iki konteksdən dəyərləndirilə bilər. Azərbaycan əvvəlcə tranzit ölkə kimi geostrateji əhəmiyyəti ilə seçilir. İkinci faktor isə ölkəmizin enerji mənbələri ilə zəngin ölkə olması, xüsusilə də NABUCCO üçün əsas yanacaq mənbəyi olmasıdır. Yeni layihə ölkəmiz üçün siyasi deyil, daha çox kommersiya məsələsidir. Yəni, respublikamız iqtisadi baxımdan daha sərfəli, kommersiya şərtlərinə görə cəlbedici olan kəmərlə qaz ixracına üstünlük verəcək. Təbii ki, NABUCCO-nun tərəfdaşları yanacağın qiymətlərində ölkəmizə sərfəli kommersiya prinsiplərinə əsaslanan tariflər təklif etdiyi təqdirdə Azərbaycan çoxşəbəkəli qaz marşrutları içərisində NABUCCO-nu da önəmli hesab edərək bu marşrutla da qaz ixrac edəcək.
ELBRUS CƏFƏRLİ

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009