Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycandan Yeni Kaledoniyaya növbəti dəstək 

Azərbaycandan Yeni Kaledoniyaya növbəti dəstək 

20.04.2024 [10:55]

Nardar BAYRAMLI 

Kolonializm  bir ölkənin suverenliyinin başqa bir dövlət tərəfindən bu və ya digər formada məhdudlaşdırılması və sərvətlərinin talanmasıdır. XX əsrin əvvəllərindən etibarən dünyada müstəmləkəçilik əleyhinə mübarizə başlayıb. Birinci Dünya müharibəsindən sonra bu hərəkat daha da genişlənib, o cümlədən Asiyada, Şimali Afrikada, Yaxın Şərqdə milli-azadlıq hərəkatı geniş miqyas alıb. Lakin ayrı-ayrı güc mərkəzlərinin səyləri ilə müstəmləkəçiliyə qarşı mübarizə cilovlanıb. Düzdür, ənənəvi müstəmləkəçilikdə müəyyən forma dəyişikliklər edilib, bununla belə, imperialist düşüncəli dövlətlər tərəfindən  mahiyyət saxlanılıb. Hazırda isə “yeni kolonializm” termini meydana çıxıb.

Kolonializm siyasətinin fəsadlarını müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Mənfi nəticələr yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin  ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar.

Fransadan pis nümunə 

Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Qeyd edək ki, Yeni Kaledoniyanın əhalisi də hazırda Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. Qeyd edək ki,  Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Neysselin Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. 

İmzalanmış memorandumun əhəmiyyəti 

Aprelin 18-də Azərbaycanın Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya Konqresinin sədri Rok Vamitanın adından Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselin imzalayıblar. İmzalanma mərasimində Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu sənəd parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir və əməkdaşlığımızın çərçivəsini müəyyənləşdirəcək.

Qeyd edək ki, memorandumda bir sıra vacib məqamlar əks olunub. Sənəddə Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə edilib. Bu məqsədlə iki ölkənin parlamentlərinin komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına kömək göstərilməsi, həmçinin parlament, beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulub.

Sənəddə tərəflər arasında əməkdaşlığı inkişaf etdirmək üçün deputatlardan ibarət müvafiq qrupun yaradılması və bu qrupun fəaliyyətinin hər vasitə ilə təşviqi də əksini tapıb. Bunlarla yanaşı, Azərbaycan ilə Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və reallaşdırılması üçün fəal səylərin göstərilməsi planlaşdırılır. Tərəflər qanunverici orqanların səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsinin aparılması məqsədilə Milli Məclisin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələrin yaradılmasına da razılıq veriblər.

Fransa Yeni Kaledoniya ilə  bağlı öhdəliklərə əməl etmir

Aprelin 18-də Milli Məclisdə “Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş elmi konfrans da keçirilib. Tədbirin moderatoru - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc konfransın mövzusunun əhəmiyyətindən söz açıb. Son illər ölkəmizin müasir müstəmləkəçilik əleyhinə hərəkatın önündə getdiyini təqdirlə vurğulayan komitə sədri Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsindən sonra Fransanın ölkəmizə qarşı aşkar ədalətsiz mövqe tutmasının onun müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən çirkin imperialist siyasətini ifşa etdiyini bildirib. Ölkəmiz əleyhinə kampaniya aparan rəsmi Parisin Cənubi Qafqazda hər bir vəchlə yerləşmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planı onun müstəmləkə siyasətinin mahiyyətindən irəli gəlir. Lakin Prezident İlham Əliyev neoimperial siyasətlərə qarşı əzmlə və qətiyyətlə dayanıb. Bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupu dövlətimizin siyasi iradəsinin nümayişidir.

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naisselin hazırda Yeni Kaledoniya adasını öz müstəmləkəsi kimi idarə edən Fransanın yerli kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından söz açıb, onların azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyi çətinliklərdən bəhs edib. O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır.

Omayra Naisselin Yeni Kaledoniyanın apardığı azadlıq mübarizəsinə verdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. O deyib ki, parlamentlərimiz arasında bağlanan əməkdaşlıq memorandumu Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq.

Yeni Kaledoniya kimi dövlətlərin əsarətdə saxlanması yolverilməzdir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Qarabağ Zəfərinin müasir dünyaya xalqların rifahının və hüquqlarının təmin edilməsinin daha bir nümunəsini göstərdiyini bildirib. Vurğulayıb ki, Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyi, öz imperialist siyasəti ilə Yeni Kaledoniya kimi dövlətləri əsarətdə saxlaması demokratiya prinsiplərinə və insan hüquqlarının aliliyinə ziddir.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov isə Azərbaycanın beynəlxalq arenada dekolonizasiya prosesini təşviq etməsindən, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləməsindən danışıb, ?rupun fəaliyyəti, kolonializmlə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Digər çıxış edənlər Fransanın yeni müstəmləkəçilik siyasəti, xalqları əsarətdə saxlaması, onların təbii sərvətlərini talan etməsi və digər məsələlər barədə fikirlərini bildiriblər.

Yeni Kaledoniya parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi onların ədalət və azadlıq uğrunda apardıqları haqlı mübarizədə göstərdiyi ardıcıl dəstəyə və konfransın ölkəmizdə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Kuklaxana

03 May 11:00

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31