Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 32 il sonra...

32 il sonra...

20.04.2024 [10:20]

Xocalı aeroportu həqiqi sahiblərinə qaytarılır

Sülhməramlılar ən strateji obyektlərdən birini təhvil verir

2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatının müvafiq olaraq 3 və 4-cü bəndlərinə əsasən Azərbaycan ərazilərinə yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyəti yekunlaşmaq üzrədir. Razılaşmaya əsasən nəzərdə tutulan müddət, yəni, 5 il bitməsə də tərəflər arasında bununla bağlı razılıq əldə edilib. Artıq bir sıra ərazilərdə xidmət aparan Rusiya sülhməramlıları geri qayıdır. Yaxın zamanda isə prosesin tam şəkildə yekunlaşacağı gözlənilir. Vurğulayaq ki, Rusiya sülhməramlılarının gedişi ilə daha bir mühüm strateji obyekt - Xocalı aeroportu da Azərbaycanın tam nəzarətinə keçəcək”. Yayılan məlumatda bildirilir ki, Rusiya sülhməramlılarının Qarabağı tərketmə prosesi yekunlaşdıqdan sonra Xocalı aeroportu boşaldılacaq. Qeyd edək ki, Xocalı aerportu bir neçə rayonun ərazisinə yaxın olduğuna görə, xüsusi əhəmiyyətə malikdir. Sözügedən məkanın yükdaşıma üçün də böyük potensialı var. 

Bir qəzanın tarixi...

Xatırladaq ki, Xocalı Hava Limanı Azərbaycanın Xocalı rayonunda, Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşir. 1974-cü ildə istidəyə verilən və 1991-ci ilə kimi “Xankəndi aeroportu” adlandırılan hava limanın əsas funksionallığı Bakı və İrəvandan mülki əhalinin Qarabağa hava yolu ilə uçuşlarını təmin etmək olub. Aeroportun fəaliyyəti 1991-ci ildə Qarabağda müharibənin intensivləşməsi nəticəsində dayandırılıb.

Bu aeroportdan həyata keçirilən uçuşlar tarixində yalnız bir təyyarə qəzası olub ki, ermənilər hələ də o hadisəni azərbaycanlıların ayağına yazırlar. Belə ki, 1990-cı il avqustun 1-də İrəvan-Xankəndi reysi ilə uçan Yak-40 təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak olub. Təyyarənin qalıqları və cəsədlər Laçın rayonunun Fərraş kəndi yaxınlığında aşkar edilib. SSRİ-nin Dövlət Komissiyasının rəsmi versiyasına görə, pilot məhdud görünmə şəraitində təyyarəni düzgün istiqamətləndirə bilməyib. Bu da ermənilərin həmin hadisə ilə bağlı iddialarının mənasız olduğunu deməyə əsas verir.

Həmin dövrdə yalnız ermənilərin çalışdığı aeroport heyəti də paralel araşdırma apararaq, təyyarənin artıq yükgötürmə (Yak-40 təyyarələrinin sərnişin tutumu 20-25 nəfərdir) səbəbiylə qəzaya uğradığını bildirib. İstintaqın gəldiyi qənaətə görə, pilot həqiqətən də rüşvət alaraq, təyyarəyə artıq yük və sərnişin götürüb.

Bu hadisədən sonra, 1990-cı illərin əvvəllərində aeroport Azərbaycan SSR rəhbərliyinin tələbi ilə azərbaycanlılardan ibarət milis dəstəsinin nəzarətinə keçirilib. Bu məsələ o zaman SSRİ daxili işlər naziri Vadim Bakatinlə də  razılaşdırılır. Ardınca aeroportda pasport rejimi sərtləşdirilir. Nəticədə Ermənistandan gələn ermənilər Qarabağa buraxılmadan növbəti 

reyslə yenidən geriyə - Ermənistana yola salınırdı. Aeroportun komendantı vəzifəsini də icra edən Əlif Hacıyevin və Xocalı şəhər milis bölməsinin müdaxilələri nəticəsində Xocalı aeroportundan Ermənistana uçan təyyarə reysləri həftədə 1-2 reysə qədər azaldılır. Bununla yanaşı, iki reysdən ibarət olan Xocalı - Bakı xətti açılır. Beləliklə də Əlif Hacıyevin fəaliyyəti nəticəsində Xocalı aeroportu təmamilə ermənilərin nəzarətindən çıxarılır. 

Xocalı aeroportu ermənilər üçün ən vacib hədəflərdən idi...

1991-ci ilin sonunda 21 nəfərlik dəstə Əlif Hacıyevlə birgə aeroportun qorunmasında iştirak edirdi. 1992-ci ilin fevralında Xocalıya hücum edildiyi zaman ermənilərin ən böyük hədəfi məhz aeroportu tutmaq idi. Çünki bu addım onlara həm Laçını ələ keçirmək üçün şərait yaradacaq, həm də Ermənistanla hava əlaqəsi qurmağa imkan verəcəkdi. Bütün Xocalı qəhrəmanları kimi aeroportu qoruyan məhdud dəstə də sona qədər vuruşdu - amma kəmiyyət fərqi özünü göstərdi və ermənilər Xocalı aeroportunu işğal etdilər. Aeroportun komendantı Əlif Hacıyev isə qəhrəmancasına şəhid oldu. 

Qeyd edək ki, Xocalı aeroportunu Əlif Hacıyevin  26 nəfərdən ibarət milis bölməsi, Aqil Quliyevin 21 nəfərlik könüllülər dəstəsi, 9 nəfər xüsusi təyinatlı milis növbətçisi və Xocalı şəhər milis bölməsinin əməkdaşları müdafiə edirdi. Xankəndindən Xocalıya doğru istiqamətlənən və aeroportun yaxınlığından keçən dəmiryolu hissəsini isə Xocalı   özünümüdafiə batalyonunun döyüşçüləri qoruyurdu.

Ermənilər Xocalı şəhərinin işğalını nə qədər əhəmiyyətli hesab edirdilərsə, aeroportun tutulmasını da bir o qədər mühüm sayırdılar. Ermənilərin aeroporta doğru əməliyyat keçirmələri üçün o qədər də əlverişli şəraitləri yox idi. Aeroport düzəngahda yerləşdiyindən ermənilərin irəliləməsi olduqca çətin idi. Düşmən komandirlərin özləri də Xocalıya hücum zamanı aeroportun mühasirəsi zamanı çətinlik çəkdiklərini etiraf ediblər.

Aeroport işğal edilən zaman düşmənin əlinə keçməməsi üçün oradakı vacib sənədlər yandırılıb.

Qarabağa Xocalı aeroportundan səfər edəcəyik...

İşğaldan sonra qondarma rejim aeroportan istifadə etmək üçün mümkün yolları araşdırmağa başlamışdı. Hətta 2009-2012-ci illərdə əsaslı təmir olunduğu deyilən aeroportun “beynəlxalq” status alması üçün min bir yola əl atılsa da, Azərbaycanın qəti etirazları bunun qarşısını aldı. Hətta Azərbaycan tərəfi aviasiya qaydalarına əsasən, hər dövlətin öz hava sahəsində yaxalanan icazəsiz uçuşların mövcudluğunda həmin uçuşlara qarşı uçan təyyarənin məhv edilməsi kimi tədbir görmək hüququnu belə xatırlatdı. Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan isə bunu cavablandıraraq bildirmişdi ki, İrəvandan Xankəndiyə uçan ilk təyyarənin sərnişini o özü olacaq. Hər zaman olduğu kimi, Sarkisyanın bu arzusu da ürəyində qaldı...

Beləliklə, 2020-ci il Vətən müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanata əsasən Xocalı aeroportuna Rusiya sülhməramlıları yerləşdi. 2023-cü ilin sentyabr ayında baş tutan lokal antiterror tədbirləri zamanı isə bütün ərazilərimiz kimi Xocalı şəhərinin və Xocalı aeroportunun üzərindəki suverenliyimiz də bərpa olundu. Qeyd edək ki, 1992-ci ildə XX əsrin ən qanlı teraktlarından biri məhz Xocalıda törədilmişdi- 613 nəfər günahsız insan vəhşicəsinə qətlə yetirilmişdi. Azərbaycan isə 2023-cü il lokal antiterror tədbirlərindən sonrakı mərhələdə Azərbaycan torpaqlarını könüllü şəkildə tərk etmək istəyən erməni sakinlərin təhlükəsiz göndərilməsi ilə bağlı bütün tədbirləri ən yüksək səviyyədə həyata keçirdi. Həmin regionda yaşayan ermənilərin bir qismi isə məhz Xocalı aeroportundan yola salındı...

Bildirildiyi kimi, hava limanı 2020-ci ilə qədər BHNA və BMAT tərəfindən verilən xüsusi kodlara malik olmayıb. 2020-ci ildə Azərbaycanın Dövlət Mülki Aviasiya Agentliyinin Azərbaycan Respublikasının Xankəndi də daxil olmaqla altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciəti müsbət cavablandırıldı. 

Bəli, Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində Xocalı aeroportu yenidən öz həqiqi sahiblərinə qaytarılır. İnanırıq ki, Füzuli, Zəngilan, Laçın hava limanları kimi yaxın gələcəkdə cənnətə çevriləcək Qarabağa da məhz Xocalı aeroportu vasitəsilə səfər etmək xəyalımız da gerçək olacaq...

P.SADAYOĞLU 

Paylaş:
Baxılıb: 241 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30