Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ekranlarımızın “qayınana”sı...

Ekranlarımızın “qayınana”sı...

20.04.2024 [11:50]

Nəsibə Zeynalovanın doğum günüdür

Onu ekranlarda gördüyümüz andan etibarən üzümüzdə istər-istəməz bir təbəssüm yaranır. Hər birimizin yaddaşında Azərbaycan teatr və kino səhnəsində xüsusi istedadı, əvəzsiz obrazları ilə yadda qalıb. Oynadığı epizodik rolu belə tamaşaçıda böyük sənətkara sevgi yaradan bir vasitə idi. Söhbət Xalq artisti Nəsibə Zeynalovadan gedir. İstedadlı aktrisanın yaratdığı bütün obrazlar təkrarolunmazdır. Bu böyük sənətkarın oynadığı rolu hər kimsə yenidən oynamağa çalışsa belə əvvəlki effekti verməyəcək, üzlərdə əvvəlki təbəssümü yaranmayacaq... Xüsusən də “Qayınana” filmindəki Cənnət xala orazı Nəsibə xanımın kino fəaliyyətindəki ən cəlbedici rolu hesab olunur. Bu gerçəyi bütün aktrisalar bildiyi üçün, heç vaxt Nəsibə xanımın yaratdığı, öz imzasını qoyduğu obrazı yenidən canlandırmağa cəhd belə etməyiblər.

Bu gün N.Zeynalovanın anadan olmasından 108 il ötür. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğurulmuş aktrisa orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi işə götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir. Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Onun uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

Görkəmli aktrisamızın bədii filmlərdə yaratdığı bir sıra obraz “Azərbaycanfilm” kinostudiyasının qızıl fonduna daxil edilib. Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat isə tamaşaçı sevinci, tamaşaçı alqışı və tamaşaçı sevgisi idi. Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30